Franz Kafka-nın “Metamorphosis”- (“Çevrilmə”) novellasını oxuyan bir çox insan stress yaşayır. Kitabı oxumağa başlayanda ədəbi şok yaşadım. Təsəvvür edin, bir səhər yuxudan ayılanda, görürsünüz ki, böcəyə çevrilmisiniz. Nə edərdiniz? Hansı hisslər keçirərdiniz? Mən oxuduqca bu təsəvvürlərə qapıldım. Bədənim və ruhum sanki qəhrəmanın çəkdiyi iztirabları yaşadı. Tüklərim biz-biz olurdu. Əsərə elə konsentrasiya ilə girişmişdim ki, elə bilirdim xəyali tufan burulğanı məni ağuşuna alıb, göylərdən yerə çırparaq böcəyə çevirib.
Bu hisslər mənə bir növ tanışdır. Qəza keçirəndən sonra fiziki durumum dəyişdi. Məhdudiyyətlər və məhrumiyyətlər təbii olaraq fiziki normativimə çevrildi. Bir zamanlar göydə akrobatik hərəkət edirdim, indi bir sm. addım ata bilmirəm. “Çevrilmə”nin qəhrəmanı Qreqor kimi qayğılara daha çox ehtiyac duyan, ev dustağı kimi olmuşam. Bəzən məni də, onun kimi başa düşmürlər…
Novelladan bir az da yazım. Əsərin məzmunu fantastikdir. Frans Kafkanın həyatı məşəqqətli olub. Cümlələrdən yazıçının ağır həyatının əksini açıq hiss etmək olur. Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnlz müəllif kimi hadisəni təsvir edir. Kafkann bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir.
Bir sözlə, oxunmalı əsərdir.
Bir dəfə tanışlardan biri mənə dedi ki, Azərbaycanda əlilliyi olan insanlar küçəyə bayıra çıxmırlar. Onu başa saldım ki, niyə çıxmırlar. Bunun bir çox bəlli səbəbləri var. Dəfələrlə yazmışam, yenə də yazım. İnfrastrikturun və nəqliyyatın bərbad olmağı əsas səbəbdir. Əgər əlil arabası ilə şəhərin mərkəzində belə müstəqil hərəkət etməyim mümkün deyilsə, təbii olaraq əlilliyi olan insanları çöldə-bayırda görmək müşkül məsələyə çevriləcək. Əgər əlilliyimə görə ayda heç bir iqdisadi göstəriciyə uyğun olmayan 67 manat sosial muavinat alıramsa, şəhərin mərkəzinə çıxmağım taksi ilə 20-25 manata başa gəlirsə, o pulu hər dəfə necə tapıb çıxaq şəhərə?!
Şəxsən mən küçədə-bayırda olarkən mənə olan axmaq və yazıq baxışlarını, qulaq çəkmələrini, dilənçi zənn edib, pul uzatmalarını çox da vecimə almıram. Amma əksər əlilliyi olan tanışlarım evlərinə qapanıblar. Bəzilərinin həm də yaxşı maddi imkanları da var. Buna baxmayaraq, cəmiyyətin onlara yuxarıda qeyd etdiklərimi ötürməsi onları ağır kompleksə salıb, ev dustağına çevirib. Onlar şəhərin mərkəzində və digər yerlərində ancaq dost və yaxınlarının avtomobilində gəzirlər. Mən hələ elə o cür avtomobil vasitəsi ilə gəzməyə həsrət olanları demirəm.
Təzəlikcə özümdə qəribə bir şey müşahidə etmişəm. O qədər evdə oluram ki, həyətə çıxanda ətrafa və insanlara qarşı özümdə qeyri uyğunluq hiss edirəm. Yarım ya bir saata ancaq uyğunlaşıram. Adaptasiya o dəqiqə baş vermir. Hətta mənə zillənən kütləvi baxışlar bir az sıxılmağıma səbəb olur. Sonra keçir. Əslində, heç bir əlilliyi olmayan insan da günlərlə, həftələrlə evdə bayıra çıxmasa, sonra çölə çıxarkən eyni mənim kimi hislər yaşaya bilər.
Təsiredici məqamlardan biri də odur ki, insanlarımızın davranışındakı təkamülü daha aydın görürəm. Bu onunla əlaqədardır ki, cəmiyyət və ictimaiyyət arasında tez-tez bulunmuram. Bəzən özümü fantastik romanlardakı yüz il yatıb, sonra oyanmış personajlar kimi hiss edirəm. Onlar həmin yüzillik yuxudan oyanandan sonra ətrafdakılar onlara anlaşılmaz gəlir. İnsanlarımızın mental və əxlaq davranışları günü-gündən dəyişir. Builki streotiplər növbəti illər üçün bayağı bir davranışa çevrilir.
Bir dəfə reabilitasiya mərkəzində olanda orda tanış olduğum oğlan mənə demişdi ki, “keçirdiyim qəzadan sonra o qədər ora-bura çıxmıram ki, dost-tanışla görüşəndə onların davranışları bəzən mənə çox qəribə gəlir. İnsanlar hər gün müasirləşir. Və mənə ən çox təsir edən o ola bilər ki, illər sonra qızım böyüyəcək (həmin oğlanın azyaşlı qızı var) və sabah qızımı istəyən oğlan bizə elçi gələndə, onun davranışları mənə tam çatmadığı üçün dava-dalaş yaradacam”.
Bəli, hökumət və cəmiyyət birləşib, əlilliyi olan insanları hər gün bu ölkədə diskriminasiyaya uğradır. Amma bir çox əlilliyi olan insanlar var ki, onlar dayanmadan öz haqqları uğrunda mübarizə aparır. Seymur Baycanın yazılarında çox vaxt qeyd etdiyi bir prinsip var ki, “Kölələr hər zaman başqalarını özləri kimi görmək istəyirlər. Onlar mübarizə aparan insanlara nifrət edir və həmin mübarizəyə lağ edirlər.”
Mənim həmin kölələrin nifrət və lağ-lağları vecimə deyil. Mən onlara qarşı da mübarizə aparıram. Məhrumiyyət və məhdudiyyətlərə rəğmən mən mübarizəmi davam etdirəcəm və böcək olub, kimlərinsə məni əzməsinə imkan verməyəcəm. Heç şübhəsiz günəşli günlər bizə çox yaxındır və biz o günləri görəcəyik!
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.