Osman Gündüzün fikrincə, ölkədaxili internetin qurulması faydalıdır
“Ölkədaxili internet şəbəkəsinin yaradılması əhəmiyyətlidir. Söhbət ineternet şəbəkəsinin qurulmasında yox, ölkədaxilində intrernet adlanan lokal şəbəkənin qurulmasından gedir”. Bunu Multimedia Mərkəzinin və Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Meydan TV-yə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin ölkədə daxili internet şəbəkəsi yaratmaq təklifini şərh edərkən deyib.
RYTN-dən verilən məlumata görə, “Azdatakom” şəbəkəsinin texniki resursları əsasında daxili internet şəbəkəsinin yaradılması nəzərdə tutulur.
“İlkin mərhələdə internet provayderlər arasında 1 Gb saniyə sürətli kanalın yaradılması planlaşdırılır. Trafikin həcmi artdıqca kanalın sürətinin də artacağı istisna deyil”, – deyə məlumatda qeyd olunur.
MHM ölkədə fəaliyyət göstərən 30-dan çox internet provayderə bu cür şəbəkənin yaradılmasını təklif edib.
Osman Gündüz deyir ki, bu, Azərbaycan daxilində böyük, lokal şəbəkənin qurulması deməkdir. Qarşıya qoyulan məqsəd elektron hökümət portalının həmişə əlçatan olmasıdır.
Ekspertin fikrincə, daxili şəbəkə olduqda istifadəçilərin elektron hökümət portalına müraciəti birbaşa xarakter daşıyacaq: “Bu lokal şəbəkə qurulsa, ölkənin istənilən yerindən vətəndaşların portala müraciətlərində birbaşalıq təmin olunacaq. Bunun da nəticəsində portala və oradakı informasiyaya əlçatımlıq daha sürətli və dayanıqlı olacaq. Ola bilər ki, internet olmasın, ancaq o daxili şəbəkənin hesabına vətəndaş portala daxil ola biləcək. Qlobaldan internet kəsilə bilər. Ancaq həmin şəbəkə ölkədaxilində qurulubsa və normal işləyirsə, portala müraciət edib, onun xidmətlərindən istifadə etmək mümkün olacaq. Belə bir sistemin qurulması fikrimcə, faydalı ola bilər”.