“Mənə 50 min manata yaxın ziyan dəyib, sığorta şirkəti 1 manat da ödəmir”

Foto: Meydan TV

Şəki sakini sığorta şirkəti ilə yanaşı, Mərkəzi Bankdan da gileylidir

Şəki sakini Rəfael Musayev ona çatası sığorta ödənişini ala bilməməsindən şikayətlənir. Deyir ki, sığorta şirkəti heç bir əsası olmayan bəhanələrlə pulu ödəməkdən imtina edir. Sığorta sahəsinə nəzarət edən Mərkəzi Bank isə şikayətlərinə laqeyd yanaşır.

“Sığorta şirkəti qətiyyən pul vermək istəmir”

Söhbət Rəfael Musayevin “BMW” markalı, “10-OV-055” dövlət-nömrə nişanlı avtomobilinə görə ödəniləsi vəsaitdən gedir. Bu avtomobil 2021-ci il iyulun 28-də qəzaya düşüb. Sahibi deyir ki, avtomobilin kasko sığortası vardı. Ona görə də hadisədən sonra sığorta şirkətinə – “Günay Sığorta”ya məlumat verib. Lakin şirkət təmsilçiləri ödənişdən imtina edib.

“Şirkət imtinanı belə əsaslandırır ki, onlara müraciət etmədən maşını təmir elətdirmişəm. Açıq şəkildə dedilər ki, bir manat da verməyəcəklər. Təsəvvür edin, maşına 50 min manata yaxın ziyan dəyib, sığorta şirkəti qətiyyən pul vermək istəmir”, – Rəfael Musayev bildirib.

O, dəymiş ziyanın qiymətləndirilməsi üçün “İmprotex”ə müraciət edib. Bu şirkət belə nəticəyə gəlib ki, qəza nəticəsində “BMW”yə 45 min manata yaxın ziyan dəyib. Lakin yenə də “Günay Sığorta” ödənişdən imtina edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Rəfael Musayev deyir ki, sığorta şirkəti ondan Daxili İşlər Nazirliyinə şikayət etmişdi: “Araşdırandan sonra mənim günahsız olduğum üzə çıxdı”.

“Mərkəzi Bank göstəriş verməlidir ki…”

Şikayətçi bundan sonra Mərkəzi Banka üz tutub, “Günay Sığorta” ilə özü arasındakı mübahisənin araşdırılmasını, şirkətin üzərinə ödənişi icra etmək öhdəliyinin qoyulmasını istəyib. Şəki sakini gileylənir ki, Mərkəzi Bank onun şikayətinə reaksiya verməyib:

Foto: Meydan TV

“Qanuna görə, maliyyə istehlakçılarının hüquqları pozulanda Mərkəzi Bank onların hüquqlarını müdafiə edir, bu hüquqları pozan şəxsləri məsuliyyətə cəlb edir. Sığorta şirkəti sığortalı vətəndaşların hüququnu pozanda onlar da bu sektora nəzarət edən qurum kimi, Mərkəzi Banka müraciət edir. Mərkəzi Bank 5 iş günü ərzində sığorta şirkətindən məlumatları tələb edir. Araşdırma nəticəsində şikayətçinin hüququnun pozulduğu təsdiqlənərsə, bu hüquq pozuntusuna son qoyulması haqda qərar qəbul edir. Vətəndaş haqlı olduğu halda, sığorta ödənişindən imtina etmək qanunsuzluq sayılır. Mərkəzi Bank sığorta şirkətinə göstəriş verməlidir ki, vətəndaşa ödəniş verilsin. Bir aya yaxındır müraciət etməyimə baxmayaraq, Mərkəzi Bankdan heç bir reaksiya yoxdur”.

“Həm vətəndaşa, həm də sığorta şirkətinə məktub göndərilib”

Mərkəzi Bank Rəfael Musayevin şikayətinin araşdırılmaması, vətəndaşın probleminə biganə yanaşma ilə bağlı iddiaları qəbul etmir.

“Bu məsələ ilə bağlı “Günay Sığorta”ya və Rəfael Musayevin özünə 4 noyabr 2021-ci il tarixdə müvafiq məktub göndərilib”, – Mərkəzi Bankdan Meydan TV-yə bildirilib.

“Nəqliyyat vasitəsi rəsmi servis xidmətinə təhvil verilməliydi”

“Günay Sığorta” ASC-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, “BMW 740” markalı sözügedən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün nəqliyyat vasitəsinin sahibinə – Rəfael Musayevə dəfələrlə yazılı və şifahi qaydada müraciət olunub:

Foto: Meydan TV

“Lakin müraciətlərimiz Rəfael Musayev tərəfindən cavablandırılmayıb, nəqliyyat vasitəsi rəsmi servis xidmətinə təhvil verilməyib. Rəfael Musayevin verdiyi şifahi məlumata görə, nəqliyyat vasitəsini özü təmir etdirib. Bu isə Mülki Məcəllənin 935.1.5 (sığortaçının zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması) maddəsinə əsasən, sığorta ödənişindən imtinaya əsas verir”.

“Günay Sığorta”dan onu da əlavə ediblər ki, bununla belə, avtomobilə çəkilən xərcləri təsdiqləyən hesab-fakturaların şirkətə təqdim olunmasını Rəfael Musayevə təklif ediblər: “Müvafiq təsdiqedici sənədlər təqdim edildikdən sonra uyğun qərar qəbul olunacaq”.

Ana səhifəSosial“Mənə 50 min manata yaxın ziyan dəyib, sığorta şirkəti 1 manat da ödəmir”