Mənim iztirablarım

Cinayət eləmədiyim halda, məhkum olunmuşam…

Source:

İçimdə azğın bir burulğan var. Həmin burulğan artıq pərvazlanaraq qasırğaya çevirilib. Qasırğa ruhuma hakim kəsilərək, əhvalımı darmadağın etməkdədir. Uzun zamandır çətinliklərə rəğmən qorumağa çalışdığım daxili sabitliyim anarxik qüvvə sayılan qasırğaya görə nizamından çıxmaq üzrədir. Min-bir zəhmət hesabına daxilimdə inşa etdiyim nikbinlik səltənətimin yıxılmasına seyrci qalmaq istəmirəm. Amma elə yorğunam ki, hər göstərdiyim müqavimət məndən böyük enerji alır. Enerjinin yenidən bərpası isə uzun çəkir.

Bu halım heç də səbəbsiz deyil. Əlillik qazanandan sonra yaşadığım bina evi mənə həbsxananı xatırladır. Özümü bir növ siyasi motivlə həbs olunmuş dustaq kimi hiss edirəm. Heç bir cinayət işləmədiyim halda həbs olunmuşam. 19 yaşımdan, onurğamdan aldığım travmadan sonra əlil arabasından istifadə etdiyim üçün günümü dörd divar arasında keçirməyə başladım. Heç kimi aldığım travmaya görə, fiziki məhdudiyyətimə görə günahlandırmıram. Heç inandığım Tanrıya da naşükürlük etmirəm. Həyatda belə şeylər baş verir. Bunları olduqca təbii qəbul edirəm.

Qeyri-təbii qəbul etdiyim şey 21-ci əsrdə “inkişafın sürətindən” danışılan bir ölkədə “brak” infrstruktura, anormal şəraitə və ya şəraitsizliyə görə sırf əlil arabasından istifadə edirəm deyə dörd divar arasında qalmağa məhkum olmağımdır. Niyə axı? Nədir mənim günahım?

Sovetin inşa etdiyi binanın 6-cı mərtəbəsindən sərbəst şəkildə həyətə düşmək mənim edə bilmədiklərimin sırasına daxildir. Həyətə çıxmaq üçün mütləq kiminsə köməyinə möhtac oluram. Təəssüf ki, bu baryeri aşmaq üçün daimi köməkçim yoxdur. Hamının işi-gücü, şəxsi həyatı var. Mənə həsr edəsi deyillər ki öz həyatlarını. Bilsəniz, kimdənsə məni həyətə düşürməyi xahiş edəndə necə xəcalət çəkirəm? Kömək edənlər ən yaxınlarım – xalam oğlu, bibim oğlu və s. mənə ürəklə dəstək olmalarına baxmayaraq narahatlığım səngimir. Kiməsə ağız açmaq, onun minnətini boynuma götürmək çox ağırdır.

Məhbuslar yenə də hər gün həbsxananın üstü həyətində bir dəfə də olsa gəzişirlər, günəşi, havanı görüb-duyurlar. Məndə heç bu imkan da yoxdur. Bir çox hallarda həftələrlə həyət üzü görmürəm. Bir neçə gün öncə həyətə çıxmışdım. Təzyiqim aşağı düşdü, 1 saat özümə gələ bilmədim. O qədər həyət-bacaya çıxmıram ki, çıxanda da ciyərlərimə çəkdiyim təmiz hava başımı gicəlləndirir.

Atam isə evi satıb, həyət evi almır. Onun, indi yaşadığımız ev xoşuna gəlir. Onsuz da bilirəm ki, valideynlərimin mənə borcu yoxdur. 18 yaşımı çoxdan keçmişəm. Hələ məni yanlarında saxlayırlarsa, məni yemək və sığınacaqla təmin edirlərsə, bu, elə-belə şey deyil. Eləməyə də bilərdilər. Minnətdaram onlara!

Ən əsas hüquqlarımdan biri – ictimai nəqliyyatdan istifadə hüququm “inkişaf”dan danışanların ayaqları altında əzilməkdədir. Nə avtobusdan, nə də metrodan istifadə edə bilirəm. Hər ikisi əlil arabam üçün qeyri-müəssərdir. Bir məkana gedib-gəlmək üçün 20-25 AZN ödəyib, taksidən istifadə edirəm. Taksiyə ödədiyim məbləğ isə əlilliyimə görə hər ay aldığım 67 manat sosial müavinatın miqdarı ilə uyuşmur. Yəni o məbləğlə ancaq 3-4 dəfə bir yerə gedib-gəlmək olar.

2 ildir normal müalicə ala bilmirəm. Ölkədəki müalicə – reabilitasiya mərkəzlərində peşəkar təlimçi-reabilitoloq qıtlığı hökm sürür. Xarici ölkəyə gedib, müalicə almağa maddi imkanım yoxdur.

Hər ailədə söz-söhbət olur. Bizim ev də o sıraya daxildir. Əvvəllər belə hallar baş verəndə evdəki söz-söhbəti eşitməmək üçün evdən qısa müddətlik çıxıb, uzaqlaşırdımsa, indi əlil arabasına görə həmin imkanım məhdudlaşır. Evdəkilərin öz aralarındakı mübahisə və münaqişəsini eşidib, görmək və evdən həmin an çıxa bilməmək iztirablarımı artırır.

Gəncliyim, ən gözəl illərim dörd divar arasında keçir. Sadəcə yorulmuşam. İnsan kimi yaşamaq istəyirəm. Bilirəm çəkdiyim əziyyətlər, yaşadığım məhrumiyyət və məhdudiyyət məni qüvvətləndirir amma o qüvvənin enerjisini çıxarmağa yer və hədəf olmayanda, həmin enerji lazımsız, mənfi enerjiyə çevirilib içimdə burulğanlar yaradır.

Sadaladıqlarım Azərbaycanda əlilliyi olan insanın problemlərinin bir hissəsidir. Bu problemləri əllərində inzibati və digər resurslar olan hökümətimiz asanlıqla həll edə bilər. Əlbəttə əgər hökümət problemin həll olunmasında maraqlıdırsa.



Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

tags
Ta

Ana səhifəMənim FikrimcəMənim iztirablarım