Özbək dissident Əbdüsami Rəhmanov: “Həbsxanada intihar edən özbək məhbuslar var…”
Abdusami Rəhmanov özbəkistanlı hüquq müdafiəçisidi. O, artıq 7 ildir ki, Rusiyadakı qaçqınların hüquqlarını müdafiə etməklə məşğuldur. Beynəlxalq Amnistiya Təşkilatının könüllüsüdür. Fəaliyyətinə görə Rusiya həbsxanasında ekstradisiyasını gözləməli olub. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Rusiya hakimiyyətinə imkan verməyib ki, onu Özbəkistana təhvil versin. Hazırda Abdusami Çexiyadan siyasi sığınacaq alıb. O, insan haqlarının tapdandığı Özbəkistanın vəziyyətindən danışmağa razı oldu.
– Abdusami, özünüz haqqında danışın, ölkənizdə nə iş görürdünüz və oranı niyə tərk etdiniz?
– Qısaca danışsam, 1991-ci ildə məktəbi bitirmişəm. Özbəkistanda hüquqi dövlət haqqında disputlar təşkil edirdim. Daha sonra icbari əməyə (pambıq yığımı) qarşı mitinqlərə başladıq, nəticədə hakimiyyətin təzyiqilə üzləşdik. Məcbur olub başqa universitetə qəbul olundum. İnsanların hüquqlarının qorunması üçün pulsuz işləyir, işgəncələrə qarşı etiraz aksiyaları təşkil edirdim. Bu mövzularda KİV-də çıxışlarım olurdu. “Kütləvi informasiya vasitələri haqqında” qanun mənim təşəbbüsümlə qəbul olunub. “Polis və sərbəst seçki haqqında” qanunun qəbul olunmasını da təklif edirdim. TV-də təklifimlə disskusiya klubları açılmışdı. Yalnız qəsəbə özünüidarəetmə təşkilatları səviyyəsində bələdiyyə seçkiləri keçirildi. Təbii ki, bütün bunlar imitasiya idi və vəziyyəti düzəldə bilməzdi. İşgəncələrə və qanunsuz həbslərə qarşı etirazlardan sonra özümü də döyüb dindirdilər və hədə-qorxu gəldilər ki, mənimlə “əməlli-başlı” məşğul olacaqlar. Bu da təxminən 15 il həbs cəzası demək idi. Dindirilmə zamanı MTX əməkdaşlarından biri dedi: “Nə bilirsən, bəlkə mən adamları məhv etmək əmri almışam?!”
Dayım Ənvər Yunusoviç Hüseynov vaxtında Buxara vilayətinin bütün penitensiar sistemində dəyişiklik etdiyinə görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin marağına səbəb olmuşdu. 1990-cı ildə Buxarada “Cəzasını çəkmiş və çəkməkdə olan şəxslərin sosial-humanitar adaptasiyası” mövzusunda konfrans-simpozium (hüquq müdafiə forumu) keçirilib. Dayım danışırdı ki, xüsusi rejimli həbsxanalarda baş verən işgəncə və dözülməz şərait haqqında xəbər tutandan sonra qəti hərəkətə keçib. Onun “Məhbus və ailələrinə yardım fondu” təşkilatı 1984-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq, bu həbsxanadakı “daxili nizam-intizam” qaydaları haqqında yeni məlumat onu sarsıdıbmış. Onun təşkilatı Özbəkistandan kənarda da tanınırdı.
Özbəkistandan tez-tələsik getməyim dostlarımın dindirilməyə çağırılması və tələbələrin hüquqlarının müdafiəsi ilə məşğul olan qardaşımın həbsi ilə bağlı oldu. Qardaşım Humayun Abdusamatoviç Rəhmanov 1984-cü ildə anadan olub, hüquqşünasdır. Çox insana can yandıran adamdı. Onun Buxara vilayətinin bir rayon administrasiya rəhbəri ilə münaqişəsi oldu. Rayon rəhbəri fermerlərin hüquqlarını kobudcasına tapdalayandan sonra bu barədə Özbəkistan prezidentinə şikayət yazan qardaşıma da hədə-qorxu gəlmişdi. Fermerin hüquqlarını müdafiə etməyə çalışanda özü də təhlükəsizlik orqanlarının məngənəsinə keçdi və ona qarşı iş açıldı. Humayunu elə məhkəmə salonundan buraxmağı tələb edən vəkilinə də 2 il iş kəsdilər!
– Siz Rusiyada yaşayırdınız, elə orda da həbs olunub az qala Özbəkistana deportasiya olunurdunuz. Sizcə, bu hadisə Özbəkistanın narazı vətəndaşlarını geri qaytarmaq istəyinə görə oldu?
– Əlbəttə. Özbəkistan qaçqınlarının qayıtmasında maraqlıdır. Xüsusən mənim kimi bir çox KİV-də çıxış etməyə cəsarət edənlərin. Lakin sadə və təsadüfi qurbanlar da var.
Özünü pəncərədən atmağı Özbəkistana qayıtmaqdan üstün tutan adamlar var. Bir neçə dəfə olub belə hadisə. Bir qaçqın məhkəmə salonunun pəncərəsindən, digəri onu vətəninə qaytarmaqla hədələyən müstəntiqin otağından atlamışdı. Venasını doğrayan iki nəfəri şəxsən özüm görmüşəm! Biri mənimlə istintaq təcridxanasında qalırdı, digər qaçqınla bizim təşkilat məşğul idi. Tikintidə işləmiş beş nəfərin işi ilə məşğul idim. Onlardan biri (20 il) özbək “hüquq müdafiəçiləri” ilə təcridxanada görüşəndən sonra özünü asmışdı. Özbək hüquq- mühafizə orqanları xaricdəki qaçqınları da izləyib onların geri qaytarılmasını tələb edirlər.
– Necə oldu ki, sizin başınıza eyni hadisə gəlmədi və Rusiya sizi qaytarmadı?
– Mən möcüzə nəticəsində Rusiyada, deportasiya mərkəzində qaldım. İHAM mənə 39-cu qaydanı tətbiq etdi. Mənim işimlə “Vətəndaş Fəaliyyəti” və “Memorial” HT-nın ən yaxşı vəkilləri məşğul idilər. Həmkarlarımın, hüquq müdafiəçiləri və fəalların KİV-də kəskin çıxışlarından sonra məni saxladılar. Biz həmkarlarımızla Mərkəzi Asiyadan miqrant gələnlərin hüquqları uğrunda işləyən təşkilat yaratmışıq. Konsultiv hüquq mərkəzimizin adı “Kömək”dir.
-Bəzi müsahibələrinizdə qaçmış fəalları deportasiyadan sonra ölüm gözlədiyini demisiniz. Belə hallar olub? Əsasən hansı ölkələrdən geriyə göndərirlər?
– Rusiyadan oğurlanmış özbək qaçqınlarının həbsxanada öldüyü olub. Onları orda işgəncə ilə məhv edirlər. Rusiyada qalanların da həyatı yüngül keçmir. Tatyana Kərimova – 15 yaşında işgəncələrə məruz qalmış özbək qaçqının həyat yoldaşıdır. O, üçüncü dəfə uşağını saldı və xəstəxanaya düşdü. Hadisə əri ilə onun üçüncü dəfə Federal Miqrasiya Xidmətinə çağrılmasından sonra olub. Tatyananın təyziqi kəskin qalxmışdı. Uşağın doğulmasına hələ 3-4 ay vardı. Tatyana möcüzə nəticəsində sağ qaldı. O, bir neçə gün huşsuz vəziyyətdə qalmışdı. Böyrək çatışmazlığı imiş. Dostları və doğmaları donor olmağa hazır idilər. Saysız-hesabsız məhkəmələr, qaçqın statusu, yaxud hər hansı sənəd ala bilməmələri, Bahadırın (həyat yoldaşı) həbsi, Özbəkistana geri qaytarılması riski Tatyananın səhhətini çökdürüb. Polisin bir neçə dəfə evə gəlməsi anasının da səhhətinin pisləşməsinə səbəb olmuşdu: o, möhkəm xəstələnib xəstəxanaya düşmüşdü. Bahadırın ailəsindən üç can almış qorxu və ağrılar bu dəfə Tatyananı hədəf almışdı. Artıq sağ olmayan uşağı Tatyananın bətnindən əməliyyatla çıxardılar! Özü isə çox zəifləyib, yataqdan qalxa bilmir. Görmə qabiliyyəti kəskin pisləşib. Artıq ona ailə üzvləri baxmalı olur.
Tatyananın ərinin qardaşları həkimdilər. Onlar müxtəlif ixtisaslı insanların icbari əməyinə – pambıq yığmasına qarşı fəal etiraz edənlərdəndilər. Bahadır Kərimovun bütün ailə üzvləri ali təhsilli mütəxəssislərdir. Bahadırın atası elə iş yerində öldürülüb! Yaxşı təhsil almış adam mafiyaya qarşı çıxa bilməz. Bu, 90-cı illərdə olan hadisədir. Atası su anbarının direktoru imiş. Qardaşları dini qaydalara az əməl edən inanclı insanlar idilər. Vicdan azadlığı yaranandan sonra dinlə maraqlanmağa başlayıblar. Onları yeni dindarlar da adlandırmaq olar. Qardaşlardan biri isə ateist idi və bunu gizlətmirdi. 1999-cu ilin fevralında Daşkənddəki bir neçə partlayışdan sonra Özbəkistanın hər yerində dindarlar kütləvi həbs edilməyə başladılar. Bahdır Kərimovun qardaşları da bu həbslərə məruz qalanlardan idilər. Hətta ateist olan qardaşa da 6 il həbs cəzası yazılmışdı. Yalnız bir qardaş uzun müddət həbsdə olandan sonra möhkəm qorxuzulub azad edilib. Qalan qardaşlar 17 ildir ki, həbsxanadadırlar!
– Özbəkistanda bu dəqiqə insan haqlarının vəziyyəti nə yerdədir?
– Mənim fəal tənqidimin əvəzinə əsir götürülmüş qardaşımın həbs müddətini daha 3 il artırdılar! Onun uşaq vaxtdan görmə məhdudiyyəti var və Korlar Cəmiyyətinin üzvüdür! Amnistiyaya düşməməsi üçün onun əlillik dərəcəsini belə 2-dən 3-ə dəyişiblər. Ona dəstək verməkçün təcili yardım aksiyası təşkil etməyə çalışırıq.
Mən çalışdığım “Amnesty İnternasional” təşkilatının diqqətini Rusiyadakı qaçqınların və Özbəkistandakı məhbusların vəziyyətinə yönəltməyə çalışıram. Bu istiqamətdə fəaliyyətə sövq edirəm.
Keçən ilyarım müddətdə ancaq Səmərqənddə 11 hüquq-mühafizə əməkdaşı intihar etdi. Bu barədə Azadlıq Radiosu da xəbər hazırlamışdı. Özbəkistandakı qeyri-loyal şəxslərə qarşı ekstremizm damğası “istehsal” edən bu sistemə qarşı nə edə bilərik? Məhbusları azad etmək əvəzinə cəzasını artıran, onları nəzarətdə saxlamağa çalışan sistemlə necə davranaq?!
İndiki hakimiyyət insan hüquqları sahəsindəki vəziyyəti düzəltməyə söz verir. Bir neçə gün əvvəl biz 17 il saxta ittihamla həbsdə qalmış jurnalist Məhəmməd Bekjanın azad olunması xəbərini aldıq. Lakin Özbəkistan həbsxanalarında minlərlə günahsız şəxs var. Onların sırasında hüquq müdafiəçiləri və müxalifətçilərlə bərabər saxta ittihamlara məruz qalmış sadə insanlar da var. Hamısı da “həbsxana qaydalarını pozmaq” ittihamı ilə müddətlərinin uzadılmasına görə ordadırlar!
– Siz hazırda harada yaşayırsınız və həyatınızı necə planlaşdırırsınız?
– İndi Praqada yaşayıram, universitetdə politologiya dərsi deyirəm, vaxtaşırı müxtəlif təlimlər keçirirəm və Aİ-nın könüllüsüyəm. Bundan əlavə, Azadlıq Radiosunda və digər KİV-də politoloq, Rusiyada Mərkəzi Asiya sığınacaqları və miqrasiya məsələləri üzrə ekspert kimi çıxış edirəm.
Planım belədi: hüquq müdafiəçilərinin beynəlxalq koalisiyasını yaradıb onillər boyu Özbəkistan həbsxanasında qalan məhbuslarla işləməyə çağırıram.
Ölkənizlə bağlı ümidləriniz varmı? Sizcə, bundan sonra necə olacaq?
Ümidlərim böyükdür. Hakimiyyət status-kvonu qoruyub saxlamağa çalışaraq yalnız bir neçə siyasi məhbusu azad etməklə kifayətlənmək istəsə də, vəziyyət onların iradəsindən asılı olmayaraq dəyişəcək. Mən daim onlara bunu xatırladıram. Deyirəm ki, diktatura vaxtı keçmişdə qalıb. Bu cür məlumat əsrində insanlara işgəncə vermək, saxta ittiham verib ortaəsrlərdəki kimi ömürlük həbsə atmaq olmaz! Özbəkistanda fərdi özünümüdafiə halları çoxalıb. 80-ci illərdən sonra belə olmamışdı. O vaxt da qadınlar kütləvi intihar edirdilər. İndi isə bunu edən yalnız qadınlar deyil. İndiki vəziyyət həm də özünümüdafiənin ictimai olmasıyla seçilir!
– Nə vaxtsa Vətənə qayıtmağa ümidiniz var?
– Əlbəttə, həyatıma və azadlığıma hədə-qorxu olmasa, qayıda bilərəm.