Mən ona azadlıq arzulayıram

2003-cü ildə Azərbaycan xalqının ağır məğlubiyyətini xatırlayırsınız yəqin

Ramin Hacılı. Mənbə: Azadlıq Radiosu
Ramin Hacılı
Ramin Hacılı

İkinci kursda oxuyurdum. Erkin Qədirli bizə 1 il dərs demişdi, amma onun mühazirələrinin dadı damağımızda qalmışdı. Hər yerdə onun mühazirələrini, yazılarını axtarıb tapır, gözümüzə təpirdik. Bir dəfə hardasa bir elan gördük: “Alma” adlı qəzet çıxacaqdı, müəlliflər də filankəslər olacaqdı. İndi, yəqin hamısını tanıdığım, bəziləri ilə dost olduğum müəlliflər idi. Amma o vaxt yalnız Erkin Qədirlini tanıdıq və uşaqlarla qərara aldıq ki, bu qəzeti mütləq almaq lazımdır.

Bilmirəm, “Alma”da Erkin müəllimin ilk yazısını nə vaxt gördüm, amma azı 1 il olmadı. Fəqət, biz qəzeti oxumağa davam etdik. Oxumaq deyirəm sizə. Mən qəzetin ikinci səhifəsindəki baş redaktorun, şef redaktorun adlarını, tirajın sayını – səhifələrdə oxuna bilən bütün piktoqrafik, ideoqrafik, hərfi yazıları oxuyurdum. Həmişə deyirdim ki, bir az yavaş-yavaş oxuyum, 1 həftəyə çatsın. Amma bazar günü qəzeti alıb, 1-ci günə yalnız 1-2 yazı saxlaya bilirdim. Sonra olurdum “Alma acı”.

Sonralar “Alma”nın redaksiyasında da oldum, bu qəzeti çıxaran “Dalğa” Gənclər Hərəkatının aksiyalarında da iştirak etdim. “Alma” bağlananda ağladım da. Yaxınlara təklif etdim ki, yığışaq, çıxaraq, dedilər, bura Azərbaycandır, “Alma”nın kitabı yuxarıdan bağlanıb. “Alma” gəncliyi yetişdi o vaxt. Pozitiv, mentalitet və din əleyhinə, cəsarətli, sərhədləri dağıdan, etirazçı… Bu gənclik isə məğlubiyyətdən doğulmuşdu.

2003-cü ildə Azərbaycan xalqının ağır məğlubiyyətini xatırlayırsınız yəqin. Məğlubiyyətin ardınca gələn güclü repressiyadan sonra ortada qalan adamlar 2005-ci ildə bir də yığışdılar və sırf klassik müxalifətdən ibarət şəkildə sonuncu zərbələrini vurdular. Çünki 2005-ci ildəki məğlubiyyətdən sonra dərin depressiv şəraitdə vəziyyəti yalnız klassik müxalifətə aidiyyatı olmayan adamlar dəyişə bilərdilər. Bunların önündə isə gənclər gəldi. 2005-ci ilə qədərki siyasi vəziyyətdə təqsiri olmayan saf gənclər – yeni qüvvə.

O vaxt hökumət də yeni meydana çıxan gənclərə qarşı qoymaq üçün öz sifarişli gənclərini ortaya atdı. Nəticədə illərlə davam etmiş “Dalğa – İrəli” qarşıdurması yarandı. Bir az o yandan başladım, amma yazımın məramını deyim. “Dalğa” Gənclər Hərəkatının təsisçilərindən və uzun illər yaşadanlardan biri Ramin Hacılı olub. 2006-da Raminin də təşkilatçılığı ilə “Alma” qəzeti çıxmağa başlayıb. “Dalğa”nın və “Alma”nın bayaq sadaladığım işlərinin başında Ramin durub həmişə. Raminin dəstək verdiyi, dayaq durduğu bir dəstə (nə bilim, bəlkə də bir qoşun) gənc var. O gənclər, bəlkə də, inqilabçı olmadılar, ölkəni istədikləri kimi dəyişə bilmədilər, amma mən tanıdığım qədər, o gənclər vicdanlı oldular, maarifçi, yaxud ən azından maariflənmiş oldular, gerizəkalı olmadılar, onların övladları etibarlı əllərdədir (olacaq).

Mən mentalitetin əleyhinə çıxmağı “Alatoran”dan, “Alma”dan, “Dalğa”dan öyrəndim, dini niyə inkar etdiyimi “Alma”dan öyrəndim, bu ölkəni niyə xilas etməli olduğumuzu o “kruq”dan öyrəndim. “Dalğa”nın partilərində ilk dəfə “headbang”-dən başımızı döşəməyə dəyib qaldıra bilməməyi də öyrəndik. “Dalğa”nın üzvü olmadım, amma üzvlərə Raminin dəstəyini elə çılpaq gözlə görürdüm. Bir problemləri olanda – sərxoş olub evə gedə bilməməkdən tutmuş universitetdən qovulmağa, həbs edilməyə qədər – həmin uşaqlar dərhal Ramini axtarırdılar, o da yarıdırdı.

İndi isə Ramin həbsdədir. Siyasi məhbus deyil. Cinayət əməl(lər)ində ittiham olunur. Mən işin mahiyyətini bilmirəm. Məhkəməsi olar, özü danışar. Amma mən Azərbaycan təcridxanalarının, cəzaçəkmə müəssisələrinin islah yeri olmadığını bilirəm.

Bu rejim hərəmizdən bir şey düzəldir. Ramindən də nə isə düzəldiblər. Mən əminəm ki, demokratik rejim altında Ramin kimi adam çox faydalı ola bilər, necə ki, avtoritar idarəçilik altında öz faydasını göstərib. Həbs elə yerdir ki, ora düşüb 1 günə hər şeyə görə ömürlük peşman olan adamlar var. Amma islah sistemi o qədər axmaq qurulub ki, bir daha cinayət etməyəcək adama 5-10 il cəza verib, ondan zorla cinayətkar düzəldirlər. Raminin səhvi varsa, onu başa düşəsi, düzəldəsi kapasitəsi də var. Mən ona azadlıq arzulayıram.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMən ona azadlıq arzulayıram