Nadir Səlifovun qohumu məhkəmə qarşısına çıxarılıb
Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə M.Namazov bildirib ki, ötən il noyabr ayının 23-də yaşadığı evin qapısı döyülüb və bir nəfər ondan həyətdə olan maşının ona məxsus olub-olmamasını soruşub:
“Mən də oğlumun əlindən tutub aşağı düşdüm. Həmin vaxt bir neçə nəfər töküldü və məni tutub Nəsimi rayon Polis İdarəsinə apardılar. Oğlum qaldı oradakıların ayaqları altında. İdarədə soruşdum: “Məni niyə tutmusunuz?” Məndən Lotu Quli ilə qohum olub-olmadığımı soruşdular. Mən də təsdiq etdim. Dedilər: “Səni ona görə tutmuşuq, nə bilirsənsə, bizə deməlisən. Çıxış yolun ancaq budur”. Mən də dedim bildiyim odur ki, 22 ildir həbsdədir. Onunla şəklimizi göstərib, bunu nə vaxt çəkdirdiyimizi soruşdular. Dedim, on il əvvəl yanına gedəndə çəkilib. Dedilər: “Sən deyiləni eləmirsən. Sən çox şey bilirsən, ancaq danışmırsan. Əlində natkotiki gətirdi ki, bu, indi sənin olacaq”. Gətirib cibimə qoydular, sonra da çıxartdılar. Sonra oradan məni evimin həyətinə gətirdilər. Maşının qapısını açıb biri narkotiki qoydu, o biri götürdü. Nə qədər elədilər mən protokola qol çəkmədim. Bir həftə məni idarədə saxladılar və gecə səhərə kimi zülm etdilər. Dedilər: “İstədiyimizi elə”. Sonra da gəlib qucaqladılar ki, sən yaxşı oğlansan, ancaq bizə yuxarıdan belə tapşırıq verilib. Yetmişinci ildən qalan bıçağı evimdən götürüblər. Atam məşhur qəssab olub, evim də böyükdü. Bir bıçaqla oynayası deyiləm. Patronların da mənə adiyyatı yoxdur. Narkotiki necə, onu da elə mənə aid ediblər. Hamı bilir ki, yükləmədir, yükləyiblər”.
Prokuror ondan niyə sənədlərə imza etdiyini soruşub. O bildirib ki, heç bir imza ona məxsus deyil və ekspertiza keçirilsə, bu, sübut olunar: “Ailə üzvlərimə də deyiblər “buraya qol çək”, onlar da çəkiblər”.
Hakim deyib ki, ona evdən tapılan bıçaqla bağlı ittiham verilməyib.
Proses noyabrın 29-da davam edəcək. Həmin gün M.Namazov vəkillərinin suallarını cavablandıracaq.
Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
M.Namazov ittihamları qəbul etmir.