”Mən İlham Əliyevə ‘oğru’ deməmişəm”

İyulun 22-də Bakı Ağır Cinayətlər Mməhkəməsində Nardaranda keçirilən əməliyyat zamanı həbs olunan Taleh Bağırov, onun tərəfdarları və AXCP sədrinin  müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib. Proses yarımqapalı keçirilib, əksər jurnalistlər və həbs olunanların yaxınları buraxılmayıb. Buna səbəb kimi zalda boş yerin olmaması göstərilib. Təqsirləndirilən şəxslərin yaxınları buna etiraz edərək, zalda ayaq üstə dura biləcəklərini deyiblər. Ancaq prosesdə iştirak edən təqsirləndirilən Abbas Hüseynin qardaşı bildirib ki, zalda boş yerlər var, adamlar bilərəkdən içəri buraxılmır.

Məhkəməyə təqsirləndirilən şəxslərin azyaşlı övladları da gətirilib. Onlar məhkəmə bitənəcən bayırda gözləməli oldular.

Prosesə həm də monitorinq aparmaq üçün gəldiyini deyən AXCP sədri Əli Kərimli Nardaran hadisələri zamanı öldürülən iki polisi də xatırlayıb:

“Biz bu prosesi həm də dərindən müşahidə etmək istəyirik. Əmin olmaq istəyirik ki, o polisləri kim və niyə öldürüb. Çünki Hacı Taleh Bağırov çox önəmli açıqlama verdi ki, ona 3 gün, 3 gecə işgəncə verilib, Milli Şuraya – Cəmil müəllimə, mənə qarşı yalan ifadələr verməsini istəyiblər. Bunun özü böyük hadisə idi. Bunun özü nəticə idi. Biz bildik ki,  hakimiyyətin əslində “Nardaran işində” məqsədi Milli Şuranı şərləmək olub”.

Proses zamanı Taleh Bağırov iş materiallarına salınan, onun adından yazılmış kitabçaya  etiraz edib. Bu barədə onun vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, Taleh Bağırov prosesdə deyib:

“İstintaq bizə 23 maddə ilə ittiham verib və bunların da hamısı o kitabçanın üzərində qurulub. Bütün tutulan adamların evindən o kitabçanı “çıxarıblar”. Keçən dəfə də dedim ki, o kitabça 26 noyabrdan sonra hazırlanıb. Bu da istintaqın quramasıdı. Səhvlərlə yanaşı, orada belə bir cümlə də var: “Tale Bağırzadə deyir ki, oğru İlham Əliyevə qarşı çıxın”. O kitabçanın da, bu sözün də mənə aidiyyəti yoxdur. Bu kitabça ya DTX, ya DİN, ya prokurorluq, ya Prezident Aparatında hazırlanıb. Məmurlar o qədər qudurublar ki, öz rəhbərlərini “oğru İlham Əliyev” adlandırırlar. Bunu mənim adımdan yazmaq nə deməkdir? Bu kitabça bütün bu işin taleyini həll eləyir”.

Təqsirləndirilən Abbas Hüseyn Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasının vəsatətlərin heç birini təmin etməməsinə etirazını bildirib:

“Bu, məhkəmə deyil, tamaşadı. Siz burada YAP məmurlarını müdafiə edirsiz. Mənə birdəfəlik ömürlük verin, çıxım gedim. Mən burada sizin üçün oyuncaq deyiləm, mən məhkəməyə gəlmək istəmirəm. Deyin, məni gətirməsinlər”.

Sonra hakim ona xəbərdarlıq edib.

Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər qaldırıblar. Fuad Qərəmanlının vəkili Yalçın İmanov Meydan TV-yə deyib ki, vəsatətlərin heç biri qəbul olunmayıb: “Məhkəmənin hazırlıq iclasında çoxsaylı vəsatətlər vermişdik. Bu vəsatətlərdən biri cinayət işinə xitam verilməsi idi. Bu vəsatət qəbul olunmayacağı halda Fuad Qəhrəmanlının işinin hazırki cinayət işindən ayrılaraq ibtidai istintaqa qaytarılmasını istəmişdik. Eyni zamanda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, iş məhkəməyə veriləcəyi halda yolverilməz sübütların məhkəmə baxışından xaric olunması və s. kimi çoxsaylı vəsatətlər verilmişdi. Bu gün hazırlıq iclasının qərarı elan edildi və belə məlum oldu ki, vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmənin elan etdiyi qərardan vəsatətlərin nəyə görə təmin olunmadığının səbəblərini başa düşə bilmədik. Belə görünür ki, şou davam edəcək”.

Növbəti məhkəmə prosesi avqustun 3-nə təyin olunub.

Ana səhifəVideo”Mən İlham Əliyevə ‘oğru’ deməmişəm”