Rövşən Ağayev: “İnhisarçı gözəgörünməz əl mənzil bazarında qiymətləri istənilən yolla tutub saxlamaq istəsə, xeyli milli kapital xaricə axa bilər”
Manatın ucuzlaşması daşınmaz əmlak bazarına da öz güclü təsirini göstərməyə başlayıb. Fins.az-ın mənzil satışı ilə məşğul olan şəxslərə və daşınmaz əmlak üzrə ekspertlərə istinadən yaydığı məlumata görə, mənzillərin manatla qiymətləri orta hesabla 25 faiz artıb. Əməkdaşların söhbət etdiyi maklerlər bildiriblər ki, ev, mənzil almaq istəyənlər qəfildən çoxalıb, lakin satanlar qiymətləri dollara çeviriblər və nəticədə 20-30 faizlik bahalaşma əmələ gəlib.
Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı sayta bildirib ki, son vaxtlar bu sahədə ucuzlaşma var idi, amma baş verən proseslərdən sonra bazarda vəziyyət dəyişib: “Manatın məzənnəsinin kəskin enməsi, eləcə də daşınmaz əmlakla bağlı yeni vergilərin qoyulması vəziyyəti dəyişib. Hazırda, bazarda qiymət artımı müşahidə olunur”.
R.Osmanlının fikrincə, mənzil və torpaq sahələrinə tələbin azalması fonunda əslində qiymətlərdə azalma olmalı idi: “Amma nəzərdən qaçırmayaq ki, vergi öhdəliklərinin satış qiymətinə əlavə olunacağı halda artma ehtimalı da yaranır. Artıq manatla təklifə çıxarılmış mənzillərdə qiymətlər dollara dəyişdirilib, həm də bir qədər də artırılmış şəkildə. Bu isə faktiki olaraq 25-30%-lik bahalaşma deməkdir”.
Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov bildirib ki, manatın məzənnəsinin kəskin düşməsi ilə bağlı ev və mənzillər 25-30 faiz bahalaşıb. Mütəxəssis deyir ki, manatın məzənnəsinin daha da düşəcəyini güman edən alıcılar kütləvi şəkildə ev, mənzil almağa başlayıblar ki, bu da bazarda tələbatı kəskin artırıb və nəticədə qiymətlərin xeyli bahalaşmasına gətirib çıxarıb.
“İndiyədək qiymətlərdə azalma müşahidə olunurdu, çoxu gözləyirdilər ki, bir az da ucuzlaşsın, sonra mənzil alsınlar. Lakin yaranmış məlum vəziyyət onların əllərində olan pulun hamısını daşınmaz əmlaka, xüsusən də mənzil alışına yönəltmələrinə səbəb olub”, – ekspert bildirib.
Mütəxəssislə söhbətdən məlum olub ki, mənzil bazarında tələb təklifi xeyli ustələyib: “Satışda olan yeni və köhnə mənzillər sürətlə alınır. Əvvəldən beh verənlər manat ucuzlaşan kimi gəlib pulun qalanını da ödəyib mənzilləri alırlar”.
Ekspert yeni tikililərdə də ciddi bahalaşmanın olduğunu deyib: “Hazırda yeni binalarda qiymətlər 20-30 faiz arasında bahalaşıb. Əgər vəziyyətə müdaxilə edilməsə, bahalaşma prosesi dayanmayacaq”.
İqtisadçı Rövşən Ağayev isə düşünür ki, devalvasiyadan dərhal sonra mənzil bumunun başlanması ilə bağlı mediaya ötürülən məlumatlar məqsədlidir. O, bu barədə öz Facebook səhifəsində məlumat verib: “Maraqlı dairələr düşünür ki, bu informasiyalarla cəmiyyətin əmlak bazarında qiymətlərin enişi il bağlı gözləntilərini aradan qaldıra bilərlər. Ölkədə tələb məhdudluğundan dolayı iqtisadi durğunluq şəraitində mənzil satışının və əmlak bazarında kəskin qiymət artımı ağlabatan görünmür. Əksinə adətən durğunluq və onun enmə ilə əvəzlənəcəyinə dair ictimai gözləntilər şəraitində mənzil almaq istəyənlərin gözləmə mövqeyi tutması bu bazarda satışın məhdudlaşması və qiymətlərin enməsilə nəticlənir. Ola bilər devalvasiya prosesinin ilk vaxtlarında milli valyuta ilə qiymətlərdə artma baş versin, amma böhranın uzunmüddətli xarakter aldığı şəraitdə qiymətlərin enməsi qaçılmazdır. Xüsusilə də Azərbaycan kimi əmlak bazarında qiymətlərin süni şəkildə yüksək olduğu ölkədən gedir. Bu “köpük” nə vaxtsa partlamalıdı.Əgər yaxın 6 ayda milli valyutanın ucuzlşaması davam etsə, neftin qiyməti yüksəlməsə, əmlak bazarında yüksək qiymətləri saxlamaq mümkün olmayacaq”.
Rövşən Ağayev diqqəti inzibati resurslara çəkir: “Bir məsələ maraqlıdır: hökumətin təcrübəsi ola-ola nədən indiyədək mənzil bazarındakı süni qiymət artımı ilə də mübarizə aparmayıblar?
Bir vacib məqamı da deyim ki, dünyada, o cümlədən bizim qonşularda əmlakın qiymətində ciddi enmələr müşahdə olunur. Əgər bizdə inhisarçı gözəgörünməz əl mənzil bazarında qiymətləri istənilən yolla tutub saxlamaq istəsə, əmlaka biznes məqsədilə yanaşan xeyli milli kapital xaricə axa bilər. Bu, dolayısı ilə mənzil bazarında bazar qanunlarının işləməməsi səbəbindən valyuta bazarına yeni təzyiq dalğası yarada bilər”.