Edita ilə bir il əvvəl tanış oldum. Qatıldığımız tədbirdə öz vətənini, yəni Gürcüstanı təmsil edirdi. Ona elə ilk dəqiqədən qanım qaynadı. Rahat ovqatı, intellekti olan bu gözəl qız, 4-5 dildə sərbəst danışması, işgüzarlığı, diribaşlığı, tez və rahat ünsiyyət qurmağı bütün iştirakçılar kimi mənə də xoş gəldi.
Adətən insanlarla tanış olanda, münasibət yaradanda, milliyyəti mənə maraqlı olmur. Təkcə ermənilərdən başqa. Onlarla tanış olanda bir az gərgin oluram. Özümdə məsuliyyət hiss edirəm. Obyektiv olmağa, onların da gərginliyini nəzərə almağa çalışıram. Buna görə də, onlarla ünsiyyətim rahat alınmır. Nə qədər pasifist, nə qədər obyektv, nə qədər soyuqqanlı olursan, ol, bilirsən ki, bu adamla aranda iki düşmən edilmiş xalq, ərazi problemi, tarixi incikliklər dayanır. Və heç kim iddia edə bilməz ki, o bunu heç vaxt nəzərə almır və ya vecinə deyil.
Edita ilə dostluğum ona görə tez, rahat və heç bir gərginlik yaşamadan alındı ki, onun etnik erməni olduğunu xeyli sonra öyrəndim. Biz dostluğumuza, ikimizə də xoş olan, ikimizin də eynini açan, problemlərimizi unutduran söhbətlərimizə, zarafatlarımıza bir-birimizin milliyyətini bilmədən başladıq. Milliyyətimizi öyrənəndə isə, heç nə dəyişmədi…Yəqin ki, bunu əvvəldən bilsəydik də, dost olacaqdıq. Amma yəqin ki, bu qədər rahat olmayacaqdı…
Onunla dostluğumu heç vaxt gizlətmək ehtiyacı hiss etməmişəm. Niyə hiss edim? Soyadına görə? Damarında axan qana görə? Heç bir insan bunları şüurlu olaraq seçmir. Gürcüstan vətəndaşı, özünü gürcü kimi hiss edən, gürcü dilində danışan, Gürcüstanın problemlərindən yazan bir jurnalist niyə kimisə qıcıqlandırmalıdır. Heç vaxt anlamamışam. İndi də anlamıram.
Biz hamımız bir gün öyrənə bilərik ki, atamız ya anamız, ya da hər ikisi başqa adamdır. Başqa millətdəndir. Damarlarımızda da başqa millətin qanı axır. Bu nəyi dəyişir? Hisslərimizə, münasibətimizə, intellektimizə, dünyagörüşümüzə necə təsir edə bilər. Axı normal insan hadisələrə baxışında, münasibətində damarındakı qana görə yox, informasiyasına, dünyagörüşünə, dəyərlərinə görə idarə olunur.
Ona görə də, heç bir epataj-qıcıqlandırma barədə düşünmədən Edita ilə şəkillər paylaşanda, məsələnin bu qədər şişəcəyini ağlıma gətirməzdim. Niyə gətirəydim ki? Kimi qıcıqlandıra bilərdi bu dostluq, bu şəkillər? Kimi əsəbiləşirə bilərdi ki?
“Bizim erməni kilsəsi, erməni xalqı ilə heç bir problemimiz yoxdur” cümləsini SOCAR rəhbərindən eşidib, dinməyənləri? Erməni idmançılarına Bakını mərkəzində əl çalanları? Ermənistan rəsmiləri ilə qucaq-qucağa, deyə-gülə şəkil çəkdirən rəsmilərimizə sakit baxan vətəndaşları? Necə olur, yuxarılar yuxarılarla dost olur, əl sıxır, deyib-gülür, problem olmur, amma heç nəyi həll etmə gücü, yetkisi, imkanı olmayan iki qıza, onların dostluğuna, şəkillərinə əsəbiləşirlər? Bu nə maraqlı, nə yerini-həddini bilən qəzəbdir belə? Bu nə təhlükəsizlik tədbirləri görmüş, icazəli, ütülü-sığallı qəzəbdir?
Mən sizin hirslənməyinizə inanmıram. Qəzəbinizə inanmıram.
Mən hər zaman ünsiyyəti, davranışı rahat olan adamlarla dostluq edəcəm. Erməni, alman, fransız, azərbaycanlı, uyğur, özbək, kürd olmasından asılı olmayaraq.
Bu gün Bakının ortasında doğum evinin qarşısında hamilə qadın uşaq doğub. Pulu olmadığına görə doğum evinə buraxmayıblar. Uşaq küçədə həkimsiz doğulub və ölüb. O qadının işkəncələrinə, körpənin ölümünə sakit baxan həkimlər, tibb bacıları azərbaycanlıdır. Deməli, qəddarlıq, əclaflıq, qansızlıq milliyyətlə deyil.
Xeyirin milləti olmadığı kimi, şərin də milləti olmur.
Rahat olun.