”Mən Xədicəyə həsəd aparıram” – Daniela Retkova ilə müsahibə

Daniela Retkova
Daniela Retkova
Daniela Retkova
Daniela Retkova


“Mən Xədicənin anası haqqında düşünəndə görürəm ki, o, çox cəsurdur”



Daniela Retkova azad media sahəsində uzun illərdir, çalışır. O, Çexiyanın post-sosialist dövründəki ilk prezidenti Vatslav Havelin Media Departamentinin rəhbəri olub. İndi isə Praqada DOX Müasir İncəsənət Mərkəzində “Under (Press)ure” layihəsi çərçivəsində ayda bir dəfə 5 jurnalist və şərhçilərin iştirakı ilə müzakirələr təşkil edir. Xanım Retkova jurnalist Xədicə İsmayılın ciddi şəkildə müdafiəsi ilə məşğul olması ilə də tanınır. O, Meydan TV-nin suallarını cavablandırıb:


– Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Azərbaycan oxucuları sizi tanımır. Xahiş edirik, özünüzü Azərbaycan oxucularına qısa olaraq təqdim edərdiniz.

Mənim adım Daniela Retkovadır. Mən DOX Müasir Incəsənət Mərkəzində işləyirəm. Bir az geriyə baxsaq, buna qədər mən həmişə atamın və sonra isə, əlbəttə ki, prezident Havelin təsiri ilə insan hüquqları ilə maraqlanmışam. Bir müddət Birləşmiş Ştatlarda yaşamışam. Sonra geri qayıtdım və gördüm ki, burada kifayət qədər diskussiya yoxdur, mən əsl diskussiyanı nəzərdə tuturam – sadəcə sual-cavabdan ibarət olan müzakirələri deyil. Bunun üçün mən müxtəlif proqramlar təşkil etməyə başladım. İstəyirdim ki, insanlar jurnalistlərə qulaq assınlar, suallar versinlər, indiki problemlər haqqında düşünsünlər. Bu forumla ilə mən 2000-ci ildən məşğul olmağa başladım. Orada yaratdığım panel “Under (press)ure” (“Təzyiq altında”) adlanırdı və hazırda DOX-da gördüyüm işlərlə, demək olar ki, eyni idi. Mən bu Forumda iştirak etmək istəyən jurnalistləri dəvət etmək istəyirdim. Onlardan biri də Xədicə İsmayıl idi. Etiraf edim ki, onun adını ilk dəfə idi eşidirdim və onun haqqında daha çox məlumat almaq üçün google-da axtarış verdim. Jurnalistlərin məni tanımadıqları halda bu forumla maraqlanmaları məni yaxşı mənada təəccübləndirirdi. Onların əksəriyyəti “Azadlıq” radiosundan idi. Mən onlara işin xülasəsini göndərdim və onlardan iştirak edib-etməyəcəklərini soruşdum. Razılaşdılar. Forumun açılış günündən əvvəl mən Xədicədən elektron məktub aldım ki, onun pasportunu götürüblər və o iştirak edə bilməyəcək. Bu, əlbəttə, məni çox məyus etdi. Mən yerindəcə ona 2 sual ünvanladım, cavabında Xədicə mənə suallara cavabını səs yazısı şəklində göndərdi. Bu, çox möhtəşəm idi. Biz səs yazısını forumda səsləndirdik və göstərdik ki, Xədicə də bizimlədir. Onda mən anladım ki, gənc qadın orada təhlükəli vəziyyətdədir. Lakin onda da onun ilk düşündüyü öz vəzifələri idi və onları yerinə yetirirdi. Beləliklə, mən tədricən hadisələrin ardıcıllığını izləməyə başladım, Xədicə barədə daha çox məlumat almaq üçün onun “Azadlı”q radiosundakı tanışları ilə əlaqə yaratdım. Biz panelimizdə hazırda da debatları davam etdiririk, lakin indi daha çox Avropa kimliyi və Praqa baxışı üzərində işləyirik. Bəli, özüm haqqında bu qədər (gülür).



 Sizin indiki layihəniz – “Under (Press)ure” və sizin əvvəlki işiniz – mən Vatslav Havelin ilk media departamenti rəhbəri vəzifənizi nəzərdə tuturam – mənə çox maraqlıdır. Lakin mən Xədicə işi ilə başlamaq istəyirəm. Çünki bu, bizim oxuculara daha çox maraqlıdır. Niyə Xədicə? Dünyada 200-dən çox həbsdə olan jurnalist var. Niyə məhz Xədicə?

– Əsas səbəb odur ki, mən onun özü və işi ilə təsadüfən tanış oldum. Bilirsiniz, o zaman mən bir şey haqqında düşündüm ki, bir mövzu ilə daim məşğul olmaqla, siz onu gündəmdə saxlaya bilərsiniz. Bəli, mən Azərbaycan üzrə ekspert deyiləm və məncə, Çexiyadakı tanışlarım da oradakı vəziyyətlə çox da tanış deyillər. Lakin biz qərara gəldik ki, DOX-da Xədicə və onun başına gələnlər haqqında məlumat verək. Və bunu yoxladıq. Bizə təəccüblü gəldi ki, insanlar yaydığımız mətnlə çox maraqlandılar. Bu işin insani tərəfləri də var. Əgər siz kimisə dəstəkləyirsinizsə, onun cəmiyyəti və ailəsi haqqında da öyrənirsiniz. Mənim də oğlum var. Mən Xədicənin anası haqqında düşünəndə görürəm ki, o, çox cəsurdur. O, öz analıq hisslərini və qorxularını unudaraq, qızını dəstəkləyirdi. Bu, doğrudan da, təsiredicidir. O, adi bir qadındır, parlament üzvü və ya böyük siyasətçi deyil. Və onun qızına verdiyi dəstək cəmiyyət üçün çox vacib bir mesajdır. Düzdür, milyonlarla başqaları da var. Amma sən seçim etməli və ya bir nəfəri izləməlisən. Deməliyəm ki, Xədicə məni utandırır. Tez-tez düşünürəm ki, mən onun vəziyyətində olsa idim, necə hərəkət edərdim. Onun kimi cəsurmu olardım, yoxsa sadəcə oturub ağlayardım? Məncə, insanın gərək baş vermiş vəziyyət haqqında məlumatı və bütöv bir fikri olsun ki, necə mübarizə aparacağına qərar verə bilsin. Mən, doğrudan da, Xədicəyə həsəd aparıram.


– Bildiyiniz kimi, Xədicə həm də hökumətə qarşı etiraz aksiyalarında iştirak edirdi. Amma jurnalistlər azad informasiya yaymaqla məşğuldurlar. Necə düşünürsünüz, bu, kifayətdirmi? Mən onu nəzərdə tuturam ki, jurnalistin vəzifəsi yalnız informasiya verməkdən ibarət olmalıdır, yoxsa azad jurnalist olmaq istəyən adam hökumət əleyhinə etirazlarda da iştirak etməlidir?

Bu, çox çətin sualdır. Bəli, sən çox yaxşı jurnalist ola və hər hansı bir hərəkatın üzvü olmaya, mitinqlərə getməyə bilərsən. Bu, sənin şəxsi keyfiyyətlərindən asılıdır. Ancaq düşünürəm ki, özünə və gördüyü işinə səmimi yanaşan jurnalist belə bir sualla üzləşmir. İnsan özü qərar verməlidir. Əgər sən informasiya verirsənsə, hökumətin, prezidentin və onun ailəsinin nə etdiyini qeyd edirsənsə, lakin bütün bunları evdə oturub edir və heç bir hərəkata qoşulmursansa, sən gördüyün işi inkar etmirsənmi? Əlbəttə, bu, jurnalistin şəxsi seçimidir. Bu, sənin yetərincə cəsarətli olub-olmadığını, hadisələrə hansı baxış bucağından baxdığını göstərir. Bizim kommunist rejimini də buna misal çəkmək olar. O zamanlar insanların seçimləri vardı. Sən rejimə baş əyə, onun tərəfində ola və rejimin yaratdığı imkanlardan özün üçün istifadə edə, yaxud rejimə qarşı çıxan müxalif qurumlara üzv ola, mitinqlərə çıxa, ya da heç bir hərəkata üzv olmadan da insanları maarifləndirə bilərdin. Özünə və insanlara səmimi olmaq – bəzən düşünürəm ki, insanın özünə qarşı dürüst olması onun üçün çox rahatdır əslində. Sən bir yol seçirsən və o yolla hərəkət edirsən. Xədicə bunu etdi və qərar verdi. Həbsdə olan zaman da yazdı, əlaqə yaratdı və yenə də nəsə eləməyə çalışdı. Bütün bunlar da ona güc verir. Psixoloq kimi deyə bilərəm ki, bu, doğrudan da, insana güc verir. Düşünürəm ki, Xədicə kimi təcrid olunmusansa, heç bir məqsədin olmadığı təqdirdə sənin üçün çox çətin olar.



Siz Vatslav Havelin ilk media departamentinin rəhbəri olmusunuz. Bu, totalitarizmdən demokratiyaya keçid dövrü idi. Lakin biz – Azərbaycan belə bir keçidi reallaşdıra bilmədik. Necə düşünürsünüz, niyə bəzi post-sosialist ölkələri bu keçidi reallaşdıra bildilər, bəziləri isə yox? Bu, məsələn, sizin kimi peşəkar icraçılardanmı asılıdır?

– Ən böyük fərq ondadır ki, sənin ölkəni kim idarə edir. Bildiyiniz kimi, bizim Havelimiz olub və demək olar ki, hər bir ölkə ona heyran idi. Bu, sovet dövründə də belə idi, hətta Qorbaçov da ona heyran olmuşdu. Öz mesajı olan birinin rəhbərlikdə mövcud olması ölkə üçün daha asandır. Vatslav Havel gördüyü bütün işlərdə insan haqlarını ciddi şəkildə əsas tuturdu. O, həbs edilmiş aktivistləri müdafiə edirdi. Və bu, Azərbaycandakı vəziyyətə baxanda işləri xeyli asanlaşdırır. İndi Azərbaycana baxanda görürük ki, ölkəni necə köhnə fikirli adam idarə edir. Təsəvvür edin, bu anti-demokratik prosesdə hətta prezidentin ailəsi də iştirak edir. Bu şəraitdə, təəssüf ki, real demokratiya üçün nəsə etmək olmur.


– Bu, Azərbaycanın bəxtsizliyidirmi ki, bizim Havelimiz olmayıb?

– Bəli. Daha sadə ifadə etsək, elədir. Bizim coğrafi vəziyyətimiz və Qərbi Avropaya yaxın omağımız da buna zəmin yaratdı. Lakin yenə də görə bilərsiniz ki, bu, əslində göründüyü kimi asan deyil. Görün, bizdə nələr baş verdi. Biz iqtisadi maraqlarla şirnikləndirilmişik. Düşünürəm ki, bizim kimi ölkələr bir çox sahədə kapitalistlərin özlərindən daha çox kapitalistdir. Biz də bu siyahıda olduğumuzdan bəzi şeylərdən qaçmaq üçün sosial layihələr həyata keçiririk. Azərbaycanla bağlı əsas problem isə Azərbaycanın Putinlə olan əlaqələridir. Azərbaycan hər bir halda bu vəziyyətdə tələdədir. Mən həmişə narahatam ki, insanlar küçəyə çıxsalar, bu vəziyyət dəyişəcək, ya yox. Dəyişikliklər əslində daha uzun vaxt tələb edir.



 Sizin indiki layihəniz “Under (Press)ure” (“Təzyiq altında”) adlanır. Bu, çox yaradıcı addır. Bu, nə layihədir? Layihəni həyata keçirməkdə sizin əsas məqsədiniz nədir?

– Mən ABŞ-da olanda muzeydə çəkilmiş bir proqrama getmişdim. Belə başa düşdüm ki, orada filmə maraqla baxmağıma səbəb oradakı mövzular deyil, jurnalistlərin həmin mövzuları öz aralarında sərbəst müzakirə etmələridir. Mən orada adi sual-cavab görmürdüm, ətraflı müzakirələr aparılır və jurnalistlər öz fikirlərini sərbəst ifadə edirdilər. Bəli, biz jurnalistlərin məqalələrini oxuyur, işlərini görürük. Ancaq biz onlar haqqında nələr bilirik?! Əsl həyatda kim olduqlarını bilmirik. Və geri qayıdanda bu, mənə ideya vermişdi ki, bəlkə müxtəlif baxış bucaqları olan jurnalistləri yığım bir yerə? Bu yolla həm maraqlı diskussiyalar edə, həm də onları müşahidə edə bilərik. Və biz başladıq. Hətta kameraları söndürdükdən sonra da mənim onlara suallarım bitmirdi. Bu isə bizi bir-birimiz barədə daha əmin və rahat edirdi. İnsanlar kameralar söndürüləndən sonra da qalırdılar. Əslində mən orada moderator kimi çıxış etmirdim, sadəcə bir vətəndaş idim. Sual verən adi vətəndaş. Jurnalistika özünü senzura etmək deyil, bacardığı qədər azad fikir bildirməyi bacarmaqdır, bunu nümayiş etdirməkdir. Heç bir redaktorsuz nə istədiyini yazmaq, nə hiss etdiyini ifadə etmək üçün bir şərait olmalıdır. Biz həmçinin hüquqşünasları da diskussiyalarımıza dəvət edirik. Bir dəfə hətta xarici işlər nazirimizi dəvət etmişdik və onun jurnalistlərimizlə maraqlı müzakirələri olmuşdu.



Sonda yenə Azərbaycana qayıdaq. Hazırda Azərbaycanda çox az azad jurnalist qalıb. Onların çoxu xaricdə və ya həbsdədir. Bu da o deməkdir ki, Azərbaycan onlar üçün təhlükəli bir yerdir. Siz onlara nə məsləhət görərdiniz – Azərbaycanda yaşamağa davam etmək, yoxsa ölkəni tərk edib xaricdə azad informasiya vermək uğrunda mübarizəni davam etdirmək lazımdır? Hansı daha yaxşı seçimdir?

– Məncə, bu, heç kimin cavab verə bilməyəcəyi bir sualdır. Səmimi olaraq deyim ki, bu, jurnalistin özündən asılıdır. Əgər xaricə gedirəmsə, mən işləməyi bacara, əlaqələr tapa bilərəm, yaxud xariclə tanış deyiləmsə, ailəmin təhlükədə olduğundan qorxuramsa, mənim digər seçimim var. Hansı daha yaxşıdır? Əgər jurnalist ölkə daxilində yaxşı yazılar hazırlaya bilirsə, yaxşı əlaqələri varsa, ölkə daxilində də bu fəaliyyətlə məşğul ola bilər. Ölkədə olanda mənim yaxşı işim var, mən orada tanınıram. Hətta həbs olunanada millətin güclü simvolu olaraq qalıram. Lakin digər tərəfdən sən xaricdəsənsə, sənin insanlarla əlaqə qurmaq sahəsində böyük bacarığın varsa, adamları cəlb edə bilirsənsə, sənin digər insanlara böyük təsirin ola bilər və sən Azərbaycanın, regionun vəziyyəti haqda daha çox məlumat verə bilərsən. Məncə, bu, ən vacib hissəsidir. Yaxud xaricdə Azərbaycanı hansısa beynəlxalq forumda təmsil edə bilərsən. Lakin ölkədə olmaqla bunları etmək çətin olar. Mən heç vaxt özümü o səlahiyyətdə hiss etməmişəm ki, kiməsə belə bir məsələhət verim, ölkədə olsun, ya xaricdə fəaliyyət göstərsin. Bu, individual olan bir qərardır.

Ana səhifəVideo”Mən Xədicəyə həsəd aparıram” – Daniela Retkova ilə müsahibə