“Mənzil bazarı bundan sonra heç vaxt bahalaşmayacaq” (VİDEO)


Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun son açıqlamaları Azərbaycan iqtisadiyyatında yeni gözləntilərdən xəbər verdi. İctimaiyyət mövcud gözləntilərdən narahatdır, işsizlik, qiymət artımı və digər suallar aktuallaşır. İqtisadçı Qadir İbrahimli ilə söhbətimizdə bu məsələləri cavablandırmağa çalışdıq.





Qadir bəy, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun Milli Məclisdəki çıxışından sonra Facebook səhifənizdə “Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərinə qayıdır” deyə yazdınız. Əgər 90-cı illərin iqtisadiyyatına qayıdırıqsa, nə gözlənilir?




– 90-cı illərin Azərbaycanı ilə indiki Azərbaycan arasında kifayət qədər fərqlərlə bərabər, oxşar cəhətlər də var. Oxşar cəhətlərdən başlayaq; SSRİ dağılandan sonra Azərbaycanda real sektor çökdü, büdcə boşaldı. Eyni situasiya – neftin qiymətinin enməsi baxımından gəlirlər azaldığından – bu gün yaranır, həm də real sektor olmadığından iqtisadiyyat çökür. Son 3 ayın rəsmi statistikası dediklərimi təsdiqləyir. Yanvar ayının nəticələrinə görə, ÜDM 18 faiz azalıb, ilin iki ayının nəticəsi ixracat 40 faiz azalıb, əvəzində idxal 38 faiz artıb. Bu, ölkədə pozitiv heç bir tendensiyanın olmadığının ilkin əlamətləridir.





Ancaq həm prezident, həm də hakimiyyəti dəstəkləyən deputatlar Azərbaycanın 53 milyardlıq maliyyə “yastığı”ndan danışırlar…




– Məndə də sual yaranır; 53 milyardlıq maliyyə “yastığı” necə oldu? Hökumət neft gəlirlərinin azalmasına hətta 1 il də dözə bilmədi. İndi bəlli olur ki, hökumət indiki situasiyaya qat-qat hazırlıqsız imiş.





Hazırlıqsızlıq özünü hansı əlamətlərdə göstərir?




– Birincisi, Mərkəzi Bank sədrinin 21 fevral qərarında göstərdi, söhbət manatın 33 faiz devalvasiyasından gedir. Bu, MDB məkanında ən yüksək göstərici idi. Hətta Rusiyada son 8 ayda rublun devalvasiyası 60 faizə yaxın olub. Ancaq Azərbaycan 1 gündə 33 faiz devalvasiyaya getdi, bu, ölkənin maliyyə resurslarının yetərincə olmadığını, real sektorun yetərincə inkişaf etmədiyini göstərdi. Yəni hökumət manatı qorumaq üçün əlavə vəsait xərcləmək istəmədi. Çünki olan vəsait məhduddur və tükənməyə doğru gedir. Düzdür, hökumət 53 milyardlıq maliyyə “yastığı” olduğunu deyir, ancaq vəsaitlərin böyük hissəsi Neft Fondunda cəmlənib. Fondun da vəsaitlərinin əksəriyyəti daşınmaz əmlaka, qiymətli kağızlara yönəlib. Bu baxımdan həmin 53 milyard nağd vəsait deyil ki, hesabdan çıxarıb harasa yönləndəsən. Elman Rüstəmovun sonuncu bəyanatı hökumətin manatı qorumaq niyyətində olmadığını göstərdi. Səbəb də heç bir resursun olmamasıdır.





Siz cənab Rüstəmovun “üzən məzənnə” açıqlaması baxımından belə deyirsiniz?




– Məncə, yay aylarında “üzən məzənnə” prosesi başlayacaq, təbii ki, Avropa Oyunlarından sonra. Çünki hökumət idman yarışlarına qədər inzibati yollarla da olsa vəziyyəti nəzarətdə saxlamağa çalışır. Xüsusi fors-major situasiya olmasa, hökumət istəyinə nail olacaq. Ancaq Avropa Oyunlarından sonra hökumət müəyyən iqtisadi islahatlara getməyə məcburdur. Bunu ölkənin düşdüyü böhran vəziyyəti diktə edir. Çünki Azərbaycanda sürətlə böhran simptomları yaranıb.





Gəlin, konkretləşdirək, hökumət hansı addımlar atmalıdır, islahatlar hansı sahələrdən başlanmalıdır?




– Xarici ticarət strukturunun statistikası göstərir ki, ölkənin ixracat potensialı yoxdur. Hazırda ixracatın strukturunda 85 faiz neft məhsullarıdır. Neftin qiyməti yüksək olanda bu rəqəm 93 faiz idi. Qalan sektorlara gələk, meyvə-tərəvəz ümumi ixracın 1 faizini təşkil edir. Ümumiyyətlə, Azərbaycanın bütün ixracı xammal üzərində qurulub. Biz Avropa və MDB bazarına hansısa brend məhsullar çıxarmırıq. Səbəb isə ölkədə rəqabət mühitinin olmamasıdır. Həm idxalda, həm də istehsalda olan monopoliyalar ölkənin real sektorunu inkişafdan saxlayıb.





Bəs hakimiyyət məmur-oliqarxiyasının yaratdığı monopoliyalardan qurtula biləcəkmi?




–  Hökumətin başqa yolu da yoxdur. İki variant var: ya daha repressiv idarəetmə sistemi yaratmaq, bütün narazılıqları inzibati yolla aradan qaldırmaq. Bu isə mümkün deyil. İkinci variantda hökumət iqtisadi liberallaşmaya gedir. Hazırda hakimiyyətdə gömrük xidmətinin ASAN-Xidmətə verilməsi müzakirəsi gedir, böyük ehtimalla Avropa Oyunlarından sonra bu istiqamətdə addımlar atılacaq. Bu, ölkənin iqtisadi sektorunda inqilabi dəyişiklik, yəni idxal monopoliyasının aradan qalxması deməkdir. Hökumət ona görə buna getməyə məhkumdur ki, dövlət büdcəsinin gəlirləri sürətlə azalır, ilin sonunda büdcə 6-7 milyardlıq kəsirlə bitəcək. Büdcəyə əlavə vəsait cəlb etmək lazımdır, bu qaynaqlarından biri də gömrükdə gizlədilənlərin büdcəyə yönəldilməsi ola bilər. Təxminən 3-4 milyardlıq vəsaitdir. İkincisi, Azərbaycanda məşğulluq problemi investisiya layihələri hesabına həll olunurdu, yollar salınırdı, təmir-tikinti işləri aparıldı. Neft gəlirlərinin azalmasına görə cüzi istisnalarla həmin investisiya layihələrinin hamısı dayandırılacaq. Belə olanda məşğulluq probleminin həll olunması liberal islahatlardan keçir. Yəni müəyyən islahatlar olmalıdır ki, insanlar bizneslə məşğul ola bilsinlər. Bununla həm büdcəyə vəsaitlər yönəlsin, həm də insanların məşğulluğu olsun.





Siz “repressiya” ifadəsi işlətdiniz. Son iki həftədə sahibkarlara qarşı güclü təzyiqlər başlanıb, onlardan Avropa Oyunları üçün rüşvət alınır, artıq məhkəmələrə müraciət edənlər var və vəziyyət kütləvi xarakter alır. Təəssüf ki, bu məlumatları anonim şəkildə verirlər…




– Hökumət inzibati resurslardan istifadə etməklə həm Avropa Oyunları xərclərini qarşılamaq, həm də iqtisadi sektordakı status-kvonu hansısa formada saxlamağa çalışır. Hökumətin əsas addımları Avropa Oyunlarından sonra atılacaq. Müəyyən pozitiv nümunələr var ki, hökumət buna gedə bilər. Tutaq ki, ASAN-Xidmət yaradıldı, müəyyən problemləri yoluna qoydu. Yəni bununla hamının qəbul etdiyi standartlar qurmaq mümkündür. Həmin standartlar gömrük sisteminə tətbiq edilsə, bu, Azərbaycana böyük faydalar gətirəcək.





Ancaq hər bir addım növbəti qərarı zəruri edir. İqtisadi liberallaşma məhkəmə sistemində dəyişikliyi ortaya gətirir. Razılaşırsınızmı?




– Təbii.





Oliqarxiyadan ibarət olan hakimiyyət buna gedəcəkmi?

– Yaranan situasiya oliqarxiyanın siyasi hakimiyyətdən bir qədər uzaqlaşdırılmasını tələb edir.





O zaman İlham Əliyev komandasını 60-70 faiz dəyişib, yeni simalar gətirməlidir?




– Əgər gömrük monopoliyası aradan qalxsa, bu, təkcə iqtisadi yox, siyasi sektorda da ciddi dəyişikliklərə səbəb olacaq. Yəni müəyyən oliqarxiya siyasi hakimiyyətdən uzaqlaşdırılacaq. Məsələ ondadır ki, həm gömrük liberallaşdırmasına gedib, həm də oliqarxik sistemi saxlamaq mümkün deyil.





Gözlənilən situasiyada kasıb əhali nə etməlidir? Son vaxtlart mənzil qiymətlərinin artacağı barədə informasiyalar yayılır, bunların əsası varmı?




– Böhran dövrlərinin qanunları olur, ərzaq sektoru istisna olmaqla, bütün sektorlarda qiymətlər enir. Siyasi quruluşlardan asılı olmayaraq, bütün iqtisadi sistemlərdə, bu, aktual məsələdir. 90-cı illərdə bunu gördük, o vaxt mənzillərin qiyməti dəyər-dəyməzinə düşmüşdü. Yaxud avtomobillərin, məişət avadanlıqlarının qiyməti kifayət qədər azalmışdı. İnkişaf mərhələsindən sonra həmin məhsulların qiyməti artır. Mənzillərin qiymətinin artacağı haqqında informasiyalar aldadıcıdır, bunlar müəyyən qruplar tərəfindən dövriyyəyə buraxılır. Azərbaycanda mənzil bazarı bundan sonra heç vaxt bahalaşmayacaq. Çünki mənzil bazarının 3 əsas alıcı qrupu var idi: birincilər məcburi alıcılar qrupu idi.  Yəni insanların hansısa layihə çərçivəsində mənzilləri sökülürdü, onlara kompensasiya verilirdi və onlar məcburi alıcıya çevrilirdi. Son 7-8 ildə söküntü layihələri hesabına böyük alıcı qrupu yaranmışdı və bu, daşınmaz əmlakın qiymətinin artmasını stimullaşdırırdı. Məsələn, “Qış bulvarı”, “Sovetski”, Dərnəgül, Bayıl sakinlərinin köçürülməsi dediklərimi təsdiqləyir. Layihələr dayandırıldığından həmin qrup bazarda yoxdur. İkinci qrup isə Rusiyada yaşayan azərbaycanlılar idi ki, onlar daşınmaz əmlaka ən azı 4-5 milyard dollar yatırım qoyurdular. Üçüncü qrup iri dövlət sifarişlərində işləyən və  yüksək gəlir əldənlər idi. Dövlət sifarişləri azaldığından həmin qrup da mənzil almağa meylli deyil. Artıq daşınmaz əmlak bazarı sərbəst buraxılır. Belə olanda, yaxın bir neçə ayda qiymətlər kəskin ucuzlaşacaq.





Yekuna gələk. Siz böhran dövründən danışdınız. Bu mənada Azərbaycanın böhran dövrünə qədəm qoyduğunu demək olarmı və hansı nəticələr gözlənilir?




– Hələlik passiv böhran dövrün yaşayırıq, kütləvi ixtisarlar başlanır, gəlirlər azalır, ərzaqların qiymətlərinin artması müşahidə olunur. Böhran dövrlərinin xarakterik cəhəti var, SSRİ-də böhran 1990-cı ildə başlasa da, real təsirləri 1991-ci ilin sonunda kütləvi şəkildə üzə çıxdı. Azərbaycanda böhrana hazırlıq dövrü təxminən 6 aydır başlayıb, ən azı ilin sonunda aktiv böhrana keçid başlayacaq. Bu da onunla bağlıdır ki, əhalinin sərəncamında müəyyən vəsaitlər var. Ona görə hökumət dövlət xərclərinin optimallaşmasına getməlidir. Bu isə yeni işsizlər ordusunun yaranmasına gətirib çıxaracaq. Böyük neft gəlirləri dövründə Azərbaycanın icra strukturu kifayət qədər genişlənmişdi, rayon və mərkəzi icra hakimiyyətlərini nəzərdə tuturam. Bildiyim qədər onların hamısının optimallaşması variantları nəzərdən keçirilir. Dövlət xərcləri kifayət qədər nəhəng olduğundan buna getməli olacaqlar. Bəlkə də 15 faiz, daha çox dövlət qulluqçusu ixtisara düşəcək. Bilirsiniz, elə məsələlər var ki, hökumətin iradəsindən kənardır. Ancaq hökumət də çıxış yolunu tapmaqda borcludur. İkincisi, neft gəlirlərinin azalması qeyri-neft gəlirlərinin də azalmasına təsir edir. Baxın, özəl şirkətlər “Paşa-Holdinq”, “Gilan-Holdinq” tikinti sektorunda iri layihələr həyata keçirsə də, vəsaitlərinin mənbəyi neft pulları idi. Həmin iri layihələrin dayandırılması o deməkdir ki, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları azalacaq.

Ana səhifəVideo“Mənzil bazarı bundan sonra heç vaxt bahalaşmayacaq” (VİDEO)