Məhkəmədə şahidlə vəkil arasında mübahisə yaranıb
2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş, 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Rəfael Cəbrayılovla bağlı cinayət işində onun qardaşı Elşən Cəbrayılovun da adı hallanır. Mərhum deputatın pul aldığı iddia olunan zərərçəkmişlərin bir neçəsi pulu Elşən Cəbrayılova verdiyini bildirir, onun cəzalandırılmasını tələb edir. Rəfael Cəbrayılovun ölümündən sonra onun məhkəməsində hüquqi varisi qismində tanınan, həyat yoldaşına ölümündən sonra da olsa, bəraət verilməsini tələb edən Aidə Cəbrayılova da qaynını ittiham edir. O, hətta qaynı Elşən Cəbrayılovun məsuliyyətə cəlb olunması üçün məhkəmədə vəsatət də qaldırmışdı.
Rəfael Cəbrayılov haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə baxılır. Fevralın 24-də məhkəmədə Elşən Cəbrayılov şahid qismində tanınıb. O, ünvanına səslənən ittihamları rədd edərək, 2017-ci ildən qardaşıyla münasibətlərinin kəskin pisləşdiyini, hətta aralarında yazılı akt bağlandığını bildirib.
O, “Dərhal” MMC-dən mənzil, qeyri-yaşayış sahəsi almaq üçün pul verdiyini, lakin nə əmlak aldığını, nə də pulun geri qaytarıldığını iddia edən zərərçəkmişlərlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, şirkətin rəsmi rəhbəri o olsa da, idarəçilik qardaşında idi:
“Mən şirkətin rəsmi rəhbəri olsam da, qərarları Rəfael Cəbrayılov verirdi. Böyük qardaşımız, ata əvəzi idi. Rafael Cəbrayılov sələm işinə qurşandı. Nə qədər adamdan sələmlə pul götürmüşdü, ortada da heç nə yox idi. Pullar yavaş-yavaş yoxa çıxmağa başladı. Həyat yoldaşından soruşdum, dedi ki, evə də gətirməyib. 15 illik zəhmətimiz heç oldu. Əlimizdə qalan axırıncı obyekti də ona verdim. Çox vaxt səhv qərarlar verirdi. Münasibətlərimiz o həddə pisləşdi ki, 2017-ci ildə onunla akt bağladıq. Bundan sonra pul istəməyəcəyi, şər atmayacağı və başqa tələbləri olmayacağı haqda akt idi. Buna məcbur olduq”.
Vəkil Kamandar Nəsibov ondan soruşub ki, əgər doğrudan da hər iki tərəfin imzaladığı belə bir akt əvvəldən vardısa, o zaman niyə istintaq getdiyi dövrdə bu sənədi təqdim eləməmişdi? Elşən Cəbrayılov bildirib ki, bu haqda düşünməyib. Vəkil sözügedən sənədin həqiqiliyinə şübhə etdiyini bildirib. Onun sözlərinə görə, akta mərhum deputatın adından saxta imza atılması istisna olunmur. Ona görə də vəsatət qaldırıb ki, akt ekspertizadan keçirilsin.
“Siz burada yalan danışırsınız. Mənim nümayəndəsi olduğum Sülhiyyə Məmmədovadan pulu şəxsən siz almısınız. Fakt budur ki, Zərərçəkmişlərin pulu qaytarılmayıb. Bu cür davranışınızla siz qardaşınızı söydürürsünüz”, – vəkil bildirib.
Bundan sonra vəkillə Elşən Cəbrayılov arasında kəskin mübahisə yaranıb: “Ağzının danışığını bil, sən kimsən mənə deyirsən ki, qardaşını söydürürsən? Yalanı sən danışırsan. Mən Sülhiyyə Məmmədovanı görməmişəm”.
Hakim tərəfləri sakitləşdirib.
Məhkəmədə Anar Şıxəliyev və Fikrət Məmmədov da dindirilib. Anar Şıxəliyev bildirib ki, 2 hektar torpaq sahəsi almaq üçün mərhum Rəfael Cəbrayılovla 390 minlik alqı-satqı müqaviləsi bağlayıb. Sonradan həmin əmlakı özəlləşdirməkdən ötrü də əlavə pullar verib. Ümumilikdə 580 min manat ziyana düşdüyünü deyən Anar Şıxəliyevin sözlərinə görə, bunun 240 min manatını Rəfael Cəbrayılova verib: “Qalan pulu notariusa vermişəm. Dərd burasındadır ki, o alqı-satqı müqaviləsi də yarımçıqdır”.
Məhkəmə prosesi martın 10-da davam edəcək.
2021-ci ilin aprelində həbs olunan Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.
2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.
Rəfael Cəbrayılov 2021-ci ilin sentyabrında həbsdə olarkən koronavirusa yoluxub və “Yeni Klinika”ya yerləşdirilsə də, orada vəfat edib.