”Məni hədələyib, prezidentin gözündən salacaqlarını deyirdilər”

Miryusif Mahmudov son söz dedi

Source:


Miryusif Mahmudov son söz dedi

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi yaşayış binasında baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Ələkbər Əsgərov son sözlə çıxış edərək, təqsirsiz olduğunu deyib. Bildirib ki, məhkəmə bəraətini verəcəyinə inanır.

Təqsirləndirilən Ədalət Rəcov da təqsiri olmadığını, ittihamın əsassız olduğunu deyib.

Nizami Orucov isə günahsız olduğunu deyib və bəraət hökmünün çıxarılmasını istəyib.

Miryusif Mahmudov isə bildirib ki, məhkəmə dövründə baş verən hadisənin əsl səbəbi üzə çıxıb:

“Elin gözü tərəzidir. Bu tərəzi də, hörmətli hakim, sizin əlinizdədir. İnanırıq ki, düzgün qərar qəbul edəcəksiniz. Dövlətini sevən şəxs istənilən sahədə faydalı iş görə bilər. Mənim sahibkarlıq dövründə 500 işçim olub. Məni hədələyib, prezidentin gözündən salacaqlarını deyirdilər. Mən bu gün onları alqışlayıram, istəklərinə çatdılar, çox qüdrətli adamlardılar. Mən prezdentin fanatı olmuşam. Ulu öndərin siyasi xətti ilə 1996-cı ildə Azərbaycana gəlmişəm, burada iş qurmağa başlamışam. Bu gün məhkəmənin qərarından asılı olmayaraq prezdentimi sevirəm, sevəcəm də. Çünki mən, Miryusif Mahmudov, bir məqsədim var. Düşmənin dəyirmanına su tökmək lazım deyil. Bu, mənim hadisə ilə bağlı fikirlərimdir. Mayın 20-də prezdent yanında keçirilən müşavirədə haqqımda ona düzgün məlumat verməyiblər. Bizim işimiz standartlara uyğun olub. Binanı yandıranlar yolda tixac yaratdılar, imkan vermədilər yanğın söndürənlər vaxtında hadisə yerinə çatsınlar. Mən məhkəmədən bəraət istəmirəm, tarix mənim bəraətimi verəcək. Məhkəmədən həbsdə yatdığım dövrümü istəyirəm, ailəmi-uşağımın yanına gedim”.

Təqsirləndirilən Akif Əlibəyov çıxışı zamanı qeyd edib ki, günahsızdır. O, hakimdən bəarət verilməsini istəyib.

Ağacavad Məmmədov deyib ki, əməlində cinayət tərkibi yoxdur. O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən Uğur Bəşirov çıxış etməyə hazır olmadığını deyib. Buna görə də prosesin davamı yanvarın 26-a təyin edilib.

Prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

2015 il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.

Ana səhifəXəbərlər”Məni hədələyib, prezidentin gözündən salacaqlarını deyirdilər”