Mən qəhraman deyiləm

Müsavat Partiyasının 8-ci qurultayına ithaf edirəm….

Source:

Politalogiyanın əlifbasına görə, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparırlar. Bir çoxları, o cümlədən geniş kütlələri siyasətdən kənar tutmaq istəyən iqtidar bunu bəsit şəkildə “kreslo davası” kimi qələmə verir. Lakin partiyanı hakimiyyətə gəlmək istəyinə görə qınamaq idman komandasını çempion olmaq arzusunda günahlandırmaq qədər cəfəng məşğuliyyətdir. Mənsub olduğum Müsavat Partiyası da bu sıradan istisna deyil. Biz də hakimiyyətə gəlməyə çalışırıq, hakimiyyətin


(qanunun



)

verdiyi səlahiyyətlər vasitələrlə bəyan etdiyimiz hədəflərə çatmaq, xəyallarımızdakı Azərbaycan yaratmaq istəyirik.

Başqa partiyalardan fərqli olaraq, müsavatçılıq təkcə bu deyil. Bir neçə gündən sonra 103 yaşını qeyd edəcək Müsavatın qeyri-adi və məşəqqətli yolu, məcburən seçdiyi mübarizə üsulları müsavatçılığı həm də bir missiyaya çevirib. Bu gün bu seçkilərdə, bu beş illikdə hakimiyyətə gəlmək kimi planların fövqündə duran missiyaya…Azərbaycan Demokratik Respublikası zamanı ölkədə çoxpartiyalı sistem yaranmılşdı. Amma Respublikanın süqutundan sonra bolşevik işğalına müqavimət göstərən tək qüvvə Müsavat, bolşevizmə rəqabət aparan yeganə ideologiya müsavatçılıq oldu. Yaxın gələcək üçün ümidsiz, heç bir hakimiyyət perspektivi olmayan bu mübarizə müxtəlif formalarda təzahür edirdi. Mühacirət etməyə imkan tapanların yorulmadan apardıqları təbliğatla, gələcək nəsillər üçün yazdıqları əsərlərlə, bolşevik yalanlarını ifşa edən arqumentlərlə, amansız terrora və ölkəni hörümçək toru kimi sarmış xəbərçi şəbəkəsinə baxmayaraq gizli təşkilatlarda birləşməklə, bolşevizmin səndələyəcəyi zamana qədər partiya strukturlarını saxlamaq uğrunda fədakar fəaliyyətlə, həbs olunanların isə ölüm düşərgəsində mərdanə və ləyaqət dolu davranışları ilə aparılırdı bu mübarizə.

Əhməd Cavadın Bakıda: “Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam, Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram”. Güntəkinin isə Sibirdə “Qaldıqca ruslarda diyarım mənim, İntiqam olacaq şüarım mənim” yazdıqları misralarla. Almaz İldırımın Türkiyədəki “Azərbaycan, mənim bəxtsiz anam, oy” fəryadı ilə aparılırdı bu mübarizə. Öyrədilmiş insanların hücumuna məruz qalan, məhkəmələrdə yalançı şahidlərin iftiraları ilə üzləşən çağdaş müsavatçıların önündə bir Rəsulzadə örnəyi var. Bolşevik işğalından sonra mühacirətdə yaşayan Rəsulzadə eleyhinə Vətənində qalaq-qalaq kitablar, məqalələr yazıldı, canından çox sevdiyi xalqının düşməni elan edildi, ünavanına min dürlü təhqir və lənətlər yağdırıldı.

Fəqət bütün bunlar onu ruhdan salmadı, Azərbaycan davasından çəkindirmədi. Yazdığı hər sətirdə Vətəninə də, həmvətənlərinə də sonsuz məhəbbət süzüldü. Haqqında böhtan yazanlara da xoşgörü ilə yanaşdı. Azərbaycanı işğal etmiş qırmızı imperiya ikinci cahan savaşından daha da heybətli çıxıdi, fövqəldövlətə çevrildi, Avropanın yarısını nəzarətə aldı. Amma bu da Rəsulzadənin Azərbaycan istiqlalına və hürriyətinə olan inamını sarsıtmadı. Totalitarizmin təntənə dövründə,’”şübhəsiz ki, insan haqlarını tutan tərəf qalib gələcək” deyə bəyan etdi. Rəsulzadə bir an belə sapmadan bu mübarizəni ömrünün axırına kimi daşıdı, son nəfəsində 3 dəfə Vətəninin adını çəkməklə yekunlaşdırdı. Öndərin özü üçün yekunlaşdı, həyat verdiyi ideolojiya üçün isə yox.

Çünki müsavatçılıq bir simvola, missiyaya çevrilmişdi. Təxminən 25 ilin çoxsaylı qəzetlərinin birində Oleq Volkov adlı bolşevizm əzabkeşinin müsavatçıların ölüm düşərgəsindəki davranışları haqqında yazdıqları çap olunmuşdu. Sonralar o yazını internetdə tapdım, sosial şəbəkələrdə paylaşdım. Həcmcə kiçik, yanılmıramsa, 3 abzaslıq yazı idi. Lakin o qədər işıqlı, qürurverici idi ki! Volkov bu 3 abzası aşağıdakı sözlərlə yekunlaşdırırdı:”Azsaylı xalqları əzən qüdrətli bir xalqın nümayəndəsi olaraq uzun həyatım boyu dəfələrlə xəcalət çəkmişəm. Lakin bu xəcalət heç vaxt müsavatçılar qarşısında hiss etdiyim qədər güclü olmayıb ” .

Xatırladaq ki, bolşeviklərin ölüm düşərgələri Rusiya monarxistlərindən, liberallarından tutmuş qeyri-bolşevik inqilabçılara, qeyri-rus xalqların müxtəlif təmayüllü siyasi qüvvələrinə qədər doldurulmuşdu. Amma məhz müsavatçılar özlərini ləyaqət dolu davranışları ilə O.Volkovu daha çox xəcalət çəkməyə vadar etmişdilər. Qeyri-insani şəraitin hökm sürdüyü, məhbusların bir tikə çörək uğrunda istənilən rəzalətə hazır olduqları Lenin-Stalin ölüm düşərgələrində belə bir davranış sərgiləmək üçün müqəddəs bir yolun yolçusu olduğuna əminlik və bu yola hədsiz sədaqətli olmaq gərəkir. Neron tərəfindən şirlərə yedizdirilən ilk xristianların, Məkkə müşrikləri tərəfindən işgəncə ilə öldürülən ilk müsəlmanların nümayiş etdirdikləri fədakarlıq və inam gərəkir.

Bu təbii ki, bəsit hakimiyyət mübarizəsi deyildi. Necə ki, Kərbalada 72 silahdaşı ilə 4 minlik qoşuna təslim olmayan Hz. Hüseynin göstərdiyi dönməzlik və şücaət hakimiyyət uğrunda deyildi. Bu insanlıq davası və hüriyyət davası, mənsub olduğun cameənin ləyaqəti uğrunda savaş, gələcək nəsillər üçün şərəfli tarix və örnəklər saxlamaq naminə mücadilə idi. Bütün bu fədakarlıqlar Müsavat Partiyasını Azərbaycan davasının bayraqdarına, müsavatçılığı isə özündə vətənpərvərliyi, azadlıqsevərliyi, ləyaqətçiliyi birləşdirən missiyaya çevirdi. Müsavatçı olmaq bu missiyanın, bu şərəfli tarixin bir hissəsi olmaq deməkdir. Müsavat Partiyasının qurultayı günü həbsimin 15 ayı tamam olur. Siyasi görüşlərinə görə həbs olunanlara cəmiyyətin azadlıqsevər kəsimi adətən qəharaman kimi yanaşır. Başqalarıənın adından danışa bilmərəm, amma, lütfən mənə qəhraman kimi yanaşmayın. Mən sadəcə müsavatçıyam, qəhraman deyiləm. Sələflərinin daşıdığı missiyaya və yazdıqları şərəfli tarixə layiq olmağa çalışan müsavatçıyam.

Tanrı Müsavatı qorusun!

Yadigar Sadıqov. 22.09.2014. 14 saylı CÇM


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və bu fikirlərə görə Meydan.TV heç bir məsuliyyət daşımır

Ana səhifəXəbərlərMən qəhraman deyiləm