Mənəvi dəyərlər və korrupsiya

Başqalarının haqqına girmək, insan hüquqlarının tapdanması nə savada baxır, nə də peşəkarlığa

Source: Meydan TV


Başqalarının haqqına girmək, insan hüquqlarının tapdanması nə savada baxır, nə də peşəkarlığa

Ukraynanın sayca 6-cı Prezidenti Volodimir Zelenski andiçmə mərasimində məmurlar qarşısında ilk tələbini qoyub: “Kabinetlərinizdə divarlara mənim yox, öz uşaqlarınızın şəkillərini asın və hər hansı qərar qəbul edəndə onların gözlərinə baxın”.

Bu səsləniş birbaşa vicdana xitabdır. Təsəvvür edin ki, hansısa məmur rüşvət almaq istəyərkən gözləri övladının şəkilinə sataşır və aldığı həmin haram pulla uşağını yedirib-yetişdirdiyini göz önünə gətirir və çirkin əməldən vaz keçir. Əlbəttə vicdanı olmayan kəs övladının portetinə baxıb, rüşvəti alaraq “bunu onun daha yaxşı həyat sürməsi üçün edirəm” fikirində olacaqdır. Bütün hallarda Zelenskinin həmin tələbi hamıya təsir etməsə də, bir çox məmuru vicdanı ilə üz-üzə qoyacaq.

Korrupsiyanın, rüşvətin necə iyrənc bir şey olduğu bəllidir.

Nədir korrupsiya?

Korrupsiyanın nə olması ilə bağlı bir çox anlayış mövcuddur. Dünya Bankına görə, korrupsiya – öz ictimai mövqeyindən şəxsi maraqlar üçün istifadəyə deyilir. Korrupsiyaya daha geniş anlayış isə Avropa Komissiyası tərəfindən verilib. Korrupsiya rüşvət və bu kimi mənfi halları əhatə etməklə şəxsi maraqları güdən, ictimai marağa zidd olan, qanunlardan kənar fəaliyyətdir.


Korrupsiya

— dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Korrupsiya istənilən sahədə inkişafa mane olan siyasi və iqtisadi haldır.

Yəni korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən yararlanıb qanunları saya salmadan bu və ya başqa məsələni hansısa bir cinayətkar, mafioz, inhisarçı qrupun xeyrinə həll etməsidir.

Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən məsəslələrin “qısa” yolla həllinin həyata keçirildiyi anlayış –

rüşvətdir

.


Rüşvət

– hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Bəli, rüşvət korrupsiyanın əsasını təşkil edir.

Oxuculardan kimsə düşünə bilər ki, hamı korrupsiya və rüşvətin nə olduğunu bildiyi halda yazıda onlar barədə bu qədər məlumata nə gərək vardı?!

Gərəkli olan isə xatırlatmadır. Çünki insan unutqandır. Təkrar oxunulan, görülən şeylər impulsiv effektə malikdir. Təəssüf ki, bizə nə məktəbdə, nə də ailədə korrupsiyanın və rüşvətin oğurluq və vicdansızlıq olduğunu tez-tez xatırlatmırlar. Bu barədə çox səthi məlumat verməklə kifayətlənən müəllimlərimiz və valideynlərimiz bizi gələcək təhlükədən nə qoruyur, nə də, ümumiyyətlə, xəbərdar edirlər.

Mən xatırlamıram ki, nə vaxtsa məktəbdə bizə korrupsiya və rüşvət haqda təlim-tərbiyə versinlər. Əlbəttə, bu, onlara sərf etmir. Həm Təhsil Nazirliyi özü maraqlı olmalıdır ki, təhsil ocaqlarında şagirdlərə şəxsi keyfiyyətlər aşılansın və məktəblər “insan” yetişdirməyə xidmət etsin.

Faktiki olaraq hətta çox savadlı kəs də gələcəyin korrupsioner və avtoritar şəxsinə çevirilmə potensialında olur. Savadlı olmaq əxlaqsız olmağa əngəl yaratmır.

İosif Stalin savadlı olub, çoxsaylı kitablar oxuyub, əsl kitabqurdu olub. Ancaq yenə də milyonlarla insanın qırılmasına fərman verib, onların işgəncə çəkməyinə birbaşa səbəbkar olub.

Başqalarının haqqına girmək, insan hüquqlarının tapdanması nə savada baxır, nə də peşəkarlığa. Bu insanın daxili mənəvi dəyərləri ilə bağlıdır. Dəyərləri olan şəxs başqaları görmədiyi halda da vicdanı ilə birgə olur. O şəxslər, anlayır ki, həyatda puldan, hakimiyyət və var-dövlətdən də vacib şeylər var. Hətta həmin adamların nəfsi və ehtirası nə vaxtsa şiddətli şəkildə onları pis əmələ təhrik etsə də, onlar, içindəki mənfi burulğanı aradan qaldıra da bilirlər. Mənəvi dəyərlər bu həyatda şəxsi xoşbəxtlikdən də uca yer tutur. Dəyərlərinə sadiq olan biri xoşbəxtliyi naminə prinsiplərinə xəyanət etmir.

Bu dünyada insanların əsas həyat motivimi – xoşbəxt olmaqdır. Hətta rüşvət alan da, oğurluq edən də bu kimi şeyləri daha xoşbəxt olmaq üçün edir. Alicənab biri isə öz xoşbəxtliyini dəyərləri ilə əldə edir. Hətta dəyərlərindən dönməmək onu incitsə də, itkilərinə səbəb olsa da, o yenə də həmin dəyərlərə sədaqətli olur. İnsanı insan edən də məhz budur.

Bir də belə kəslər var – onlar hökuməti korrupsiyaya və rüşvətxorluğa bulaşdığına görə qınayırlar, ancaq özləri də hansısa layihələrə görə aldıqları qrantlarda “yeyinti” hallarına yol verirlər. Bu təzadlı hal onu göstərir ki, qınayanlar qınanılanlardan mahiyyətcə fərqlənmirlər. Onların da əlində hakimiyyət olsa yenə də korrupsiya və oğurluq dəyirmanı dönməyə davam edəcək.

Mənəvi dəyərləri olan alicənab adamlar isə ən varlı adamlardır. Bu isə əsl xoşbəxtlikdir.

Ana səhifəXəbərlərMənəvi dəyərlər və korrupsiya