Mənim darıxdığım Azərbaycan

Bu sualı mənə çox adam verir.

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Bu sualı mənə çox adam verir. Anam, qardaşlarım, qohumlarım, dostlarım, həmkarlarım, oxucular və indi ölkələrində yaşadığım yerli insanlar. “Vətənindən ötrü darıxırsanmı?” Mən bu suala adətən “yox” cavabı verirəm və bu cavabı verərkən qeyri-səmimilik hiss etmirəm. Doğru deyirəm, mən Azərbaycandan ötrü darıxmıram. Əksinə, Azərbaycandan qorxuram. Şimali Koreyadakı həyat barədə videolar məndə hansı hissləri yaradırsa, Azərbaycan barədə görüntülər də məndə eyni hissləri yaradır. O görüntülərə baxıram, bədənimə üşütmə gəlir.

Bununla belə, mən öz ölkəmdən qopa bilmirəm. Bu, az qala beşduyğulu qopa bilməmədir, mən ölkəmin dadlarından, qoxularından, səslərindən, rənglərindən, ona toxunmaqdan qopa bilmirəm. Soyuducumu açıram, düz 3 ölkədə 3 insanın bir-birinə ötürərək göndərdiyi, sonra Almaniyadan poçtla gələn üzüm yarpağını görürəm. Çay dolabımda kəklikotu bitmir, mən bu qoxudan xali olan çayı içə bilmirəm, hə, bir də kəklikotu bankasının arxasında bir qutu “Azərçay” gizlənir.

Ədviyyat dolabımda zəfəran var, bu zəfəran Norveçə Biləsuvardan gəlib, alça qurusu var, ordan gələn nanə qurusu var, sumax var. Hər dəfə nəsə bişirəndə, hiss edirəm ki, mən yeməyə əslində ədviyyat yox, Azərbaycan qatıram. Kövrəlmədən, darıxmadan. Azərbaycan mətbəxindən yeməklər bişirirəm, Azərbaycan filmlərinə baxıram, Azərbaycan mahnılarına qulaq asıram. Mənə inadla rusca cavab verən oğlumla azərbaycanca danışıram.

Öz həyatıma, məişətimə, maraqlarıma baxıram və düşünürəm ki, bunlar darıxmaq deyilmi? Mən əslində ora, geriyə, aid olduğum mədəniyyətə, insanlara, havaya qayıtmaq istəmirəmmi? Düşünürəm, xəyalən Azərbaycana qayıdıram. Bakının küçələrini gəzirəm. Qarşıma nə Seymur Baycan çıxır, nə Əli Əkbər. Biri Gürcüstanda, biri İsveçrədə. Axşam yeməyi yemək istəyirəm. Amma nə Elmir Mirzəyevə zəng edə bilərəm, nə Emin Aslana, nə Nurlanaya, nə Xalisəyə. Onlar hamısı ya ölkədən gediblər, ya da getməyə məcbur qalıblar. Musiqi dinləmək istəsəm, yadıma düşər ki, Camal Əli də gedib ölkədən, Azər Cırtdan da. Jurnalist dostlardan kiminsə nömrəsini yığmaq istəsəm, yadıma düşər ki, Əfqan Muxtarlı da gedib, Abbas Atilay da. Kim qalıb ki?

Mənim aid olduğum mədəni, sosial çevrənin 80 faizi yoxdur daha Azərbaycanda. Qalan iyirmi faizin də burda qalan bədənidir, fikrən, xəyalən artıq çoxdan bu ölkədə deyil. Adamlar bir yana, alışdığım ağaclar, binalar da qalmayıb artıq. Sanki bütün ölkəni binaları, ağacları, adamları ilə birlikdə götürüb, harasa aparıb, yerinə başqa şəhər gətiriblər. O şəhəri ki, mən ona bağlı deyiləm, aid deyiləm axı, o, mənə yaddır, ögeydir.

Düşündükcə fərqinə varıram ki, mənim aid olduğum ölkə özü daha yoxdur. O ölkənin dənizini qapadılar, ağaclarını qırdılar, daş hasarlarla, mərmərlə doldurdular, ən pisi isə bu ölkənin canı-qanı olan insanları bütün dünyaya səpələdilər. Azərbaycanın musiqisini, ədəbiyyatını, fikrini, mədəniyyətini, beyinlərini dünyaya səpələdilər, səpə bilmədiklərini isə xofun, qorxunun, nisgilin içində saxlayırlar.

Ya azadlıqda, ya həbsxanalarda.

Baxıram ki, Azərbaycandan didərgin düşməyən, həbsə atılmayan, ölkəsində əsir saxlanmayan, itirilməyən, bizim olan, yanına qayıda biləcəyimiz elə nanə qurusudur, zəfərandır, alça turşusudur, Mirzə Babayevin səsidir, “Bəyin oğurlanması” filmidir, xatirələrdir…

Yadıma köhnə və gözəl Azərbaycan mahnıları düşür. Mən o mahnıları dinləyirəm, görürəm ki, bu mahnılar belə daha o ölkəyə aid deyil.

O mahnıların ovqatı, ruhu, sözləri ilə Azərbaycanın ovqatı və ruhu daha doğma deyil, indiki Azərbaycan bu mahnılara da yadlaşıb.

Qulağıma Elmira Rəhimovanın səsi gəlir:

Gün olar, gündüz olar, gündüz olar

Şəfəq geyər düz-dünya…

Ana səhifəMənim FikrimcəMənim darıxdığım Azərbaycan