Əziz Kərimzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir
Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini deyib. Proses sentyabrın 28-də davam edəcək.
İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.