Almaniya kansleri Angela Merkel deyib ki, müsəlman qadınların vücudunu tam örtən burqa “hüququn buna imkan verdiyi bütün yerlərdə qadağan edilməlidir”.
AzadlıqRadiosunun yaydığı məlumata görə, özünün Xristian Demokrat İttifaqı (CDU) partiyasının qurultayında xanım Merkel məktəblərdə, məhkəmələrdə və başqa dövlət binalarında burqanın qadağanını dəstəklədiyini bəyan edib.
Burqanın tam qadağanı Almaniya konstitusiyasına zidd ola bilər.
Təhlilçilər deyirlər ki, Angela Merkel təkrar olaraq CDU-nun lideri seçilib, lakin gələn il keçiriləcək seçkidə onu ifrat sağçı və antimiqrant AfD partiyasından güclü rəqabət gözləyir.
Merkel ölkəyə bir milyonadək qaçqının gəlməsinə icazə verdikdən sonra rəy sorğularında populyarlığını xeyli itirib. Buna baxmayaraq 2005-ci ildən bəri Almaniyaya rəhbərlik edən mərkəz-sağçı kansler ictimaiyyət arasında hələ də geniş dəstəyə malikdir.
Müxbirlər bildirirlər ki, CDU-nun Essen şəhərində keçirilən qurultayında xanım Merkelin burqa qadağanı bəyanatını gurultulu və sürəkli alqışlarla qarşılayıblar.
Politoloqlar deyirlər ki, Almaniya konstitusiyası burqanın tam qadağanına çətin imkan yaratsa da, xanım Merkel bu mühafizəkar geyim formasını xoşlamadığını açıq bildirib.
Almaniyada üzlərini bağlayan müsəlmanların sayı bir elə də çox deyil, lakin kanslerin bəyanatı daha çox simvolik xarakter daşıyır.
Populist və ifrat sağçı partiyalardan şiddətli rəqabətlə üzləşən Merkel miqrantlarla bağlı mövqeyini sərtləşdirməkdə davam edir. Məsələn indi cinayət törətmiş qaçqınların ölkədən deportasiyası proseduru xeyli sadələşdirilib.
“Alman mədəniyyətində qadının üzünü tam örtməsi qeyri-məqbuldur və üzü örtən rübənd hüququn imkan verdiyi bütün yerlərdə qadağan edilməlidir” – deyib kansler.