Angela Merkelin sözlərinə görə Almaniya qanunlarına tabe olmaq istəməyənlərə “birmənalı siqnal” göndərilməlidir.
Kölndə qadınlara hücumlardan sonra Almaniya cinayətlərə görə məhkum edilmiş şəxslərin deportasiya məsələsinə yenidən baxmalıdır, Almaniya kansleri bildirib.
Yeni il gecəsi Köln şəhərində qadınlara hücum edən kişilərin zahirən Şimali Afrika və ərəb mənşəli şəxslərə bənzədiyi xəbər verilib.
“Almaniya belə iyrənc cinayətlərə dözməyəcək,” – Angela Merkel bildirib.
“Şəxsən mənim üçün bu yolverilməzdir”.
Almaniya polisi hücumlarla bağlı 16 şübhəlinin şəxsiyyətini müəyyən edib, lakin həbslər həyata keçirməyib.
Bundan əvvəl, Almaniyanın ədliyyə naziri deyib ki, qaçqın statusu üçün müraciət etmiş və hücumlara aidiyyatı olan şəxslər deportasiya ediləcək.
Kölndə gənc, sərxoş və aqressiv kişilər tərəfindən törədilən hücumların miqyası bir çox almaniyalını şoka salıb və ölkəyə miqrant axını ətrafında mübahisələri yenidən ön plana çəkib.
Bir neçə gün əvvəl Almaniyanın Köln şəhərində yüzlərlə adam Yeni il axşamı baş verən oğurluq və qadınlara qarşı bir qrup kişinin cinsi zəmində hücumları ilə bağlı etiraz aksiyasına qatılıb.