Mərhəmətin axırı

Səsli kitab oxumaq istəyən qızın acı tarixçəsi

Source:

Bir qız dostum hər gün təhsil aldığı kollecdən çıxandan sonra Respublika Gözdən Əlillər kitabxanasına könüllü kimi çalışmağa gedirdi. Orda o  gözdən əlilliyi olan insanlar üçün xüsusi olaraq hazırlanan səsli kitablar sahəsində işləyirdi. İşi kitabları oxumaqdan ibarət idi. Onun səsi görmə məhdudiyyəti olan insanların kitabları dinləməsi üçün lentə alınırdı . Dostum bunun müqabilində heç bir məvacib almırdı və özünün dediyi kimi cəmiyyətə və xüsusi olaraq əlilliyi olan insanlara fayda vermək istəyirdi.

Amma oranın gözdən əlilliyi olan müdir müavini qızdan başqa cür “faydalanmaq” istədi. Dostum ora bu qış (2015-ci il) dərsdən çıxandan sonra gedirdi. Qış fəslində havalar tez qaralır və saat 17.20-da ora varanda, artıq orda müdir müavinindən savayı heç kim olmurdu. Müdir müavini 40-a yaxın yaşının olmasına baxmayaraq, 18 yaşlı qızın fədəkarlığından sui-istifadə edərək, ona “girişməyə” başlayır. Orda olduğu müddətdə gəlib, qızı arxadan qucaqlayır, əlləyir və saçlarını sığallamağa cəhd edirdi.

Qız isə sadəcə ondan uzaq durmağa çalışır və sırf o adamın gözləri görmədiyi üçün onun hərəkətlərinə sərt təpki vermirdi. Qız nə qədər nəzakətli şəkildə başa salmaq istəsə də, vəcdə gəmiş müdir müavini öz çirkin əməlindən vaz keçmirdi. Beləliklə, kiçik müddət orda çalışdıqdan sonra baş verənlərə dözməyrək, oradan uzaqlaşdı. Qız bu gün də deyir ki, bilmirəm necə edim ki, əlilliyi olan insanlar üçün xeyirim dəysin?! Mən əminəm ki, o qızın maddi durumu yaxşı olsaydı və ya fiziki gücü kişilərdəki kimi olsaydı, o bu yöndə özünü tam səfərbər edərdi.

Baxın, bir kişi öz nəfsinə, iyrənc arzusuna görə nə qədər zərərli olur. Onun qadın üçün alışıb-yanması həm fərdi, həm də ictimai şəkildə mənəvi yanğına səbəb olur. Bir xanımın gözündə kişilərə qarşı böyük ehtiyat duyğusu yaranır və onun güvən hissi zədələnir. Bu psixoloji məqam kənardan xırda detal kimi görünsə də, gələcək üçün nəticələri xoşa gələn deyil.

Tanıdığım xanımlarla söhbət edərkən, kişilərimizin nə qədər şorgöz olduğunu qeyd ediblər. O şeyləri azərbaycanlı kişisi kimi xanımlarımızın dilindən duymaq mənə olduqca pis təsir edir. Və nəticədə hətta o cür əclaflıqdan uzaq minlərcə kişinin nüfuzu heç olur. Xanımların gözündə xoşagəlməz obraz qazanırıq. Başqalarının pis əməllərinə görə bizə də güvənmirlər.

Qətiyyəti və aktivliyi ictimai məsələlərdə və vətəndaş mövqeyini sərgiləməkdə qorxan kişilər içlərinə yığılan enerji BUM-unu ancaq intim sahəyə yönəldirlər. İntim həyatları da fərli olsa, dərd yarı. Bəli, onlar nə qadının ruh dilini bilirlər, nə də bədən dilini. Hətta öz qadınlarını da qane edə bilmirlər. Yataqda belə öz qadınlarıyla rahat, mehriban ola bilmirlər. Nə nəvaziş, nə öpüş?! Elələri var, qadınların orqazma çatmaq hissinin olmasından xəbərsizdir.

Bu yaxında Günel Mövlud facebook-da öz rəsmi səhifəsində belə bir şey yazmışdı: “Küçədə qızla tanış olmaq istəyənə “manyak” deyirik, inboxa yazana “yanıq” deyirik. Bəs bu yazıq oğlanlar harda tanış olmalıdır qızlarnan?” Günel xanımla tam razıyam. Amma başqa məsələ var. Əgər xanımla mədəni formada tanış olmaq istərkən, xanım səni aşağılayırsa, onda nə etməli?

Yadıma gəlir, universitetin birinci kursunda oxuyurdum. Şəhərin mərkəzində dolaşarkən ayrı-ayrı günlərdə, bir neçə dəfə bir qəşəng qız görmüşdüm və hər dəfəsində bir-birimizə baxıb-gülümsəmişdik. Qız baxışları ilə yeyib-tökürdü məni. Parıldayan gözləri məni maqnit kimi özünə çəkirdi. Axırıncı dəfə qızı görəndə qərara gəldim ki, qıza yaxınlaşım. Cəsarətimi topladım və qızın yanına yanaşıb, salam verdim. Qız heç salamımı da almamış, üzündə əsəbi ifadə yaradaraq, “nə var. əə? Nə istəyirsən”? deyərək, üzümə bozardı.

Qızın o cür reaksiyasından şoka düşdüm. Bir neçə saniyə özümə gələ bilmədim. Hadisənin şokunda ola-ola mən də ədəbsizlik edib, ona sərt şəkildə, adekvat cavab verdim. Onun donquldayıb, suala nə cavab verdiyi yadımda qalmayıb. Səbrimi saxlaya bilməyib, kobudluq etdiyim  üçün indi həmin cavabımı düzgün hesab etmirəm. Hər halda, gərək mən səbrli olardım. Nə isə, ondan sonra özümə söz verdim ki, bir də o cür qıza yaxınlaşıb, tanışlığa cəhd etməyim! Mən də qızın o cür hərəkətindən belə travma almışam.

Yenə də bu cür durumların baş verməsində əsas baiskar bizim tipik kişilərdir. Faktiki olaraq ölkəmizdə total olaraq idarə etmə kişilərin əlindədir. Azərbaycan kişisi bəzi millətlərə baxanda qadınları idarə etmə baxımından daha “peşəkardır”. İllər boyu, elə bu gündə qızların təhsil almasının və bilgilənməsinin qarşısını almağa çalışır. Təhsilsiz insanı idarə etmək asandır. Həmin qızların hadisələrə real yanaşması, dərk etmə səviyyəsi aşağı olduğundan çox şeyə radikal reaksiya verirlər.

Sosial şəbəkələrdəki xanım dostlarım mənə bildirir ki, sənin dostluğundakı filan-filan oğlanlar bizə gic-gic şeylər yazırlar. “Padxod” edirlər, sonra xanım bunlara hətta mədəni şəkildə imtina edəndə, təhqirə keçirlər. Həmin oğlanların o cür hərəkəti çox vaxt təəccübümə səbəb olur. Çünki onlarla real həyatda bir yerdə olanda özlərini mədəni aparırlar. İçərlərində dindən danışan da az deyil. Belələri dini də gözdən salanlardır.

Belə başa düşürəm ki, həmin oğlanlar sadəcə aktyorluq edirdilər. Çünki mədəni bir oğlan xanımın imtina cavabından sonra ona “fahişə” deməz. Ay qardaş, tamam, xoşuna gəlibsə yaz xanıma, görürsən yazmır ya sənə bildirir ki, yazma, niyə özünü gözdən salırsan? Axı sənin bu davranışına görə xanımlarımız sosial şəbəkələrdə onlara yazıb, ciddi münasibət yaratmaq istəyən oğlana belə inanmırlar.

Əksər iş yerlərinə müraciət üçün gedən xanımlarımıza müdirlər porno kastinqə gələn biriləri kimi baxırlar. İşə girmək üçün “qeydiyyata alınmaq” rəhbərlərin yataq otağında baş verə bilər. Zatən qadın olmaq bu ölkədə çətindir. Bir az da biz öz pis istəklərimizlə onların həyatını lap pis etməyək lütfən.

Əlbəttə mən ümumi danışmıram. İstisnalar var, amma bu azdır. Biz çalışmalıyıq həmin müsbət istisnaların miqyası genişlənsin. Xanımlarımızın gözündən düşməmək və onları geriyə atmamaq üçün mədəni olmağı öyrənməliyik. Atatürk demişkən, qadınını geriyə atan cəmiyyət, geri düşməyə məhkumdur!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMərhəmətin axırı