''Mənə görə seperatçılarla yaşamağı qəbul edənlər vətən xainidir''

Sergey Sviridenko

Sergey Sviridenko

Ukraynada məcburi köçkünlər ayrı-seçkilikdən şikayətlənir

BMT-nin Miqrasiya Agentliyinin 2018-ci ilin iyun ayında hazırladığı ən son hesabatına əsasən Ukraynadakı münaqişənin beşinci ilində ölkədə 1,5 milyon insan məcburi köçkün kimi qeydə alınıb.

Sergey Sviridenko

Sergey Sviridenko



Sergey Sviridenko 2014-cü ildə müharibə başlayanda ailəsi ilə birlikdə yaşadığı Donetsk vilayətindən qaçmalı olub.

“Orda qalsaydım, ailəmin təhlükəsizliyinə kim təminat verə bilərdi? Uşaqlarımı orda necə böyüdə bilərdim?!”- deyir Sergey o günləri xatırlayaraq əlavə edir: “Məcbur olub ordan çıxdıq. Portuqalyaya qaçqın kimi getdik. Elə mənim ailəm kimi çox ailə müxtəlif Avropa ölkələrinə sığınacaq üçün müraciət edib”.

Lakin Ukraynadan fərqli mühitə öyrəşə bilmədiyini deyən Sergey geri qayıdıb və Ukraynanın Kramatorsk şəhərinə yerləşib.

Kramatorsk Ukraynanın şərqində, hazırda bölücü-işğalçı hərbi güclərin nəzarətində olan Donetsk şəhərinin şimal hissəsində yerləşən şəhərdir. 200 min əhalisi olan hərbi əhəmiyyətli bu şəhər 2014-cü ildə seperatçıların əlinə keçən, lakin sonradan Ukrayna ordularının geri aldığı, “alınmaz qala” adlandırılan Slayvansk qəsəbəsinin 50 kilometrliyində yerləşir. Müxtəlif zamanlarda rus ordusu və seperatçılar tərəfindən hücumlara məruz qalan Kramotorskda hazırda 50 minə qədər məcburi köçkün yaşayır.



Sergey Donetskdə yaratdığı pendir brendinin istehsalını Kramatorskda davam etdirir:

“Müharibə başlayanda Donetskdə biznesimi qoyub gəldim. Nə qədər pendir istehsal etmişdik, hamısını atdım. Bütün biznesimi, evimi qoyub çıxmağa məcbur oldum. Biz ordan çıxanda hamımız düşünürdük ki, ən çoxu 2 aya kimi qayıdacağıq. Bizə həmişə ümid verirlər ki, bu münaqişə tezliklə bitəcək. Heç kim ehtimal vermirdi ki, müharibə bu qədər uzun çəkər“.

Sergey kimi 31 yaşlı Roman Balaboyko da yaşadığı Donbass vilayətini tərk etməli olub. Roman Donbassı tərk etdiyi üçün bəzi tanışlarının onu qınadığını deyir:

“Qohumlarımın bir qismi orada qalıb. Onlar evimi tərk etdiyim üçün məni “vətən xaini” adlandırır. Mənə görə də seperatçılarla yaşamağı qəbul etdikləri üçün onlar vətən xainidir. O qədər rus kanalları izləyiblər ki, zombiləşiblər. Seperatçılar vətənimi tərk etmədikcə, Dombassa qayıtmaq istəmirəm”.

Roman  Balaboyko

Roman Balaboyko



“Bilirsiniz, bura da Ukraynadır, mənim vətənimdir. Ancaq insan yenə də öz evi, dostları üçün darıxır. Biz hamımız inanırıq ki, nə vaxtsa evimizə qayıdacağıq. İndi hərə bir yerə gedib. Hamı çalışır ailəsini təhlükəsiz bir yerdə saxlasın” – Roman əlavə edir.

Kramatorskda ailəsi və azyaşlı uşaqları ilə həyatını davam etdirən Artur Baranov evlərinin yaxınlığında partlayan bombaları xatırlayır:

“Evimizi yeni təmir etdirmişdik. Bizə ümid verirdilər ki, tez bir vaxtda evimizə qayıdacağıq. Bütün malımızı qoyub çıxmalı olduq. Sadəcə yaşamaq üçün... Müharibədən az sonra övladım dünyaya gəldi. Yeganə təsəllimiz o oldu”.


Ailəsi ilə birlikdə Donetskdən Kramatorska köçən Oksana Muravleva deyir ki, qaçandan sonra əşyalarını almaq üçün Donetskə qayıtmağa məcbur olub. Oksana əlavə edir ki, Ukraynada sadəcə fiziki deyil, ideoloji müharibə də gedir:

“Bizim ora qayıtmağımız mümkün deyil. Bir dəfə əşyalarımı almaq üçün qayıtmalı oldum. Olduqca kədərli mənzərə ilə qarşılaşdım. Rus əsgərləri tankların üzərində xoşbəxt görünürdülər. Məni görən qonşum dərhal yolumu kəsdi və dedi ki, siz Ukraynanı müdafiə edirsiniz. Bu dəqiqə Donetskin xüsusi kəşfiyyat agentliyinə zəng edəcəm. Mən də dərhal oranı tərk etməli oldum. Ukraynada fiziki düşmənlərlə yanaşı, ideoloji düşmənlərlə də üz-üzə dayanmışıq”.

“Bilirsiniz bütün dövlət işçilərini, savadlı ukraynalıları ruslarla əvəz etdilər. İndi Donetskdə qalan xalq həqiqəti anlamır. Baxmayaraq ki, 5 il keçib, onlar həqiqəti başa düşmür. Məcburi köçkün kimi gələn ukraynalıların isə hələ də problemləri var. İndi bizim üçün əsas məsələ məcburi köçkünlərin inteqrasiyası üçün çalışmaq olmalıdır. Digər halda onlar üçün həyat daha da çətin olacaq”, - deyə Oksana bildirir.

Kramatorsk köçkünlər yataqxanası

Kramatorsk köçkünlər yataqxanası



Kramatorskda 50 min nəfərə qədər məcburi köçkün yaşayır. Şəhərdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yataqxana Avropa Birliyinin maliyyə dəstəyi ilə yenidən təmir olunub. Binada 15 ayrı mənzil var. Hər mənzildə sanitar qovşağı, mətbəx, 1 və ya 2 yataq otağı var. Bütün otaqlarda 2 mərtəbəli çarpayılar qoyulub. 1-ci mərtəbədə isə hərəkət məhdudiyyəti olan məcburi köçkünlər üçün ayrıca 2 mənzil hazırlanıb. Kramatorskda buna bənzər 3 sığınacaq təmir olunub. Ümumilikdə məcburi köçkünlər üçün 85 mənzil hazırlansa da, onların sayı ilə müqayisədə, bu, olduqca azdır.

İrina Siedova

İrina Siedova

Ailəsi ilə birlikdə Krımdan qaçaraq Ukraynaya gələn Krım İnsan Haqları Qrupunun media koordinatoru və tədqiqatçısı İrina Siedova Ukraynada məcburi köçkünlərin bir çox problemlə üzləşdiyini deyir. Krımda jurnalist olaraq çalışan İrina Rusiyanın Krımı işğalından sonra ölkəni tərk etməli olub:

“Krımda jurnalist kimi çalışırdım. Rusiya Krımdakı bütün insan haqları müdafiəçilərini, jurnalistləri təqib etməyə başladı. Bir çoxunu həbs etdi. Mənim kimi təzyiqlərlə üzləşən bir çox həmkarım bölgəni tərk etməli olduq”.

İrina Siedova hal-hazırda Krımdan köçən məcburi köçkünlərin problemləri ilə maraqlanan insan haqları təşkilatında çalışır:

“Burada məcburi köçkünlərin həddən artıq çox problemi var. Əvvəla, onların çoxu qeydiyyata düşə bilmir. Buna görə də sənədləşmə problemləri olur. Bir çoxu uşağını məktəbə, bağçaya göndərə bilmir. Beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ukrayna höküməti məcburi köçkünlərlə bağlı problemləri həll etmir”.

Kramatorsk köçkünlər yataqxanası

Kramatorsk köçkünlər yataqxanası

“Digər məsələ işsizliklə bağlıdır” – İ. Siedova davam edir – “Bir çoxu Ukraynanın şərqindən gələnlərə kirayə ev vermək istəmir. Çünki qorxurlar seperatist olsun. Ukraynada məcburi köçkünlər üçün kifayət qədər yataqxanalar tikilməyib. Onlara verilən yardım isə olduqca azdır”.

Ukraynada məcburi köçkünlərə ev kirayələrini ödəmələri üçün dövlət tərəfindən çox kiçik məbləğdə (adambaşına təxminən 15 dollar) yardım ayrılır. Şəxslər iş tapdıqda isə bu yardım ləğv olunur.

“Bu pul ev kirayəsinin yarısını belə ödəmir, xüsusilə Kiyevdə yaşayırsınızsa”, - deyən Siedova əlavə edir ki, məcburi köçkünlər iş tapmaq problemi ilə də üzləşir:

“Kiyevdə yaşayan məcburi köçkünlər nisbətən iş tapa bilir. Bölgələrdə isə vəziyyət daha pisdir. Köçkünlər müxtəlif yerlərdə yaşayır. Biz müəyyən tədbirlərdə görüşüb, öz problemimizi necə həll edə bilərik, onu bir-birimizlə bölüşürük”.

Kramatorsk şəhər administrasiyasında görüşümüz zamanı bildirdilər k, ev tapmaq məsələsini köçkünlər özləri həll edir. Ukrayna hökuməti onların sadəcə ev kirayələrini qarşılamaq üçün adambaşına təxminən 15 dollar ayırır. Əlavə olaraq məcburi köçkün ailələrinin bütün uşaqlarına məktəblərdə pulsuz yemək verilir. Ukrayna qanunvericiliyinə əsasən 1-4 sinif şagirdləri və aztəminatlı ailələrin uşaqları üçün standart yeməklər pulsuzdur. Kramatorskda isə bütün məcburi köçkünlərin uşaqları bu siyahıya daxil edilib. Bunun xaricində Ukraynada məcburi köçkünlər həyatlarını təmin etmək üçün bütün xərclərini özləri qarşılamalı və bunun üçün tezliklə iş tapmalıdırlar. Məcburi köçkünlər isə ayrı-seçkilikdən və iş tapa bilməməkdən şikayət edirlər.

Kramatorsk

Kramatorsk



BMT-nin Miqrasiya Agentliyinin ən son hesabatında ölkədə məcburi köçkünlər üçün məşğulluq vəziyyətinin pisləşdiyi deyilir. Məcburi köçkünlərin 11 faizi fəal şəkildə iş axtarır. İş axtaranların əksəriyyəti mövcud iş yerlərinin olmamasından və işəgötürənlər tərəfindən məcburi köçkün statuslarına görə ayrı-seçkiliyə məruz qalmalarından şikayət edirlər.

Ukrayna və Rusiya arasındakı gərginlik davam edir. Noyabr ayının 25-də Rusiya qüvvələri Krım yarımadası yaxınlığında, Qara Dənizdə Ukrayna gəmilərinə atəş açıb, 6 heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb. Noyabrın 26-də prezident Poroşenko ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı Fərman imzalayıb. Fərmanda hərbi vəziyyətin 60 gün keçirilməsi nəzərdə tutulurdu. Ukrayna Ali Radası qərarla razılaşıb, lakin müddəti azaldıb. Noyabrın 28-dən etibarən ölkədə 1 aylıq hərbi vəziyyət elan olunub. 

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/r1ptzu

Ən çox baxılan