Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə olunub
Ümumilikdə 27 milyonluq mənimsəmə və rüşvət almada ittiham olunan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun ilyarımdır davam edən məhkəməsi yekunlaşıb. Ev dustaqlığında olan sabiq nazirə yanvarın 17-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakin Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmə əsasən, Səlim Müslümova 5 il sınaq müddəti olmaqla, 11 il şərti cəza verilib.
Hökmdə sabiq nazir və yaxınlarına məxsus 8 milyonluq əmlakın müsadirə olunması da əksini tapıb. Həmin əmlaklar arasında mənzillər, torpaq sahələri və obyektlər var.
Hökmdən əvvəl prokuror çıxışında Səlim Müslümova 13 il şərti cəza verilməsini istəyib.
İttihama görə, nazirlikdə keçirilən tenderlər zamanı qanun pozuntularına yol verilib. Ayrılan vəsaitlər şirkətlərin hesabına köçürülsə də, bir hissəsi geri alınıb.
Dövlət Sosial Müdafiə Fondunun müxtəlif rayon şöbələrinin rəhbərlərindən, nazirliyin tabeliyində olan qurumlardan rüşvət alınması da sabiq nazirə qarşı ittihamlardandır.
1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. Onun işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.
Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyəndən sonra ev dustaqlığına buraxılsa da, rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.