Mənzil son 3 ildə daimi yaşayış yeriniz olubsa, vergi tətbiq edilmir

Sahibkarlıq fəaliyyətində istifadə edilən mənzillərin satışı vergiyə başqa cür cəlb edilir

Source:


Sahibkarlıq fəaliyyətində istifadə edilən mənzillərin satışı vergiyə başqa cür cəlb edilir

Vergilər Nazirliyi son 3 ildə daşınmaz əmlak satan hüquqi və fiziki şəxslərdən əlavə dəyər (ƏDV) və gəlir vergilərini  ödəməyi tələb edir. Vergilər Nazirliyi bununla bağlı məlumat da yaymışdı. Nazir Fazil Məmmədov bildirmişdi ki, bu prosedur ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq tənzimlənir: “Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə bunun uçotu aparılmırdı. Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün həmin notarial münasibətlər Prezidentin sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunur”.


Bəs, satışdan tutulan vergi nə qədər olacaq?

“Value And Souroes” MMC-nin baş direktoru Rəşad Əliyev mənzillərin satışının vergiyə necə cəlb edilməsindən danışıb. Bildirib ki, əgər satılan mənzil sizin daimi yaşayış evinizdirsə, son 3 ildə daimi yaşayış yeriniz olubsa, heç bir vergi tətbiq edilmir:

“Çünki, Vergi Məcəlləsinin 102.1.9. bəndinə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir vergidən azaddır. Satılan mənzil 3 ildən az müddətdə daimi yaşayış eviniz olubdursa, bu halda satışdan əldə edən “xalis gəlir” gəlir vergisinə cəlb edilir. Xalis gəlir mənzili alış qiymətindən (həmin qiymət alqı-satqı müqaviləsində qeyd olunur və məbləğ bank əməliyyatında öz əksini tapır) baha qiymətə satıldıqda yaranır. Xalis gəlir əldə edilmədikdə vergi ödənilmir”.

R. Əliyev deyir ki, əldə edilən xalis gəlir məbləği sizin qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəliriniz hesab edilir və VM-nin 101.2. bəndinə əsasən aşağıdakı dərəcələrlə vergiyə cəlb edilir: “30.000 manatadək gəlir olduqda 14 faiz; 30.000 manatdan çox olduqda – 4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi. Məsələn, 2014-cü ildə 95000 manata aldığınız mənzili bu il 98000 manata satırsınızsa, bu halda sizin 3000 manat xalis gəliriniz yaranır (98000 AZN – 95000 AZN = 3000 AZN). Bu gəlir 30.000 manatdan az olduğu üçün 14 faizlə vergi cəlb olunur və 420 manat (3000 AZN * 14 faiz = 420 AZN) vergi öhdəliyiniz yaranır”.

Ekspert bildirir ki, əgər satılan mənzil sizin daimi yaşayış eviniz deyilsə və siz onu sahibkarlıq fəaliyyətində gəlir əldə etmək məqsədilə istifadə etmirsinizsə, bu halda alınma tarixindən asılı olmayaraq, vergiyə cəlb edilir. Belə vəziyyətdə yenə də vergiyə ancaq xalis gəlir cəlb edilir. Xalis gəlir əldə edilmədikdə vergi ödənilmir: “Əldə edilən xalis gəlir məbləği sizin qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəliriniz hesab edilir və VM-nin 101.2 bəndinə əsasən müvafiq vergi dərəcələri (yuxarıda göstərilib) ilə vergiyə cəlb olunur. Bu növə aid mənzillər alınma ilindən asılı olmayaraq vergiyə cəlb ediləcək. Mənzili 2007-ci ildən əvvəl əldə fiziki şəxslərin bəxti bir qədər az gətirib… Bunun səbəbi odur ki, həmin müddətdən bəri mənzillər xeyli bahalaşıb. Bunu hardasa normal qəbul etmək lazımdır, çünki qazanc çox olubsa, deməli, vergi də çox olacaq”.

R. Əliyev onu da qeyd edir ki, ev alqı-satqısı bank vasitəsi həyata keçirilir. Bir çox hallarda alıcı və satıcı evin qiymətini alqı-satqı müqaviləsində aşağı qiymətə göstərirlər: “Göründüyü kimi bu, artıq əvvəlki dövrdə ev alanlara mənfi təsir göstərir (çünki gələcək əməliyyatda bu onun xalis gəlirini artırır). Buna görə də tövsiyə edirik ki, vətəndaşlar ev aldığı hallarda alqı-satqı müqavilələrini real göstəricilərlə tərtib edilməsini tələb etsinlər. Sahibkarlıq fəaliyyətində istifadə edilən mənzillərin satışı vergiyə başqa cür cəlb edilir”.

Ana səhifəXəbərlərMənzil son 3 ildə daimi yaşayış yeriniz olubsa, vergi tətbiq edilmir