”Mənim həbsimdə, qardaşımın ölümündə Eldar Mahmudovun da günahı var”

MTN generalı haqqında hökm qüvvəyə mindi – özü həbsdə, rütbəsi alındı, əmlakları da müsadirə edildi…

Foto: Azərtac
MTN
MTN


MTN generalı haqqında hökm qüvvəyə mindi – özü həbsdə, rütbəsi alındı, əmlakları da müsadirə edildi…

MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin 10 il 6 ay, Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin isə 8 il azadlıqdan məhrum edilməsi barədə hökm dəyişdirilmədən qüvvədə saxlanıb. Keçmiş MTN-çilərin hökmdən verdikləri apelyasiya şikayətləri təmin edilməyib.

Aprelin 19-da Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən MTN-çilərin vəkilləri və zərərçəkmişlərin çıxışlarından sonra bu qərar elan olunub.

Təqsirləndirilən A.Mehdiyevin vəkili bildirib ki, müvəkkilinə qanunsuz azadlıqdan məhrumetmə ittihamı verilib, amma onun kimə qarşı bu işi gördüyü bilinmir. Vəkilin sözlərinə görə, onun zərərçəkmiş Maqsud Mahmudovdan hədə-qorxu yolu ilə pul tələb edib alması barədə ittihamda yazılanlar da yalandır: “Maqsud Mahmudovun özünün pisixi problemləri var, buna görə müalicə alıb. Onun ifadəsini əsas kimi götürmək olmaz”.

General E.Quliyevin vəkili isə müvəkkilinin xidmətlərindən danışıb, onun dəfələrlə təltif edilməsini xatırladıb. Bu vəkil də ittihamların əsassız olduğunu vurğulayıb.

Vəkil E.Quliyevin başqa bir MTN polkovniki Malik Mustafayevin intiharında günahkar sayılmasını da əsassız hesab edir. Müdafiəçi bildirib ki, E.Quliyevlə mərhum Malik Mustafayev MTN-də ayrı-ayrı qurumlarda işləyiblər, onlar bir-birindən asılı vəziyyətdə olmayıblar: “Onun intiharı ilə bağlı məsələ Xətai Rayon Prokurorluğunda araşdırılıb, ailə üzvləri dindirilib. Onun intiharından sonra məktubu tapılıb. Yazıb ki, “haqqınızı halal edin, məni Biləcəri qəbiristanlığında dəfn edin”. Başqa qeyd olmayıb. Onun qardaşı Mətləb Mustafayevin silah saxlaması, həbs edilməsinin də E.Quliyevlə əlaqəsi yoxdur. Onunla bağlı göstərişi nazir verib”.

Mətləb Mustafayev qanunsuz silah saxlama ittihamı ilə iki il azadlıqdan məhrum edilib. MTN hadisələrindən sonra Ali Məhkəmə onunla bağlı hökmü ləğv edib. Apelyasiya məhkəməsi işə yenidən baxıb və ona bəraət verilib. Qardaşı Malik Mustafayev onun həbsindən az sonra intihar edib.

Mətləb Mustafayev məhkəmədə çıxışında bildirib ki, evinə silah atılıb tutulmasında da, qardaşının intiharında da həm E.Quliyevin, həm də keçmiş nazir Eldar Mahmudov və MTN-in İstintaq İdarəsinin rəisi Mövlam Çıxəliyevin rolu olub. Zərərçəkmişin sözlərinə görə, o, Dövlət Əmlak Komitəsində işləyib və E.Quliyev ondan müəyyən şəxslərin əleyhinə ifadə almaq üçün qardaşına təzyiq göstərib. Qardaşı da bu təzyiqlərə dözməyib. Özü də təklifdən imtina etdiyinə görə, evinə silah atıb həbs ediblər: “Bizə qarşı olanlara görə Eldar Mahmudov və Mövlan Şıxəliyev də həbs olunmalıdır”.

Zərərçəkmiş təqsirləndirilən şəxslərdən A.Mehdiyevdən şikayətçi olmayıb və onun apelyasiya şikayətinin təmin edilməsini istəyib.

Prokuror isə Bakı Hərbi Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

Müşavirədən sonra hakimlər hökmün dəyişdirilmədiyi haqda qərarı elan ediblər.

2015-ci ilin oktyabrında MTN-də bir çox vəzifəli şəxslərin həbs olunduğu əməliyyatda E.Quliyev kənarda qaldı. O, vəzifəsindən azad edilsə də, MTN-in Akademiyasının kafedra rəisi təyin edildi. Lakin az sonra o da həbs olundu.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Onların general və polkovnik rütbələrinin alınması üçün müvafiq orqanlara təqdimat göndərilməsi də hökmdə əksini tapıb. Bundan başqa, E.Quliyevin milyonlarla dəyəri olan daşınmaz əmlakı müsadirə olunub.

Əməliyyatlar, agentura və s. məqsədlərlə büdcədən ayrılmış vəsaitlərin mənimsənilməsi ittihamı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin E.Quliyevə qarşı qaldırdığı 7 milyon 736 min 58 manatlıq mülki iddia təmin edilib.

E.Quliyev və A.Mehdiyev Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq) ,182 (hədə-qorxu ilə tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, 311-ci (rüşvət alma) maddələri ilə təqsirli biliniblər.

Lakin onlar özlərini təqsirli bilmirlər.

Ana səhifəXəbərlər”Mənim həbsimdə, qardaşımın ölümündə Eldar Mahmudovun da günahı var”