“Milli Şura son həbsləri “Azərbaycanda guya siyasi məhbusların olmaması barədə iddiaların beynəlxalq təsdiqinə nail olmaq cəhdi” hesab edib
Demokratik Qüvvələrin Milli Şurası hüquq müdafiəçilərinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda son həftənin repressiyasız günü olmadığı xatırlanaraq bildirilir ki, 1937-ci ilin qaydalarını və terrorunu işə salan rejim Leyla Yunusun həbsinin ardınca, tanınmış alim, dünyada yüksək qiymətləndirilən konfliktoloq Arif Yunusu, həmçinin tanınmış hüquq müdafiəçisi, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovu şərləyib həbs ediblər. 8 avqust 2014-cü ildə isə İntiqam Əliyev həbs edilib, söz azadlığının və jurnalistlərin müdafiəsində böyük xidmətləri olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna basqılar olub, təşkilatın rəhbəri Emin Hüseynlinin həbsi barədə xəbərlər yayılıb.
Milli Şura hakimiyyətin həbslər seriyasını dolğun siyasi məhbus siyahısının hazırlanmasının qarşısını almaq, Azərbaycanda guya siyasi məhbusların olmaması barədə iddiaların beynəlxalq təsdiqinə nail olmaq cəhdi hesab edib: “Məhz son günlər həbsə alınan hüquq müdafiə təşkilatlarının rəhbərlərinin təşəbbüsü ilə hazırlanan Azərbaycan həbsxanalarında qanunsuz olaraq saxlanılan 97 siyasi məhbusun siyahısı 12 hüquq müdafiə təşkilatları, QHT-lər və müstəqil vəkillər tərəfindən imzalanaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib. Həbs edilən insan hüquqlarının müdafiəçiləri bir sıra beynəlxalq konfranslarda, yüksək tribunalarda ölkəmizdə mövcud olan siyasi məhbus problemini gündəmə gətirirlər. Məsələn, Rəsul Cəfərov ölkədəki real mənzərəni əks etdirən video-roliklərin hazırlanmasında yaxından iştirak edib. İntiqam Əliyev ölkənin ən intellektual, ən savadlı və beynəlxalq etimad qazanmış peşəkar hüquq müdafiəçisidir. Onun tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilən şikayətlər bir qayda olaraq beynəlxalq məhkəmə orqanının müsbət qərarları ilə nəticələnir. Arif Yunus Dağlıq Qarabağ probleminin tarixi və konfliktin yaranma səbəbləri, Ermənistanın təcavüzkar siyasəti haqqında müxtəlif dillərdə nəşr olunmuş onlarla kitab və məqalənin müəllifidir. O, bu problemlə bağlı son 20 ildə dünyanın ən etibar etdiyi Azərbaycan müəlliflərindən biridir. Beynəlxalq aləmdə Qarabağ problemi ilə bağlı Azərbaycan mövqeyini müdafiə edən araşdırmaçılar bir qayda olaraq Arif Yunusun əsərlərinə istinad edirlər”.
Milli Şura hesab edir ki, tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynli və konfliktoloq Arif Yunusun həbsi hakimiyyətin siyasi sifarişidir və bir başa onların ictimai və sosial fəallıqları, demokratiya məsələləri və siyasi məhbus problemi ilə məşğul olmaları ilə bağlıdır. Milli Şura hakimiyyətdən ictimai siyasi fəallara, hüquq müdafiəçilərinə qarşı apardığı repressiyalara son qoymağı, bütün siyasi məhbusların qeyd- şərtsiz azad etməyi tələb edir.