Prezidentə videomüraciət yaydığı üçün cəzalandırılan AXCP üzvünün şikayəti təmin olunmayıb
Bakı Apelyasiya Məhkəməsində sosial şəbəkələrdə işsizliyə görə körpə uşaqlarını dolandıra bilmədiyini, zibillikdən karton toplayıb satdığını deyərək, prezident İlham Əliyevi ittiham edən AXCP üzvü Aqil Hümbətovun şikayətinə baxılıb. O, videomüraciəti yayılandan sonra – martın 15-də Xəzər Rayon Məhkəməsində hakim Zeynəb Axundovanın çıxardığı qərarla 30 sutka inzibati həbs olunmuşdu.
Aprelin 4-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə keçirilən prosesdə A.Hümbətovun vəkili onun haqqındakı 30 sutka həbs qərarının əsassız olduğunu bildirirb. Vəkilin sözlərinə görə, məhkəmə qərarında onun küçədə polis əməkdaşının tələbinə tabe olmadığı və bu əsasla saxlandığı göstərilsə də, onu martın 14-də axşam sahə müvəkkili və başqa bir polis əməkdaşı gəlib evdən aparıblar. Həmin gün polis idarəsində saxlayıb, martın 15-də məhkəməyə aparıblar.
Müdafiəçi bütün bunların təsdiqlənməsi üçün məhkəmədən müşahidə kameralarının görüntülərinin alınması, şahidlərin dindirilməsini xahiş edib: “Birinci instansiya məhkəməsi obyektiv, ədalətli araşdırma aparmayıb. Bu məsələlər araşdırılsaydı, həqiqət ortaya çıxardı”.
Hakim vəsatəti təmin etməyib. Bildirib ki, bu vəsatətlər Xəzər Rayon Məhkəməsində qaldırılmalıydı.
A.Hümbətov bildirib ki, onu vəkillə təmin etməyiblər, məhkəmədə də bu işə müdafiəçisi olmadan baxılıb. Onun sözlərinə görə, vəkildən imtina etməsi barədə yalan ərizə tərtib edib, işə əlavə ediblər: “O ərizə də, protokol da saxtadır, özləri yazıblar. Mən Xəzər Rayon Məhkəməsində də hakimə demişəm, sübutların araşdırılmasını tələb eləmişəm. Əhəmiyyət verməyiblər”.
Polisə müqavimət ittihamının yalan olduğunu vurğulayan A.Hümbətovun sözlərinə görə, onu prezidentə müraciətinə görə həbs ediblər.
Hakim İlqar Murquzov apelyasiya şikayətinin təmin olunmaması, Xəzər Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qərarının qüvvədə saxlanması barədə qərar qəbul edib.
Xəzər rayonu, Zirə qəsəbəsinin sakini olan A.Hümbətov videomüraciətində deyib ki, işsizdir və üç uşaq böyüdür. O, övladlarını bir qarnı ac, bir qarnı tox, zibil yığmaqla saxladığını bildirir və ölkədəki bu vəziyyətə görə prezidenti günahlandırır.