İş adamı prezidentə müraciət etdi
“Mən Naxçıvanda iş adamı idim. İki il bundan əvvələ qədər işləmişəm. Özüm də İctimai Palatanın üzvü olmuşam. Bizə qarşı gömrükdə təxribat elədilər. Mənim özümü, 2 kürəkənimi möhkəm döydülər və şərlədib həbs etdirdilər. Düz beş ay həbsdə yatdıq. Beynəlxalq təşkilatlar bizi vicdan məhbusu kimi tanıdı və elə onların səyi ilə azadlığa çıxa bildik. Çıxdıqdan sonra da işimizi davam etdirmək istədim. Başa düşdüm ki, mənim şərlənib həbs olnmağımda bir neçə məqsəd olub. Birinci məqsədləri o olub ki, mənim işimi əlimdən alsınlar” – iş adamı Məmməd Qurbanov bu sözləri Meydan TV-nin əməkdaşına deyib.
M.Qurbanov sosial şəbəkdəki öz şəxsi hesabından ictimaiyyətə və ölkə rəsmilərinə müraciət edir. Onun sözlərinə görə, Naxçıvandan baş götürüb getməsinə səbəb üzləşdiyi təzyiqlərdir: “Məni yenə də ilişdirmək istəyirdilər. Məcburən ailəmi, bütün qohumlarımı Naxçıvandan çıxartdım. Hazırda şərti işim bitib. Naxçıvan da mənim anadan oduğum, böyüdüyüm, evim-eşiyim olan yerdi. İki ildən artıqdı mənim qapım bağlı qalıb. İşsiz qalmaq olmur. Gəlmişəm çörəyimin dalınca. 1000-1100 manatlıq mal gətirmişəm. Onu da 8 gündür anbara vurublar. Buraxmırlar”.
2005-ci ildən Naxçıvanda uşaqlar üçün qida, yoqurt satışı ilə məşğul olan sahibkar yenə də öz işinə qayıtmaq istəyib. Bakıda dolanışığı çətin olduğundan yurduna qayıdıb. Ancaq gətridiyi məhsulu Naxçıvana keçirə bilmir: “Bu malı da soyuducuda saxlamaq lazımdı. İndi onu da atıblar zirzəmiyə. Məndən sənəd istəyirlər. İstanbuldan – baş ofisdən bu məhsulla bağlı 20 adda sənəd göndərilib. Ancaq yenə sənəd istəyirlər. Məndən başqa heç kimin bu sənədləri yoxdu. Məhsulumu sərhəddən buraxmırlar. Tapşırığı da Sədərək Gömrük-Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov verib”.
Məntəqə rəisi tərəfindən davamlı təzyiqlə üzləşdiyini deyən M.Qurbanovun fikrincə, ondan olmayan sənədi istəyirlər: “Mirməhəmməd Seyidov mənim çörəyimi başqasına vermək üçün bu xidməti göstərir. O adamın da adını hələ çəkmək istəmirəm. Mənə deyirlər ki, sənədin yoxdu. Uyğunluq sertifikatı tələb edə bilərlər. Sənədləri tikib onlara vermişdim. Qaytaranda sənədlərimə baxıram ki, dağınıq yığılıb. Kimsə gətirəndə həmin sənədi tələb etmələri üçün özlərində saxlayıblar. Yenə sənəd istəyirlər. Həmin sənədin isə nə olduğu bəlli deyil. Müəssisədə də 20 adda sənəddən başqa sənəd yoxdu” – deyən sahibkar ölkə rəsmilərindən kömək istəyir.
İş adamı ondan tələb olunan sənədin digər malgətirənlərdən tələb olunduğuna şübhə edir. Bu məqsədlə lazım olan, ancaq başqa iş adamının sənədini ona göstərmələrini xahiş etsə də, gömrük işçiləri bununla da razılaşmayıblar: “Mən 7 il bu məhsulun satışı ilə məşğul olmuşam. Və məndən heç vaxt sənəd tələb etməyiblər. Bu dəqiqə başqalarının nə qədər məhsulu var burda. Deyirəm ki, digərlərindən istədiyiniz sənədin foto surətini mənə göndərin, mən o sənədi sizə tapım. Mənə deyirlər ki, biz sənə başqasının sənədini göstərə bilmərik. Bu, hərbi sirr deyil axı. Biz Bakıda ağır vəziyyətdə yaşayırıq, kirayədə qalırıq. Çətinliklə dolanırıq”.
Naxçıvanda özünü təhlükəsizlikdə hiss etmədiyini deyən iş adamı Meydan TV vasitəsilə ölkə başçısına müraciət edir: “Şəhərdə dostlarımla çay içəndə belə bir-iki saata evə qayıdıram. Evdən çölə çıxa bilmirəm. Bu dəqiqə bizim işimiz Avropa İnsan Haqları Məhkəməsinə də verilib. Ancaq mənim ailəmə çörək lazımdı. Biz yaşamalıyıq. Bizim bu haqqımızı əlimizdən alıblar. Sizin vasitənizlə Prezidentə də müraciət edirəm. Mənim çörəyimlə oynayırlar. Məni öz torpağımdan qaçqın salıblar. Buna heç kimin haqqı yoxdu. Ölkə başçısı mənim səsimi eşitsin”.
Naxçıvan Dövlət Gömrük Komitəsi ilə əlaqə yaratmaq mümkün olmayıb. Meydan TV qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.