“Məncə, hakimiyyət indiki halda güzəştə getməz” (VİDEO)


Günay İsmayılova: “Azərbaycan QHT Şurası nə üçün xarici təşkilatlara qrant verir? İnqilab etmək istəyir?”

“QHT haqqında” qanuna edilən dəyişikliklər hüquq-müdafiə təşkilatlarının işini çətinləşdirəcək. Çünki yeni qanunla onlar müvafiq icra strukturlarının rəsmi icazəsi olmadan heç bir beynəlxalq təşkilatla əməkdaşlıq edə bilməyəcəklər. Ekspertlərin fikrincə, bu, vətəndaş cəmiyyətinin çökdürülməsinə xidmət edən amillərdəndir. RATİ-nin sədr müavini, hüquqşünas Günay İsmayılova ilə söhbətimizdə problemin doğurduğu suallara aydınlıq gətirdik, eyni zamanda siyasi məhbuslarla bağlı məsələlərə də toxunduq…



Günay xanım, hakimiyyətin insan haqlarını müdafiə təşkilatlarına iyul-avqust aylarındakı təzyiqləri götürdükdə bugünkü durumu nisbi sakitlik hesab etmək olarmı?

–         Müqayisə baxımından nisbi sabitlik demək olar, bir neçə inzibati cəza istisna olunmaqla. Ən azından həbslər dayandırılıb. Bu, müqayisə baxımından yaxşı haldır. Amma başqa sahələrdə nisbi sabitlik yoxdur.“QHT haqqında” qanuna son dəyişiklik onu göstərir ki, hakimiyyətin təzyiqləri davam edir. Son dəyişiklik həm də Azərbaycanda vətəndaş cəmiyyətinin sıradan çıxması deməkdir. Nəinki müstəqil QHT-lər, hətta hökumətyönlü təşkilatlar da fəaliyyət göstərə bilməyəcək.



Konkret hansı maddələri nəzərdə tutursunuz?

–         Dəyişiklikdə qeyd olunur ki, QHT-lərə maliyyə ayırmaq istəyən beynəlxalq fond, agentlik əvvəlcə müvafiq icra hakimiyyətinin rəyini almalıdır. Reallıqdan yanaşsaq, belə bir məktub heç bir QHT-yə verilməyəcək, xüsusilə insan haqlarını müdafiə edən təşkilatlara. Bu cür davam edəcəyi təqdirdə tədricən beynəlxalq təşkilatlar Azərbaycanla işləməyəcək. Çünki fəaliyyətlərini həyata keçirə bilməyəcəklər. Məncə, başqa təşkilatlar da bu barədə düşünməliydi, vaxt var, hansı ki, prezident hələ dəyişiklikləri imzalamayıb. Düzdür, bəziləri aksiyalar keçirməyi təklif edir. Amma mən hər hansı effekt gözləmirəm. Yaxşı olar ki, prezidentə müraciət hazırlansın, əsaslandırılmış rəy şəklində. Müraciətdə qeyd olunsun ki, vətəndaş cəmiyyətinin olmaması Azərbaycanın dövlət olaraq imicinə ziyandır, vətəndaş cəmiyyəti demokratiyanın əsasını təşkil edir.Əgər vətəndaş cəmiyyəti sıradan çıxarılacaqsa, beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlıq etməyəcəklər və beynəlxalq tədbirlərdə bu problem diqqət çəkəcək. Bizlər gedib başqa işlərlə də məşğul ola bilərik, müstəqil şəkildə də insanlara hüquqi yardım edə bilərik. Yəni müstəqil insanların işləməsi üçün QHT-nin olması o qədər də vacib deyil. Amma bütün hallarda hakimiyyət zərərini çəkəcək.



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayındəsi Elxan Süleymanov bildirib ki, QHT-lər xaricdəki “havadarları”nın köməyilə gənc demokratiyanın sabitliyini pozurlar. Bu açıqlama hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti deyilmi?

–         QHT-lərə qarşı son hücumlar onu göstərir ki, Azərbaycan hakimiyyətində təmsil olunan bəzi şəxslərin vətəndaş cəmiyyəti barədə anlayışı çox azdır. Çünki onlar QHT-lərin həyata keçirdiyi layihələri görsələr, orda inqilab, demokratiyanı sarsıdacaq bir şeyin olmadığına əmin olarlar. Məgər jurnalistlərin hüququnu müdafiə etmək demokratiyanı sarsıtmaq deməkdir?Əksinə, ifadə azadlığını daha da gücləndirmək və Azərbaycanda demokratiyanın olduğunu bütün dünyaya göstərmək vacibdir. Başqa bir məqam, mülkiyyət hüququ, yaxud sərbəst toplaşmaq hüququ, bunların qorunması və tələb etmək həmişə gərəkdir. Biz bunları ölkə daxilində tələb edirik, gedib başqa ölkədən “gəlin, bizdə demokratiya qurun” demirik. İndiyə qədər də bütün QHT-lərin ilk müraciətləri dövlət qurumlarına olub, xarici təşkilatlardan yardım istəməmişik.



Hakimiyyət daha çox qrant məsələsində sui-istifadə olduğunu bildirirlər, bu fikirdə əsas varmı?

–         Sui-istifadə halının nə olduğu açıqlanmır. Rəsmi şəxslər də deyirlər ki, QHT-lərin fəaliyyətində maliyyə yeyintisi var, şəffaflıq yoxdur. Amma maliyyə yeyintisinin nədən ibarət olduğu məlum deyil. Məsələ ondadır ki, qeydiyyatı olan QHT-lərin müəyyən qurumlar qarşısında öhdəliyi olur. Bu təşkilatlar Maliyyə Nazirliyinə maliyyə hesabatlarını təqdim edirlər. Eləcə də Vergilər Nazirliyinə vergi hesabatları verirlər. Necə olur ki, son 3-4 ildə pozuntular aşkarlanmır və birdən-birə bir-iki QHT-yə yox, müstəqil QHT-lərə total hücum olur? Yəni total şəkildə müstəqil vətəndaş cəmiyyətlərində mənimsəmənin olduğunu demək absurddur və həm də görüntü yaratmaqdır. Buna nə beynəlxalq təşkilatlar, nə də xarici dövlətlərin rəsmiləri inanmır. İkincisi, müvafiq dövlət qurumları yalnız son 3 ili yox, əvvəlki illəri də yoxlayırlar. Amma bu, qanunvericilik baxımından yolverilməzdir.



Siz yəqin ki, Milli Məclisin komitə sədri, deputat Əli Hüseynlinin son açıqlamalrından xəbərdarsınız. O, xarici donorların Azərbaycana gəlməməsini xüsusilə vurğuladı, bu barədə nə deyə bilərsiniz?

–         Əgər cənab Hüseynli belə düşünürsə, nə üçün öz təşkilatı 1 milyon yarım dollar qrant almışdı? Həmin vəsaitin 1 milyon 300 min dolları xərclənib, 3-4 illik layihə də dayanıb. Layihə demokratiyanın tətbiqi, vətəndaş cəmiyyətinin gücləndirilməsi, vəkillik institutlarıyla bağlıydı. Böyük layihə idi, əgər deyilən məbləğ xərclənibsə, qalanı nə olacaq? Söhbət ondan gedir ki, qarşı tərəfi ittiham edirsənsə, özün də şəffaf olmalı və qaydalara əməl etməlisən. Xarici təşkilatdan pul almaq o demək deyil ki, ölkədə hansısa hərəkəti etməlisən. Sual yaranır; Azərbaycan QHT Şurası nə üçün xarici təşkilatlara qrant verir? İnqilab etmək istəyir? Bu cür ziddiyyətlər var.



Bəs Əli Hüseynlinin aldığı qrantla bağlı hesabatına rast gəlmisinizmi?

–         Bəlkə də var, mən görməmişəm. Amma hər halda 3 illik layihənin 1 il yarımı ərzində bu qədər vəsaitin xərclənməsi… Məsələ ondadır ki, başqa təşkilatların milyon yarım qrant almasından danışırlar, hətta bəzi hüquq müdafiəçiləri hansısa QHT-ni 1 milyon alıb inqilab etmək ittihamıyla suçlayırlar. Bir daha deyirəm, təmsil etdiyim təşkilatın inqilab etmək fikri olmayıb, ümumiyyətlə, QHT-lərin belə səlahiyyəti yoxdur və ola da bilməz. Dövlət qurumlarını təmsil edənlər gərək layihə müqavilələrini oxusunlar, konkret şərtlər olur: zorakılığı dəstəkləməmək, hakimiyyəti devirməmək, irqi ayrıseçkiliyə yol verməmək. Bu qaydalar bütün müqavilələrdə var.



Siz söhbətin əvvəlində nisbi sakitliyin olduğunu bildirdiniz, ancaq həbsdə olan həmkarlarınız Rəsul Cəfərovun, İntiqam Əliyevin, Leyla Yunusun, Arif Yunusun həbs müddəti uzadıldı. Onların həbs müddətinin uzadılmasına əsas var idimi və hakimiyyət bununla hansı mesajı verir? O cümlədən, jurnalist Xalid Qarayev ünvansız söyüş söymək ittihamıyla 25 sutka azadlıqdan məhrum olundu…

–         Biz hakimiyyətə ünvanladığımız müraciətlərdə deyirik ki, istintaq dövründə onları ev dustaqlığına buraxın. Çünki bunun üçün konkret əsaslar vardı. Rəsul Cəfərovun özü yaydığı müraciətdə hüquqi arqumentlər göstərsə də, ev dustaqlığına buraxılmadı. Bundan əlavə, İntiqam Əliyev, Leyla Yunus xəstədir, bu insanların səhhətində ciddi problemlər var, elə bunun özü onların ev dustaqlığına buraxılması üçün bir əsas idi. “Niyəonlar ev dustaqlığına buraxılmadı” sualına gəlincə, məncə, hakimiyyət indiki halda güzəştə getməz. Çünki onlar ev dustaqlığına buraxılsaydı, bu, bir president olardı. Növbəti dəfə başqa bir şəxs siyasi motivlərlə həbs olunacağı təqdirdə, oxşar tələblər gündəmə gələcəkdi. Sırf bu arqumentə görə hakimiyyət güzəştə getmədi. Ancaq hakimiyyət bu güzəştə getsəydi, beynəlxalq aləmdə nüfuzlarına müsbət münasibət olardı. Çünki hakimiyyətə ciddi təzyiqlər var.



Sonuncu əfv fərmanında 3 NİDA-çı azad edildi, amma qalanları yox. Əgər onlar hamısı eyni ittihamla həbs edilibsə, fərman niyə digərlərinə şamil olunmadı?

–         Əvvəla, onların əfv olunması doğru deyildi, çünki qanuni qüvvəyə minmiş hökm yox idi. Bəxtiyar Quliyev və Şahin Novruzlu digər NİDA-çılarla eyni ittihamlar əsasında həbs edilmişdilər. Bugün də onların məhkəməsi bitməyib, Apellyasiya Məhkəməsinin qərarı qəbul edilməyincə, hökm qüvvəyə minmir. Hökm qüvvəyə minmədiyi halda əfv oluna bilməzlər.



Hətta prezident də əfv edə bilməz?

–         Onsuz da prezident əfv edir. Hər halda əfv qaydalarına görə hökm qüvvəyə minməlidir, cəzasını yarıya qədər çəkməlidir. Əgər azad olunublarsa, belə çıxır, eyni ittihamla həbs olunanların bir neçəsi günahsız, digərləri günahkardı?! Bu məsələlər Azərbaycan reallığında belədir, təəssüf ki. Şahin Novruzlunun atası vəfat etmişdi, onun azad olunması müsbət haldır.



Deməli, onu yalnız atasının vəfatına görə azad etdilər?

–         Şahin Novruzlu əfv yazmamışdı, sadəcə, NİDA-çılarla birgə ümumi müraciətə imza atmışdı. Əgər ümumi müraciətə görə Şahin Novruzlu azad olunubsa, başqaları da azad edilməlidir.



Bütün hallarda qeyri-müəyyənlik və arzuolunmaz durum yaranıb, Nemət Pənahlının da valideynləri vəfat etdi, amma heç dəfnə buraxmadılar. Başqa siyasi məhbuslarda da oxşar situasiya olub, bu, ayrı-seçkilik deyilmi?

–         Şahin Novruzlunun azad edilməsi atasının vəfatıyla bərabər təzyiqlərin artdığı zamana təsadüf etdi. Elsevər və Bəxtiyar isə konkret əfv ərizəsi yazmışdılar. Sadəcə, hakimiyyət Şahin Novruzlunu azad etməklə görüntü yaratdı. Ona görə ki, yalnız sonuncuları azad etsəydi, beynəlxalq təşkilatlar bildirəcəkdilər ki, Fəxri Xiyabanda baş əymək üçün bu gəncləri buraxırsınız.



Amma beynəlxalq aləm əfv fərmanını alqışladı…

–         Hesab edirəm ki, alqışlamağın bir səbəbi də Şahin Novruzlunun azad edilməsiydi.



Bugünlərdə AŞ PA baş katibi Yanqland məqaləsində yeni yaranan İnsan Haqları üzrə İşçi Qrupuna ümid etdiyini ifadə etdi. Sizin yeni qurumdan hansı gözləntiləriniz var?

–         İşçi Qrupu barədə çox açıqlamalar verdiyimdən, bir daha danışmağım onların reklamı olardı. Çünki biz danışdıqca, onlar bundan reklam kimi istifadə edirlər. Qrupun üzvləri hamıya tanış olduğundan cəmiyyət də onları yaxşı tanıyır. Əgər konkret hansısa iş görəcəklərsə, alqışlayacağıq. Yox, bu müddət ərzində nəticə olmayacaqsa, tənqidimiz davam edəcək. Zaman verək, yəni imitasiya üçün şərait yaradırıq, etsinlər. Görək, siyasi məhbuslardan hansının azadlığa buraxılmasına nail olacaqlar. Hilal Məmmədovun qızının toyuna görə 2 günlük azad olunmasını “bayraq” etmək onların zəifliyini göstərir. Əslində, Hilal Məmmədovun normal davranışını nəzərə alaraq bu addım atıldı və o, əfv üçün müraciət etmişdi. Müraciətin yalnız ona köməyi 5 il azadlıqdan məhrum edilməsi oldu. Ona görə 1-2 günlük siyasi məhbusun azad olunmasıyla vaxt itirməsinlər, heç olmasa öz siyahılarındakı məhbusların azad edilməsinə çalışsınlar. Onların siyahısında 30-40 nəfər məhbus var, bu rəqəm də heç vaxtdəyişmir. Heç olmasa, 30-40 nəfərdən 10 tanınmış siyasi məhbusu azad etsinlər, söhbət NİDA-çılardan, Tofiq Yaqubludan, İlqar Məmmədovdan gedir. Əgər bunu edə bilsələr, mən media vasitəsilə onlardan vaxtilə ittiham etdiyim üçün üzr istəyərəm.



Hətta Arzu Abdullayeva və Mirvari Qəhrəmanlının İşçi Qrupunda olması sizdə quruma inam yaratmayıb?

–         Əgər hər bir qərar səsverməylə həll olunacaqsa, iki nəfərin qrupda olması çox şey demək deyil. Təəssüf ki, qrupa kimin necə və hansı əsaslarla seçilməsi proseduru da açıqlanmadı. Biz İşçi Qrupunun məramnamə və bəyannaməsini də görmədik.



O zaman qrupu yaratmaqda məqsəd nədir?

–         Bilirsiniz ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi 10 günə bitir. Bu məqamda sədrliyin geri alınmaması və başqa sanksiyaların olmaması üşün İşçi Qrupunu yaratdılar. Bununla Qərbə göstərirlər ki, müəyyən işlərin həyata keçməsində maraqlıdırlar.



Deməli, hakimiyyət istəyinə nail oldu, yəni Nazirlər Komitəsi sədrliyi alınmayacaq, yaxud sanksiyalar da olmayacaq..?

–         Onsuz da siyasi məhbusların azad olunmayacağını bilirdik, bunu İşçi Qrupunda olanlar da bilir. Sadəcə, orda oturanları həmkar adlandıranları başa düşmürəm, danışanda da vicdanla danışmalısan. Çünki məhbəsdə olanlar Azərbaycanın normal, demokratik, şəffaf inkişafı üşün çalışanlardır. Əgər elə olmasaydı, bugün onların yerinə İşçi Qrupunda olan şəxslər, yaxud mənim özüm həbsdə olardım. Məhz məhbəsdə olan siyasi məhbuslar Azərbaycan demokratiyasının özəyini təşkil edənlərdir.

Ana səhifəVideo“Məncə, hakimiyyət indiki halda güzəştə getməz” (VİDEO)