“Mənə platformada 84 nəfərin olduğunu dedilər”


Mirvari Qəhrəmanlı: “Dövlət Komissiyası ədalətli araşdırma aparsa, çox şeylər aydınlaşacaq”



Gündəmin mövzusu dekabrın 4-də “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş insanlardır. Bu məqsədlə suallarımızı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlıya ünvanladıq.



Mirvari xanım, 4 dekabr “Günəşli” yatağındakı faciədən 4 gün ötür, bu müddətdə yanğının söndürülməməsi obyektiv, yoxsa subyektiv səbəblərdəndir?

– Yanğının söndürülə bilməməsi obyektiv səbəblərdəndir. Çünki neft-qaz yatağında baş verən yanğın gec söndürülür, qaz yanır, neft var. Xatırlayırsınızsa, Abşeronda baş verən yanğın da uzun müddət söndürülmədi, səbəb qazın olması idi. İndi də yəqin ki, 10 gün yanğın davam edəcək, yəni bundan sonra 6 gün də yanacaq.



SOCAR-in vitse-prezidenti Xoşbəxt Yusifzadə başda olmaqla şirkət rəsmilərinin hadisənin səhəri günü keçirdikləri mətbuat konfransı sizdə hansı təəssürat yaratdı?

– Mətbuat konfransında rəsmilər nəyi açıqlamaq səlahiyyətində idilər, ondan da danışırlar. Hansı ki, onların söylədiklərini mən hadisə olan günü Facebook səhifəmdə yarım saatrdan bir ictimaiyyətə çatdırırdım. Onlar mənim söylədiklərimdən artıq heç nə demədilər, heç gözləmirdim də. Ümumiyyətlə, Dövlət Komissiyasının dəqiq rəyi olmadan üzərlərinə məsuliyyət götürüb bundan artığını da deyə bilməzdilər.



O zaman sual yaranır, Dövlət Komissiyasə nəyi araşdırmalıdır?

– Komissiya çox şeyi araşdırmalıdır.



Məsələn?

– Mən neft sektorunda uzun müddət işləmiş mühəndis kimi hesab edirəm ki, adətən, bu cür faciələr baş verəndə orada Həmkarlar Təşkilatı və Əmək Müfəttişliyinin iştirakı ilə Dövlət Komissiyası yaradılır. Komissiya birinsi olaraq “yanğın nə cür baş verib, qəza nədən yaranıb” suallarına cavab verməlidir, bu sualları detallarına qədər araşdırmaq lazımdır. İkincisi, həmin hava şəraitində, küləkli gündə hansı işlər görülməliydi və görülübmü? Bu suala cavab verilməlidir. Mən komissiya üzvü olsaydım, yanğının törənmə səbəbləri haqda o qədər suallar verərdim ki. Ona görə də Dövlət Komissiyası əsasən yanğının səbəblərini, təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasının səbəblərini, təxliyyəni, təxliyyə zamanı yanğından mühafizə mexanizmlərinin işləyib-işləmədiyini  araşdırmalıdır. Əslində Dövlət Komissiyasının sədri baş nazir Artur Rəsizadə olmamalı idi və komissiyanın tərkibinə nazirlərdən savayı mütəxəssislər daxil edilməliydi. Bir daha deyirəm, komissiya cəmiyyətin gözlədikləri çoxlu suallara cavab verməlidir.



Siz hansı sualı daha vacib hesab edirsiniz?

– Məncə, birinci sual yanğının səbəbləri yox, adamların təxliyyəsi barədə olmalıdır. Çünki birinci amil insandır.



Əgər hava haqqında məlumat əvvəlcədən verilmişdirsə, yəni küləkli və yağışlı bir gün olacağı məlum idisə, fəhlələr işə çıxarılmalıydımı?

–  Birincisi, yağışlı, küləkli, qasırğa olan günlərdən əvvəl SOCAR, “Azneft” və “28 may” adına Neft-qazçıxarma İdarəsi, o cümlədən, platformalar, hamısı telefonaqrama alır. Ona görə platformalar gözlənilən təbii hava şəraitinə hazır olmalıdır. Bütün bunlara ciddi nəzarət olmalıdır və icra işi yüksək səviyyədə həyata keçirilməlidir. Sual yaranır; insanlar əvvəlcədən ordan köçürülməliydimi? Yox. Çünki fasiləli və fasiləsiz iş var, neft və qaz çıxartma fasiləsizdir. İkincisi, həmin şəraitdə insanlar qapalı və təhlükəsizlik yerdə olmalıdır. Mən platformada 84 nəfərin olduğunu tez-tez deyirəm, təki təsdiq olunmasın. Sual yaranır; niyə həmin qasırğalı-küləkli gündə tikinti-quarşdırma işçiləri və qazmaçılar orda olub? Əgər əvvəlcədən gəlmişdilərsə, niyə geri q

aytarılmayıblar? Ancaq işi saxlayıb bütün platformanı boşaltmaq olmaz. Bütün hallarda komissiya bu suallara cavab versə, aydınlıq yaranar.



Hüquqşünas Müzəffər Baxış Meydan TV-yə bildirib ki, SOCAR prezidenti Rövnəq Abdullayevi Cinayət Məcəlləsinin çoxlu sayda maddəsilə cəzalandırmaq olar. Siz cənab Abdullayevin  məsuliyyətini hansı səviyyədə görürsünüz?

– Müzəffər müəllim hüquqşünas olduğundan nəyisə əsaslandırır. Amma Rövnəq Abdullayevə qədər çoxlu sayda insanlar var ki, məsuliyyət daşıyır, o adamlar məsuliyyətdən kənar qalmamalıdır.



Konkretləşdirə bilərsinizmi?

– Əlbəttə. Bütün hallarda təhlükəsizlik qaydalarının icrasına nəzarət məsələsinə baxılmalıdır. İkincisi, “28 may” adına Neft-qazçıxarma İdarəsinin baş mühəndisi, onun tabeliyində olan təhlükəsizlik xidməti – bura şöbələr, komendat və başqaları daxildir. Sual yaranır; Daşqın İsgəndərov, yoxsa “28 may” adına Neft-qazçıxarma İdarəsinin rəisi Rövşən Qarayev məsuliyyət daşıyır? Əmək Məcəlləsinin 215-ci maddəsinə görə işə götürənin məsuliyyət daşıdığından Rövşən Qarayevin adını çəkdim. Bəli, Xoşbəxt Yusifzadə başda olmaqla şirkətin də məsuliyyəti var. Əgər araşdırma “Azneft”i üzə çıxartsa, Daşqın İsgəndərovun məsuliyyətindən danışmalı olacağıq. Yox, tam məsuliyyət SOCAR-ın üzərinə düşəcəksə, o zaman Rövnəq Abdullayev məsuliyyət daşıyacaq. Bir daha deyirəm, bütövlükdə təxliyyə olunmamasının səbəbini araşdırmaq lazımdır. Mən, ümumiyyətlə, hökuməti daha çox ittiham edirəm. Problem ondadır ki, SOCAR Azərbaycan dövlətinin ikinci büdcəsi olub, adicə quyu da qazanda yenə şirkətin üzərinə məsuliyyət qoyurlar. Ancaq şirkət BMT-nin baş sazişinə, Korporativ Sosial Məsuliyyətə qoşula bilmir və müəyyən öhdəliklər götürüb sosial proqramlar həyata keçirə bilmir. Səbəb yenə də ARDNŞ-in dövlətin ikinci büdcəsinə çevrilməsidir. Ona görə də Dövlət Komissiyası ədalətli araşdırma aparsa, çox şeylər aydınlaşacaq.



Siz insan ölümünə toxundunuz, amma yenə də dəqiqləşdirməyə ehtiyac var. Platformada həmin gün neçə nəfər olub?

– Yanğın başlayan andan məlumat almışam və Facebook-da yarım saatdan bir statuslar yazmışam.  Çox maraqlıdır, mənə zəng olan kimi 84 nəfərin platformada olduğunu dedilər. Niyə 90, yaxud 54, 64, 70 yox, 84 nəfər? Təki mən səhv edim. “Azneft” 42 nəfər dedi, yəqin onlar platforma işçilərini nəzərdə tutub. Mən əlavə qurumların da işçilərinin orda olduğunu xatırlatdım. Məsələ ondadır ki,  platformaya gedən işçilərin hamısı qeydiyyatdan keçir, ora gedəndə də, platformaya düşəndə də. Bir də var “28 may” adına Neft-qazçıxarma İdarəsindən göndərilən işçilər. Bəlkə şübhələrim yersizdir, təki səhv edim və 63 nəfərin olduğu təsdiqlənsin.



Mirvari xanım, bundan sonra hökumət və SOCAR hansı işlər görməlidir ki, bu cür faciələrlə üzləşməyək?

– Birinci, hökumət Dövlət Neft Şirkətində normal struktur islahatlarının keçirilməsinə imkan verməlidir. İkinci, Şirkətin üzərindən ikinci büdcə götürülməli və şirkət biznes quruma çevrilməlidir. Üçüncü, Xəzər Dəniz Neft Donanması SOCAR-ın tərkibinə qaytarılmalıdır, şirkət nə vaxta qədər bp-nin gəmilərinə möhtac qalacaq?! Dördüncü, bütün platformaların, estakadaların, özüllərin intervisiyası aparılmalı və köhnə yataqlara sərmayə qoyulmalıdır. Çünki təkcə ötən il SOCAR-da 4 qəza baş verib.

Ana səhifəVideo“Mənə platformada 84 nəfərin olduğunu dedilər”