Məhbus: “Təcridxanaya daxil olduğum gündən Rəşad adlı rəis müavini və digərləri tərəfindən mənə ağır işgəncələr verilib”
Sentyabrın 17-dən həbsdə olan 37 yaşlı Rasim Ramazanov Bakı İstintaq Təcridxanasına gətirildiyi gündən orada həm fiziki, həm də mənəvi işgəncələrə məruz qaldığını bildirir. O, Prezident Administrasiyası, Ombudsman Aparatı, Bakı Şəhər Prokurorluğu və digər qurumlara ünvanladığı şikayət ərizələrində də bu barədə yazıb.
R.Ramazanovun ailə üzvləri Meydan TV-yə bildirib ki, dövlət orqanlarına şikayətlərindən bir ay keçir: “Bu bir ayda işgəncə verənlər barədə heç bir tədbir görülməyib, şikayətə baxan yoxdur. Bunun nəticəsidir ki, təcridxanada işgəncələr də davam edib. Cəzasızlıq mühiti yeni-yeni cinayətlərə rəvac verir. Rasim Ramazanov hələ təqsirləndirilən şəxsdir, heç istintaq başa çatmayıb, məhkəmə başlamayıb, kimin ixtiyarı var ki, onunla cinayətkar kimi davransın? İkincisi, harda yazılıb ki, cinayətkarı döymək, işgəncə vermək təhqir etmək olar? Bu qədər özbaşınalıq olmaz axı…”
R.Ramazanov ailə üzvlərinə intihar həddinə çatdırıldığını yazıb.
“Təcridxanaya daxil olduğum gündən Rəşad adlı rəis müavini və digərləri tərəfindən mənə ağır işgəncələr verilib. Dövlət orqanları ilə yanaşı, təcridxananın rəisi Elnur İsmayılova da bu barədə şikayət ərizəsi yazmışam, Rəşad və digər müavinlərinin əməllərini xəbər vermişəm, tədbir görülməsini istəmişəm. Lakin rəis onlar haqqında tədbir görməkdənsə, məni cərimə kamerasına (kars) saldırdı. Bununla da kifayətlənmədilər. Rəşad tabeliyində olan əməkdaşlara göstəriş verərək, əllərimi yenidən qandallatdırdı və bu vəziyyətdə mənə işgəncələr verməyə başladılar”, – R.Ramazanov məktubunda yazıb.
Onun sözlərinə görə, təcridxana əməkdaşları əllərini qandalla çarpayıya bağlayıb, ağzına da yapışqan vurublar: “Bu vəziyyətdə təpikləyirdilər, yumruqlayırdılar. Rəşad əynimdəki paltarları cırdı, birbaşa bədənimə vururdu. Məni üstümə nəcis töküb alçaltmaqla hədələyirdilər”.
R.Ramazanov ailə üzvlərinə məktubunda yazıb ki, ona nəsə olsa, buna görə Bakı İstintaq Təcridxanasının rəhbərliyilə yanaşı, həm də baş verənlərə göz yuman digər dövlət orqanları məsuliyyət daşıyır.
Penitensiar Xidmət isə bu qurumun tabeliyindəki təcridxana və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə işgəncə verilməsi barədə şikayətlərin əsassız olduğunu bildirir.
“Kiminsə şikayəti varsa, ərizə ilə müraciət etsə, məsələ dərhal araşdırılır”, – deyə Penitensiar Xidmətdən Meydan TV-yə bildirilib.
R.Ramazanov Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 182 (hədə-qorxu ilə tələbetmə) və 228-ci (qanunsuz silah-sursat saxlama) maddələrilə ittiham olunur. Onun barəsində sentyabrın 17-də Abşeron Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.