Dəfələrlə şahidi olmuşam ki, kişi tanışlarım, dostlarım, yaxınlarım oturub Əfqanıstanda, Hindistanda, Pakistanda, İranda və digər ölkələrdə qadınlara edilən haqsızlıqdan danışırlar. Məsələyə sivil münasibətlər, bəşəri dəyərlər kontekstindən yanaşaraq, heyrətlənirlər ki, qadına qarşı necə belə davranmaq olar? Onu necə zorla qaraya bürümək, 13 yaşında zorla ərə vermək, üzünə kimyəvi məhlul atmaq, zinaya və ya ehtimalına görə daşlamaq olar? Onlar səmimi şəkildə təəccüblənirlər ki, necə olur, bu ölkələrin kişiləri bir cinsə qarşı bu qədər qəddar davrana bilir?
Amma bu müzakirələr getdiyi müddətdə 5 dəfə stəkanlarını otaqdakı qadına uzadırlar ki, çay süzsün. Külqabı yoxdursa, otaqdakı qadından istəyirlər – özləri durub külqabını gətirə bilməz. Nəsə hazırlanmalıdırsa, bunu mütləq qadın eləməlidir. Axı bu, onlar üçün təbiidir. Onlar doğulandan buna öyrəşiblər. Münasibətlərin tamam başqa cür formalaşdığı ölkələrə yaşamağa gedəndə də, bu ənənəni orda davam etdirirlər. Soruşanda ki, yaxşı, sən iş bölgüsünün bərabər bölündüyü bir cəmiyyətdə yaşamaq istəyirsən, amma özün niyə əməl etmirsən, deyirlər, belə öyrəşmişik.
Doğrudur. Amma qadına münasibətilə sizi heyrətləndirən ölkələrdən Avropaya, Amerikaya köçənlər də elə öyrəşiblər.
Biz qadınlar da özümüzü, vəziyyətimizi adları sadalanan və sadalanmayan o ölkələrdəki qadınların hüquq və azadlığı, durumları ilə müqayisə edirik. Düşünürük ki, Əfqanıstanda gözlərinə qədər hicaba bürünən, İranda zorlanma qurbanı olanda zorlayanın əvəzinə özü dara çəkilən, Pakistanda ən xırda itaətsizlik zamanı üzlərinə kimyəvi məhlul atıb yandırılan, Hindistanda dörd qardaş üçün bir həyat yoldaşı kimi alınan, müxtəlif ölkələrdə sünnət edilən və s. olmazın zülümlərə qatlanan qadınlara nisbətən daha yaxşı yaşayırıq.
Həmçinin, öz toplumlarımızdan olan kişilərin böyük çoxluğunu yuxarıda sadalanan və sadalanmayan ölkələrdə kişilərin qadın haqlarına yanaşması ilə müqayisə edir və özümüzünkülərə üstünlük veririk. Bizə elə gəlir ki, həmin ölkələrin kişilərinin böyük çoxluğu bizim toplumlardakı əks cinsin böyük çoxluğu ilə müqayisədə vəhşi və ya bizimkilər onların yanında qadına qarşı olduqca sayğılıdırlar.
Belə deyil. Öz cinsim, tarix boyu sırf cinsimizə görə gördüyümüz, qatlaşdığımız və qatlaşmaqda olduğumuz ədalətsizliyə, bərabərsizliyə, huquq tapdanmasına baxanda, bu barədə uzun-uzadı götür-qoy etdikdə, bu nəticəyə gəlirəm ki, qətiyyən belə deyil.
Sadaladığımız ölkələrdə sadə insanların və bizim kimi toplumlarda kişilərin təhsil imkanlarını, insan haqları barədə detallı informasiyaya çıxışını nəzərə alanda, vəziyyətin heç də bizim xeyrimizə olmadığını görməl asandır.
Sadəcə, bizim cins olaraq öz günahımızdır ki, biz öz hüquq və bərabərliyimizi tam şəkildə, mental səviyyədə, təbii hal kimi qəbul edə bilmirik. Biz öz haqlarımızı “evdə və işdə”, “öz aramızda və adam arasında” və s. təsnifatlara ayırırıq. Evdə, ailədə öz haqlarımıza özümüz rişxənd, ironiya ilə, barmaqarası baxırıq. Biz öz azadlığımızı mütləq şəkildə qəbul edə bilmirik. Biz təməl haqqımız olan azadlğımıza, qanunun bizə verdiyi mütləq və qeyd-şərtsiz bərabərliyə ənənələrdən, mentalitetdən, lokal, bizə başqaları tərəfindən sırınan əxlaqdan müxtəlif dar donlar biçirik. Tam və mütləq azadlıq bizə nəsə ayıb, əxlaqsız, qorxulu bir şey kimi gəlir.
Biz öz azadlığımızı cəmiyyətin gözündə uğurlu qadınlar kimi tanınmaq, qəbul edilmək üçün “həyat yoldaşı” kimi sosial statusa, kişilərin maddi qayğısına, psixoloji himayəsinə qurban verməyə razı oluruq. Bizim azadlığımızı sona qədər qəbul etməyən insanlarla bir evdə yaşayır, hər gün haqlarımızın tapdanmasına, azadlığımızın məhdudlaşdırılmasına göz yumur, razı oluruq. Qəbul edə bilmirik ki, bizim azadlığımız mütləqdir, bərabərliyimiz mütləqdir və bu mütləqlik “elədir, amma…” kimi bağlayıcıları qəbul etmir. Çoxumuz bu azadlığa hazır deyilik.
Öz azadlıq və bərabərliyimizə hazır olmadığımız üçün də, bizi məişət qulluqçusu edən, evdən çıxmağımıza, təhsil almağımıza, əyləncəmizə qadağalar və məhdudiyyətlər qoyan kişiləri Əfqanıstanda, Pakistanda, İranda, Malidə və onlarla başqa ölkələrdə qadına əzab, işgəncə verən, təhqir edən insanlarla müqayisə edir və üstünlük veririk.
Halbuki, gözünü açıb, üzünə kimyəvi məhlul atılan anasının o məhlulu atan atasıyla bir evdə yaşadığını görərək, eyni şeyləri təkrarlayan kişilərlə, gözünü açıb evdə yeməyini, paltarıni, bulaşığını, uşağın qayğısını qadının çəkdiyini gördüyü üçün bunu mental olaraq belə qəbul edən kişilər arasında fərq yoxdur. Deməli, biz bu kişilərlə Əfqanıstanda, Pakistanda, Malidə, İranda, Hindistanda yaşasaydıq, onlar bizi sünnət edəcək, kütləvi şəkildə zorlayacaq, krandan asacaq, üzümüzə məhlul atıb yandıracaqdılar.