Mən teatra getmək istəyəndə

Yol polisinin müşaiyəti…

Source:


Bir neçə gün öncə maraqlı bir hadisə yaşadım. Otellərdən birində keçirilən təlimdən sonra ordan çıxıb, üzbəüz ticarət mərkəzinə baş çəkməyə qərar verdim. Əlil arabasından istifadə etdiyim üçün otelin işçisindən xahiş etdim ki, maşın yolunu keçməyimə kömək etsin. O, icazə istəyib dərhal kiməsə zəng etdi və istəyim barədə xəbər verdi. Sonra dedi ki, bunu edə bilməz. Çünki icraçılar ona tapşırdı ki, yolu o şəkildə keçmək həyatım üçün təhlükəlidir. Və onu da əlavə etdi ki, mən ancaq yeraltı keçiddən istifadə edərək, istədiyim yerə gedə bilərəm.

İşçiyə başa saldım ki, yeraltı keçiddə guya əlil arabası istifadəçiləri üçün nəzərdə tutumuş pandusdan istifadə etsəm, daha böyük təhlükə yaşamış olacam. Çünki həmin pandusun kənarında dayanıb, aşağı baxanda, insanı vahimə basır. Analoqsuz düşüncə sahiblərinin icrası ilə inşa edilmiş həmin iki qoşa relsli pandus eynilə xizək sürənlərin hündürlükdən gələrkən sürət yığmaq üçün nəzərdə tutulmuş ərazisini xatırladır.

Bir dəfə “Tarqovu”dan Bulvara tərəf getmək üçün eyni cür inşa edilmiş yeraltı keçiddəki pandusdan istifadə edərkən az qalmışdı yıxılım. O zaman hələ 2 nəfər oğlan kömək üçün biri arabamın arxasından, digəri önündən tutaraq pandusla aşağı endirirdilər. Nəticədə müvazinətlərini itirdilər və məcbur oldular işi yarımçıq qoysunlar.

Otelin işçiləri təklif etdi ki, taksiyə minib,  yolu keçim. Absurd təklif idi. Taksiyə oturan kimi taksometr 1 manat yazır. Elə imkanlı adam deyiləm. İmtina etdim və dedim ki, yol polislərindən xahiş etsinlər ki, məni müşayiət etsinlər. Təkbaşına o yolu keçsəydim, çox güman bu gün həyatda olmazdım. Avtomobillər qarşıdan güllə kimi ötüb, keçirdilər. Bəxtim gətirdiyindən, otelin yanından Dövlət Yol Polis nişanlı avtomobil keçirdi və maşında oturan polisdən özüm xahiş etdim ki, yolu keçməyimə kömək etsin. Polis maşını sürə-sürə əli ilə işarə etdi ki, onu izləyim. O, asta-asta maşını şosse yolun ortasına verməyə başladı. Maşının üstündəki göy-qırmızı-ağ zolaqlı  sayrışan işıqlar (“Sirena”) yanıb-sönməyə və polis avtomobillərinin klassik xəbərdaredici gur səsi aləmi başına aldı.

Bütün maşınlar bir anda əmrə tabe oldular. Onları eyni ilə “Lion King”(Kral Şir) animasiya filmindəki Simbanın meydanda krallıq titulu almağını nümayiş edərkən digər aslanların ona biət edib, təzim etməsinə bənzətdim.  Mən avtomobilin sol tərəfi ilə irəliləyir, onun ətrafa verdiyi möhtəşəm tabeçilik hakimiyyətini ruhumla hiss edirdim. O, bu hakimiyyəti ilə məni mühafizə edirdi. Həmin məqamda daha yaxşı anladım ki, polis olmaq dünyada ən müqəddəs peşələrdən biridir. Təbii ki, əgər o şərə yox, haqqa-ədalətə xidmət edirsə və o sözün həqiqi mənasında məhz əməl olaraq hüquq mühafizəçisidirsə.

Trassda sürətlə hərəkət edilən ərazidə avtomobillər bir şəxsin yolu rahat keçməsi üçün dayanmışdı. Gözəl hisslər idi. Eqom qabarmışdı, az qalmışdı beynimin içindən çıxıb, ətrafa “MƏNƏM-MƏNƏM” hayqırsın. Hələ yolu keçərkən ürəyimdən keçirdim ki, bəlkə bir az yavaşlayım. Sürətimi azaldım.  Bu cür xoşagələn vəziyyət qısa müddətli olmasın. Məmurların və nazirlərin avtomobildə tez-tez bu duyğunu yaşamasını göz önümə gətirdim. Onları artıq yaxşı başa düşürəm.

Yolu çox rahat keçdim. Kefim əla idi. Bir müddət bu hisslərin əhatəsində oldum. Sonra sanki yuxudan oyandım. Eqomun yüksəlməsindən xəcalət çəkdim. Mənə görə neçə-neçə insanın yolunu kəsib, vaxtını almışdılar. Düzdür, həmin vaxt 10-15 saniyədən artıq çəkmədi. Amma yenə də kiminsə qarşısını kəsmək və vaxtını az da olsa almaq prinsiplərimə ziddir. Zamanın dəyəri mənim üçün önəmlidir. Bu haqda indi də düşünərkən iztirab çəkirəm.

Eqoist duyğulardan qurtulduqdan sonra yenə də əsəbiləşdim. Nə üçün mən yolu keçmək istərkən kimdənsə nəsə kömək istəməliyəm? Niyə mənə görə onlarla insanın yolunu kəsib, vaxtını almalıdılar? Və ən əsas sual: Nə üçün bu ölkənin əlil arabasından istifadə edən vətəndaşı hamı kimi yeraltı keçiddən istifadə etməməlidir? Axı siz, ey hökümət nümayəndələri, öz çıxışlarınızda “bərabər hüquqdan” danışırsınız. Sizin bərabər hüquq anlayışınız budurmu? Yəni tikilini inşa etməmişdən öncə əlil arabası istifadəçilərini nəzərə alıb, onu standart şəkildə düzəltmək bu qədərmi çətindir? Suallar o qədər çoxdur ki…

Panduslarda maililik  17 dərəcə bucaq altında olmalıdır ki, ordan sərbəst istifadə edə bilim. Bizdə mailliyi 45 dərəcə ediblər. Yeraltı keçidlərdə əlil arabası istifadəçiləri üçün qaldırıcı və endirici funksiya daşıyan qurğular da işlək vəziyyətdə deyil.

Amma bunu belə qoymayacam. Yaxın günlərdə imkan tapıb Bakı şəhər icra hakimiyyətinə gedəcəm. Tələb edəcəm ki, həmin keçidi mənim kimi əlil arabasından istifadə edən şəxslər və az yaşlı uşaq arabalarından istifadə edənlər üçün müəssər etsinlər. Bu, mənim ən təbii haqqımdır.

Bu yaxında qohumlarımla Azərbaycan Dövlət Musiqili Teatrına getmişdik. Bərk yağış yağırdı və maşından düşüb, teatrın qapısına çatana kimi artıq islanmışdım. Qapıya çatanda gözlənilən sürprizlə qarşılaşdım. Pilləkənlər… Bəli, möcüzə baş vermədi ki, əlil arabamdan qalxıb, öz ayaqlarımla içəri girim. Bunu gözləmirdim də…

Qohumlarımdan biri mənə kömək etmək ixtiyarında idi – bibim oğlu Əsəd. O birilər qızlar idi və elə gücə malik deyillər ki, arabamı pilləkanlarla qaldıra bilsinlər. Qızlar içəri keçib, teatrdakı kişi işçilərdən kimisə çağırana kimi yağışın altında lap islandım. Təsəvvür edin, oturaqlı biri və yağış damcıları ayaqlarına tökülür. İşçilər də nazlana-nazlana o tərəf bu tərəf gedir.  Elə bil, Bulvarda gəzintidə idilər. Əsəbdən onlara qışqırdım. Tələb etdim ki, tez gəlsinlər. İçəri keçəndən sonra səbrsizliyimə görə üzr istədim və başa saldım ki, qapının girəcəyi mənim üçün müəssər olsaydı belə davranmazdım.

Dedilər, bizlik deyil, Mədəniyyət və Turizm nazirliyinə müraciət et, onlar cavabdehlik daşıyır. Şalvarımın su içində olmasına görə tamaşanı yarımçıq tərk edəsi oldum. Üşüyürdüm, soyuq canıma işləyirdi. Tamaşanı yarımçıq tərk etdiyimə görə çox məyus oldum. Görün, həyatımızı necə çətinləşdirirlər. Biabırçılıqdır vallah. Aidiyyatı qurumlara vicdan arzu edirəm.

Ana səhifəMənim FikrimcəMən teatra getmək istəyəndə