Mənim cinsim – mənim taleyim

İstirahət günlərində belə mən səhər ertədən oyanmalıyam

Source:

İstirahət günlərində belə mən səhər ertədən oyanmalıyam. Uşağı geyindirməliyəm, onun əl-üzünü yumalıyam, yemək verməliyəm. Sonra bütün ailənin səhər yeməyini hazırlamalıyam. Çay dəmləməli, süfrə hazırlamalı, hamını süfrə başına yığmalı, hamıya qulluq etməli, süfrəyə hamıdan gec oturmalı, hamıdan tez durub, süfrəni yığışdırmalıyam. Qabları yumalı, evi təmizləməli, çirkli paltarları paltaryuyan maşına atmalı, günorta yeməyini planlaşdırmalı, sonra peşəkar işimə başlamalıyam.

İş vaxtı uşaqla, evlə, nəyin harda, kimin paltarının hansı dolabda olması ilə bağlı telefon zənglərinə cavab verməliyəm. İşdən çıxanda marketə girməli, bazarlıq etməli, ağır zənbillərlə evə getməliyəm. Evə çatıb zənbilləri yerbəyer etməli, soyuducuda xarab olanları seçməli, zibil vedrəsini boşaltmalıyam. Axşama şorba, salat, yemək hazırlamalıyam. Uşaq üçün ayrı, vegeterian həyat yoldaşım üçün ayrı. Bəzən yorğunluqdan özüm üçün ayrı yemək hazırlamamalı, ya boyat, ya da sevmədiyim vegeterian yeməyini yeməyə hazır olmalıyam.

Yenə süfrə hazırlamalı, süfrəyə hamıdan gec oturmalıyam. Süfrəyə qoyulacaq duz, istiot, salfet yaddan çıxıbsa, hamısını mən gətirməliyəm. Bir şey lazımdırsa, süfrədən qalxan adam mütləq mən olmalıyam. Qabları yığışdırmalı, yumalı, yerbəyer etməli, artıq yemək qalıbsa, xüsusi qablara yığmalı, soyuducuya qoymalıyam.

Bu ərəfədə uşaq böyür-başımda fırlanır, əlini kəsər, ayağını əzər, yıxılar, tualetə istəyərsə, əllərimi yuyub, köməyinə mən tez qaçmalıyam. Sonra çay hazırlamalıyam. Daha sonra çay stəkanlarını, şirniyyat, meyvə qablarını yumalıyam. Sonra səhərdən yuyulub, paltaryuyan maşında qalmış paltarları sərməliyəm. Sonra kimin paltarı çirklənibsə, tapıb yığmalıyam. Güllərə mən su verməliyəm. Sınan, qırılan, dağılan nəsə varsa, mən yığmalıyam.

Sonra oturub peşəkar işimə başlamalıyam gecəyarısına kimi. Tərcümələr, yazılar, onlayn dil dərsləri… Bütün bunların ortasında uşaq nəsə istəyərsə – diqqət, sevgi, oynamaq, yatmaq – hamısını mən təşkil etməliyəm. Sonra gün uzunu çatdırıb, edə bilmədiklərimə görə ya “səhv” elədiyimə görə (pendir o növdən deyil, yoqurt almamışam, uşağa pampersi unutmuşam, iki növ şampun almalı imişəm, amma bir növ almışam) danlanmalıyam. Gün uzunu ev, bazarlıq, yazı-pozu işlərinin yorğunluğunu bu danlanma ilə unutmalıyam.

Bu yorğunluğa, bu münasibətə görə hirslənəndə, etirazımı bildirəndə üstümə damğalar yapışdırılmalıdı: “hamınız beləsiniz, bir şey olan kimi ləçərliyiniz üzə çıxır”, “bütün qadınlar belədir, emosiyalarınızı cilovlaya bilmirsiniz”, “mən elə bilirdim, sən fərqlisən, sən də hamısı kimi məişət adamı imişsən”…

Bütün bu fiziki, mənəvi işgəncələri ona görə çəkməliyəm ki, mən qadınam. Taleyimi nə işim, nə ağlım, nə dəyərlərim, nə insan kimi mənəvi keyfiyyətlərim müəyyən edir. Mənim bütün taleyim, həyatım cinsiyyətimdən asılıdır. Bu orqan məndədir deyə, məni bəzən doğulmamış, elə ana bətnindəcə öldürürlər. Mən doğulanda cinsimə görə atamın qanı qaralır. Anam bu cinsdə övlad doğduğuna görə utanır. Cinsimə görə mənə 5-7-12 yaşımdan yemək bişirmək, paltar yumaq, ütüləmək, balaca bacı-qardaşlarıma baxmaq, böyük və balaca qardaşımdan qorxmaq, onlara tabe olmaq, onlardan icazə almaq öyrədilir. Cinsimə görə məni məktəbə buraxmaq istəmirlər. Məktəbə buraxanda, universitetə buraxmaq istəmirlər. Qardaşıma su qədər asan başa gələn ali təhsil mənə göz yaşları, valideynlərimi intiharımla qorxutmağım, yalvarışlarım bahasına başa gəlir.

Müxtəlif peşələr cinsimə görə üzümə bağlıdır.

Mən öz cinsimə görə uşaqlıqdan narahat olmalıyam. Evə oğlan, kişi girəndə onlardan utanmalıyam. Sadəcə utanmalıyam qız olduğuma görə, cinsimə görə.

Cinsi mənsubiyyətim mənim öhdəliklərimi, həyatda vəzifəmi, necə davranmalı olduğumu müəyyən edir. Bu, məni başqa cinsə müasir yolla köləlik etməyə, ondan asılı olmağa, nəyə görəsə icazə almağa, nəyə görəsə üzr istəməyə məcbur edir. Buna görə dünyanın bir başında çadra örtməyə, o biri başında çadranı soyunmağa vadar edirlər.

Mən uğur qazananda, karyera quranda, şöhrət, pul qazananda “kiminsə yatağından keçərək qazandı” deyirlər. Mən nazir, deputat, ölkə başçısı olanda, kişi həmkarlarımın səhvlərinə göz yuman cəmiyyət bu səhvləri mənim təcrübəsizliyimə, qeyri-kompetentliyimə deyil, qadınlığıma, cinsiyyət orqanıma bağlayır.

Əsrlər uzunu məni ədəbiyyata, elmə, incəsənətə, fəlsəfəyə yaxın buraxmayan, qadağalar qoyan cins, bu gün qadın yazıçılar, alimlər, filosoflar azdır deyə məni ələ salır.

Mənə seksual obyekt kimi, mənə uşaq doğan mexanizm kimi, mənə paltar daşıyan gözəl asılqan, müqəvva kimi baxırlar.

Məni çox zaman təkcə başqa cins deyil, öz cinsim də ələ saldı, təhqir etdi, qadağalar qoydu, işgəncələr verdi. Mən öz həmcinsimdən belə “arvad kimi zıqqıldama”, “arvad kimi qaçıb gizlənmə” sözlərini eşidirəm.

Mənim canımda minillərin əzabı, işgəncələri, təhqirləri, qadağaları var. Amma mən yenə ayaq üstəyəm. Mən işləyirəm, yazıram, film çəkirəm, kosmosa uçuram, ölkə idarə edirəm, sülh üçün çalışıram. Dünyaya insan gətirirəm, sevirəm.

Mən qadınam. Kiminsə məni cinsimə görə alçaltmağa, qadağa qoymağa, idarə etməyə haqqı yoxdur.

Ana səhifəMənim FikrimcəMənim cinsim – mənim taleyim