“Qoy, incikliklərim mənimlə birlikdə əbədiyyətə qovuşsun”
Sevgi keçicidir. Onun daimi edəcək sirri axtarmaq fəlsəfə daşı və ya panaseyanın axtarışı qədər mənasızdır. Həm də belə bir sirrin tapılması insanlığa fayda verməz və hətta ölümcül bir şey olar. Cəmiyyət üçün ən müqəddəs münasibət dostluqdur.
Meri Uollstonkraft
Yazıçı, filosof, feminizm fəlsəfəsinin yaradıcılarından biri, təhsilin qadınlar üçün əlçatanlığı ideyasının yorulmaz təbliğatçısı, bu məsələdəki öncüllüyü ilə Maraarifçilik dövrünün bir çox kişi mütəfəkkirindən fərqlənən Uollstonkraft sonrakı illərdə bitmiş bir sevgiyə görə ard-arda iki dəfə intihara cəhd edəcəkdi…
****
Meri 1759-cu ildə Londonda anadan olmuşdu, Elizabet Dikson və Edvard Uollstonkraftın 7 övladından ikincisiydi. İlk dövrlərdə maddi gəliri yüksək olan ailə Edvardın uğursuz biznes layihələri ucbatından müflisləşir, hətta atası Merinin yetkinlik yaşında almalı olduğu vərəsəlik payını da xərcləyib qurtarır. Üstəlik, qəddar və içki düşkünü olan bu adam tez-tez arvadını döyür. Hələ yeniyetmə yaşlarından Meri anasını müdafiə etməyə başlayır, onu qorumaq üşün yataq otağının qapısında yatır.
Ata evində yaşadığı dövrdə Meri bacıları Everina və Elizabetə də himayədarlıq edir, ancaq bu, birincisi üçün acı sonluqla nəticələnir – doğuş sonrası depressiyaya mübtəla olan Everina onun məsləhətiylə ərini və uşağını ataraq evdən gedir, sonradan ailə qura bilmir və ağır işlərdə işləyərək yoxsul həyat sürmək məcburiyyətində qalır.
Ata evindəki həyatından narazı olan Meri Sara Douns adlı dul qadının evində işə düzəlir (1778), ancaq Dounsun ağır xasiyyəti ucbatından orda da problemlərlə üzləşir (9 il sonra qələmə aldığı “Qız uşaqlarının təhsili haqqında düşüncələr” əsərində Meri bu işin çətinliklərindən də bəhs edəcəkdi). İki il sonra xəstə anasına baxmaq üçün evə qayıtsa da, o öləndən sonra yenidən ata ocağını tərk edib bacıları və rəfiqəsi Fanni Bladla birlikdə məktəb açır. Ancaq bu iş yarımçıq qalır, çünki bir müddət sonra ərə gedib Lissabona köçən və tezliklə hamilə qalan Fanninin səhhəti pisləşdiyi üçün Meri onun yanına yollanır (1875) və bu məktəbin bağlanmasına gətirib çıxarır. Bütün səylərə rəğmən Fannini xilas etmək mümkün olmur (Rəfiqəsinin ölümündən sarsılan Meriyə ilk romanı “Mariya: uydurma” əsərini yazdıran (1878) səbəblərdən biri də bu olub).
Fanninin vəfatından sonra Meri dostlarının yardımıyla bir ailədə mürəbbiyəliyə başlayır. Evin xanımıyla münasibətləri yaxşı olmasa da, qızlar onu çox bəyənirlər (Həmin dövrə aid təcrübələrini Meri “Real həyatdan orijinal hadisələr” adlı uşaq kitabında (1788) qələmə alacaqdı).
****
Savadlı, amma yoxsul qadınların peşə seçimindəki məhdudiyyətlər Meri Uollstonkraftı yazıçı olmaq kimi radikal bir qərara sövq edir – o dövrdə bu işlə məşğul olub özünü saxlaya bilən qadınlar çox azıydı.
O, Londona gəlib liberal naşir Cozef Consonun “Analitik icmal” jurnalında işə düzəlir və romanlara resenziyalar yazmağa başlayır. Həm oxuduğu əsərlər, həm də yeni tanışlıqlar (məsələn, radikal pamfletçi Tomas Peynlə, anarxist hərəkatın yaradıcılarından biri, filosof Uilyam Qodvinlə və s.) onun dünya görüşünü genişləndirir.
Həmin dövrdə rəssam Henri Fuseliylə də görüşən, “onun dühasına, ruhunun əzəmətinə və dərhal anlamaq qabiliyyətinə” heyran olan Meri rəssama platonik sevgisini onun özünə və arvadına etiraf edir. İkincisinin bu fakta, yumşaq desək, mənfi münasibəti Fuselini Meriylə əlaqəsini kəsməyə məcbur edir.
Bundan sarsılan gənc qadın Fransaya yola düşür. Az əvvəl orda inqilab baş vermişdi və özünün “Kişi haqlarının əsaslandırılması” əsərində (1790) Meri bu haqda böyük ruh yüksəkliyilə yazmışdı. Kraliça Mariya Antuanettanı qədim rejimin zərafət simvolu deyə mədh edən, ona qarşı çıxanlarısa “ən axmaq qadınlar” hesab edən Britaniya parlamentinin üzvü, filosof Edmund Börk bir qədər “Fransa inqilabı haqqında düşüncələr” kitabını dərc etdirmişdi, Merini bir günün içində məşhurlaşdıran əsəri məhz bu kitaba cavabıydı. Uollonstonkraft Fransa inqilabını “indiyə qədər dünyaya vəzilət və xoşbəxtlik qazandırmış bütün şanslardan ən möhtəşəmi” adlandırmışdı: “Yəqin ki, siz tərəvəz və balıq satmaqla pul qazanan , təhsil almaq imkanı olmayan qadınları nəzərdə tutursuz. Zaman göstərə bilər ki, o qaranlıq kütlə insan ürəyi və qanunvericilik haqqında rütbə israfçılarından daha çox şey bilib”.
Bu əsərinə görə Meri Uollstonkraftı teoloq Cozef Pristli və Tomas Peyn kimi məşhur mütəfəkkirlərlə müqayisə etməyə başlayırlar. İki il sonra yazdığı “Qadın haqlarının əsaslandırılması” əsəri isə ona daha geniş şöhrət qazandırır (Həmin il Londona səfər edən məşhur Fransa siyasətçisi, sonrakı illərdə bu ölkənin ilk baş naziri olacaq Şarl Moris de Taleyran-Periqor Meriylə də görüşüb. Həmin görüşdə o, Taleyrandan xahiş edib ki, yeni rejimin oğlan uşaqlarına təmin etdiyi təhsil hüququnu qızlara da şamil etsinlər).
Bu əsərində Meri qadınların təhsil almasının son dərəcə vacib olduğunu vurğulayır – “çünki onlar uşaq tərbiyə edirlər və təhsil alsalar, ərlərinə təkcə arvad yox, həm də həyat yoldaşı ola bilərlər”.
Uollstonkraft iddia edir ki, mövcud təhsil sistemi qadınların bacarıqsız və qeyri-ciddi fərdlər olmasına xidmət edir, halbuki oğlanlar üçün nəzərdə tutulan təhsil hüququ qızlara da tanınsa, onlar sadəcə yaxşı ana və həyat yoldaşı yox, həm də ən müxtəlif peşələrdə bacarıqlı mütəxəssislər ola bilərlər (Yeri gəlmişkən, Merini digər feminist müəlliflərdən fərqləndirən məhz bu cəhətidir – təhsil sistemində radikal islahatlar təklif etməsi).
Az sonra – 1792-ci ilin dekabr ayında, Britaniya və Fransa müharibənin bir addımlığında olan ərəfədə Meri Parisə gedir. Orda yazıçı Helena Mariya Uilyamsla və digər həmyerliləriylə əlaqə yaradan gənc qadın inqilabdan sonra başlamış qanlı terrorlara etiraz edən jirondistlərlə yaxınlaşır.
Ayın 26-da Milli Assambleyada keçmiş kral XVI Lüdovikin sorğuya çəkilməsi prosesi Uollstonkraftı sarsıdır: “Gözlədiyimin əksinə olaraq prosesdə özünü ləyaqətlə aparan Luini görəndə qeyri-ixtiyari gözlərimdən yaş axmağa başladı”.
****
Fransa Britaniyaya müharibə elan edəndə (fevral, 1973) Meri İsveçrəyə getmək istəyir, ancaq rəsmi dairələr buna icazə vermirlər. Yakobinçilərin üstünlük təşkil etdiyi İctimai Təhlükəsizlik Komitəsi yaradılandan dərhal sonra bərqərar olan totalitar rejim Fransadakı bütün əcnəbilərin ölkədən çıxışına qadağa qoyur. Baş verənlərdən müəyyən dərəcədə məyus olan gənc qadın hakim zümrənin respublika quruluşunda da “satqın” və “qəddar” olduğunu, insanlarınsa yenə hakimiyyətin qulu kimi davrandığını yazır. Yakobinçilərin qadınlara kişilərlə eyni hüquqları verməmələri və keçmiş kraliça Mariya Antuanettaya həm də insent xarakterli intim münasibətlər ittihamıyla nifrət qazandırmaları onu narahat edir.
Parisdə Uollstonkraft qadın azadlığıyla bağlı düşüncələrini öz həyatına tətbiq edir – həmin günlərdə rastlaşdığı və dərhal da aşiq olduğu amerikalı avantürist Gilbert İmleylə nikahsız yaşamağa başlayır.
Jirondist dostlarının edam olunması (31 oktyabr 1793) xəbərini Meri məhz İmleydən eşidir və qorxudan huşunu itirir, çünki şübhəlilər siyahısında onun da adı vardı. Sevgilisini gilyotindən xilas etmək üçün İlmey ABŞ-ın Parisdəki səfirliyinə Uollstonkraftla nikahda olması barədə saxta arayış təqdim edir (Çünki bu, Merini avtomatik olaraq ABŞ vətəndaşına çevirirdi).
Gündüzlər hamıdan küçələrdəki aksiyalara qoşulub coşğu və sevinc nümayiş etdirməyi tələb edən, gecələrsə “respublika düşmənlərini” həbs etmək üçün polis reydləri təşkil edən rejimi Meri “kabus” olaraq qiymətləndirsə də, bacısı Everinaya məktubunda Fransada olmasına sevindiyini yazır: “Yoxsa tarixdə ilk dəfə baş verən bu ən qeyri-adi hadisə barədə öz fikrim olmayacaqdı” (mart, 1794).
****
1794-cü ilin aprel ayında Merinin qızı dünyaya gəlir, gənc qadın mərhum rəfiqəsinin şərəfinə körpənin adını Fanni qoyur. Ancaq nə inqilab tufanının gücləndiyi yad ölkədə yaşaması, nə də uşaq doğması onun yaradıcılıq həvəsini azaldır. Uollstonkraft “Fransa inqilabına tarixi və əxlaqi baxış” adlı əsərini məhz o aylarda yazır və artıq dekabr ayında bu kitab Londonda dərc olunur (Britaniyalı tarixçi Tom Furniss onu Merinin ən çox unudulmuş əsəri hesab edir).
Fransa inqilabına “fransızların dəli olması” kimi baxan britaniyalılardan fərqli olaraq Meri müxtəlif sənədlər, məktublar və qəzet materiallarına istinadən yazdığı kitabında qeyd edir ki, baş verənlər ölkədəki sosial, iqtisadi və siyasi şərtlərdən qaynaqlanıb, böhrandan çıxış üçün inqilabdan başqa yol qalmayıb.
Kraliyyət ailəsini Versal sarayından çıxmağa məcbur edənləri “uşaqları çörəyə möhtac evdar qadınlar” kimi xarakterizə və müdafiə edən Uollstonkraft kraliçanın intirqaçı və təhlükəli biri olduğunu yazaraq qadınların cəmiyyətidəki rolu məsələsinə bu kitabında da xüsusi yer ayırır, yazır ki, monarxiya quruluşundakı aristokratik dəyərlər kraliçaları sülalənin davamı üçün oğlan doğmağa mükəlləf edərək onların dəyərini uşaq yetişdirən qarın səviyyəsinə endirir; kral ərlərindən və ya oğullarından asılı olmaları zamanla kraliçaları manipulyasiya ustasına çevirir, qəddarlaşdırır və pozur.
Merinin yazıçı olmasından da, analığından da narazı olan İmley tezliklə qayıdacağını vəd edərək Merini tərk edir. Vaxt uzandıqca sevgilisinin birdəfəlik getdiyini anlayan gənc qadın ona uzun məktublar yazır. Sonrakı illərdə tənqidçilər bu məktublara əsasən Merinin depressiv xarakterli biri olduğunu iddia edəcəkdilər. Amma bunu da deyən tapılacaqdı ki, inqilabın tən ortasında qalmış, dostlarını itirmiş əliuşaqlı qadın şən-şaqraq məktublar yaza bilməzdi.
****
1794-95-ci illərin qışı (son yüzillikdə Avropanın ən sərt qışı) Parisdə aclığa və soyuqdan donmalara səbəb olur, amma nə bu, nə də sevgilisinin yalvarış dolu məktubları İmleyin ürəyini yumşalda bilir. Onu tapmaq ümidilə 1795-ci ilin aprel ayında Meri Londona qayıdır, uşağının qanundankənar doğulduğunu gizlətmək üçün orda hamıya, hətta bacılarına da soyadının artıq missis İmley olduğunu deyir.
May ayında onlar görüşürlər, İmley yenə Merinin birgə yaşamaq təklifini rədd edir. Ciddi sarsıntı keçirən qadın ölmək üçün dərman içir, ancaq İmley müdaxilə edərək buna mane olur.
Uollstonkraft sevgilisini qaytarmaq üçün daha bir cəhd edir – onun Skandinaviyadakı biznes itkilərini bərpa etmək məqsədilə kiçik qızı və xidmətçisiylə birlikdə səfərə çıxır, olduğu ölkələrdə başına gələnlər barədə İmleyə məktublar yazır (1796-cı ildə onların çoxu “İsveç, Norveç və Danimarkada yazılmış məktublar” adı altında dərc olunur). Ancaq Meri Britaniyaya qayıdandan sonra da İmley onunla münasibətlərini bərpa etmir. Gənc qadın vida məktubu yazaraq ikinci dəfə intihara cəhd edir: “Qoy, incikliklərim mənimlə birlikdə əbədiyyətə qovuşsun. Tezliklə, çox tezliklə mən sakitləşəcəm. Özümü Temzaya atacam, orda məni ölümün əlindən almaq şansı azdır. Salamat qal! Mənə çəkdirdiklərini heç vaxt yaşamamağı arzu edirəm”.
Uollstonkraft çayın sahilinə gedən gün yağış yağır, paltarları ağırlaşıb onu dibə daha tez aparsın deyə yarım saata yaxın sahildə gəzişir, sonra özünü çaya atır. Ancaq bu dəfə də planı baş tutmur – körpüdən atılmasını görən bir şəxs onu xilas edir.
“İndi – ölümün kölgəsi çəkiləndən sonra mənə qalan tək şey insafsızcasına həyata və onun əzablarına qaytarılmağıma təəssüflənməkdir. Ancaq məyusluq qətiyyətli niyyəti kölgələməməlidir. Mən şüurun ən sakit halında verilmiş qərarın ağılsız bir cəhd kimi görünməsinə imkan verməyəcəm. Bu məsələdə mən ancaq öz qarşımda məsuliyyət daşıyıram”.
****
Bir müddət sonra Meri yardıcılıq fəaliyyətini bərpa edir, əvvəlki tanışlarıyla təkrar görüşməyə başlayır və Uilyam Qodvinlə yolları yenidən kəsişir. Əvvəlkindən fərqli olaraq bu dəfə onların fikirləri toqquşmur, əksinə, bir müddət sonra münasibətləri qızğın eşqə çevrilir. Daha əvvəl Godvin Uollstonkraftın Skandinavitya məktublarını oxuyub çox bəyənmiş və yazmışdı ki, “Nə vaxtsa insanı öz müəllifinə aşiq etmək üçün bir kitab yazılıbsa, bu, məhz o kitabdır. O öz dərdləri haqqında elə gözəl yazır ki, bizi kədərə və zərafətə qərq edir, eyni zamanda bizdə heyranlıq doğuran düha nümayiş etdirir”.
Hər ikisi rəsmiyyətə qarşı olan sevgililər Meri hamilə qalandan sonra münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. Bu zaman Uolstonkraftın İmleylə nikahda olmadığı üzə çıxır, buna görə dostlarından çoxu onlardan üz döndərir (Nikaha qarşı olduğunu “Siyası ədalət” əsərində də davam etdirən Godvin sonralar da tənqidlərə məruz qalır).
“Şəxsi müstəqilliklərini qorumaq üçün” Meri və Uilyam evlənəndən sonra da ayrı-ayrı evlərdə qalmaqda davam edirlər. Yaxınlarının dediyinə görə, bir-biriylə daha çox məktub vasitəsilə əlaqə saxlayan bu iki şəxsin münasibəti çox “stabil və xoşbəxt” olub.
1797-ci ilin yayında Uollstonkraftın ikinci qızı dünyaya gəlir. Doğuş normal keçsə də, bir neçə gündən sonra Merinin vəziyyəti ağırlaşır və o, doğuşsonrası sepsisdən vəfat edir. Bu qəfil itkidən sarsılan Qodvin dostu Tomas Holkrofta yazdığı məktubda ağrısını belə ifadə edir: “Mən qəti əminəm ki, yer üzərində ona tay olacaq adam yoxdur. Biz bir-birimizi xoşbəxt etmək üçün yaranmışdıq. İndidən sonra bir də xoşbəxt olacağıma heç bir inamım yoxdur”.
38 yaşında həyatdan köçən yazıçını Müqəddəs Pankars kilsəsinin həyətində dəfn edirlər (1851-ci ildə nəvəsi Persi Florens onun qəbrini Müqəddəs Pyotr kilsəsindəki (Bormunt) ailə məzarlığına köçürür). Merinin qəbir daşına bu sözlər həkk olunur: “Meri Uollstonkraft Qodvin, “Qadın haqlarının əsaslandırılması” kitabının müəllifi”.
1798-ci ilin yanvar ayında Qodvin “Qadın haqlarının əsaslandırılması” müəllifinin memuarları”nı dərc etdirir. Kitabda Uilyam Meri haqqında sevgi, mərhəmət və böyük səmimiyyətlə yazmış olsa da, oxucular gənc qadının intim əlaqələri, qanundankənar övladı və intihar cəhdləri barədə oxuyub şoka düşürlər. Uollstonun yazıçı və filosof imici darmadağın olur; patriarxal cəmiyyət çox uzun müddət – az qala iki əsr onun əsərlərini “unudur”.
Halbuki Meri Uollstonkraft 21-ci əsrə qədər gəlib çıxmış problemlərdən – cinsi ayrı-seçkilikdən, qadın haqlarından və təhsil islahatlarından hələ iki əsr əvvəl yazmış, çıxış yolları təklif etmişdi…