Mənim qardaşlarım

O polis də, o hakim də…

Source:

Qardaşlarımla heç vaxt aram yaxşı olmayıb. Şəxsi heç bir səbəbi yoxdur – onlar mentalitet, ənənə, el adamlarıdılar. Orta statistik azərbaycanlıdırlar. Buna görə də, nə məni başa düşə biliblər, nə də təqdir edə biliblər. 30 il boyunca birtəhər, ölüm-zülümlə münasibətlərimizi davam etdirmişik. Nə yazılarımı oxuyublar, nə işlərimdən xəbər tutublar. Ordan-burdan, oxuyan adamlardan təhrif olunmuş şəkildə qulaqlarına çatıb ki, heç də yaxşı şeylər yazmıram, eləmirəm. Bəzən mənə elə sual veriblər ki, o sualı eşitdiyimə görə, mən utanmışam onların yerinə…

İndi rejim mənim yazılarımı oxumayan, dəstəkləməyən, ömürlərində siyasətə qarışmayan iki qardaşımı həbs edib. Gözlənilən idi. Çünki, hamımız bilirik ki, vəziyyət nə yerdədir. Amma bu həbs rejimin nəyə qadir olduğundan başqa, ikinci bir həqiqəti də aşkar göstərdi.

Qardaşlarımın həbs xəbərini eşidən bir bütün qohum-əqraba onları günahsız yerə, böhtanla həbs edən rejimi deyil, məni, Meydan TV-ni, Emin Millini, burda işləyən insanları lənətləməyə başladı. Bir insan azacıq da olsa anlamadı ki, Meydan və jurnalistləri öz işlərini görür, mən öz işimi görürəm, biz heç kimin həbsində, heç kimə olan təzyiqdə günahkar deyilik.

Amma hamı bizi lənətlədi. O media orqanını ki, onların oğurlanmış milyonlarından yazır. Onların orduda öldürülən balalarının qətlini gizlətməyə imkan vermir. Onların tapdanan haqlarından, sökülən evlərindən yazır. O media orqanı ki, başlarına bir iş gələndə, hər yerdən əlləri üzüləndə onun üstünə qaçırlar.

Yəni mən sənin tapdanan haqqından yazım, sən də oğluna böhtan atan rejimi deyil, məni lənətlə.

Mən qardaşlarımın üstünə marixuana atan polisi, böhtan əsasında qurulmuş ittihama əsasən onlara həbs kəsən hakimi, iki fağır, avam, dünyadan xəbəri olmayan uşağı dəxli olmadığı işlərə görə həbsə atan sistemi heç də daha çox günahkar bilmirəm. Mənim üçün qardaşımın cibinə marixuana atan polislə, işin nə yerdə olduğunu bildiyi halda, rejimi deyil, vicdanlı insanları lənətləyən adamlar eyni dərəcədə günahkardırlar. Onların özlərini öz doğma ölkələrində kirayəşin kimi aparmaqlarının, tapdanan haqlarına susmaqlarının nəticəsidir bu həbslər.

Mənim üçün ikisi də eyni dərəcədə günahkardır: məsum insanı şərləyən rejim və öz haqqının tapdanmağına razı olan insan.

Və vaxt gələcək, bəlkə də cibə narkotik atan polisi, ədalətsiz hökm kəsən hakimi bir az da olsa, bağışlayacam, anlayacağam ki, onlar əmr yerinə yetiriblər. Amma özünün tapdanan haqqına susan insanı bağışlamaq mümkün deyil. Heç kim sənə tapdanan haqqına görə susmağı əmr edə bilməz.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMənim qardaşlarım