Sevda Səfərəliyeva: “Problemləri qabardıram deyə təşkilatımı qeydiyyata almırlar”
Bakıya yaxın qəsəbələrdən birindəyik – Sulutəpədə. Mətbuatda Sulutəpə söküntülərlə daha çox anılsa da, bu dəfə gəlişimizin məqsədi başqadı. Bakıətrafı kənd və qəsəbələrin problemlərini işıqlandırmaq üçün hazırladığımız reportajların oxşar yanları çoxdu. Bu oxşarlıqlar işsizlikdən tutmuş, yol, kommunal problemlərədək eyniləşir. Ancaq elə insanlar var ki, onların müsahibəsi bütöv bir kəndin, qəsəbənin, şəhərin, ölkənin vəziyyətinə işıq tutar. O şəxslərdən biri – sosial şəbəkələrdə fəallığı ilə seçilən 1-ci qrup əlil – Sevda Səfərəliyevadı.
Daşlı-kəsəkli yollar…
Müsahibimiz İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Məktəbdə idman dərsində yıxıldığına görə onurğa sütununda zədə yaranıb. Ancaq həkimlər bunu vaxtında müəyyən edə bilməyiblər. Nəticədə onurğa sütununda şiş yaranıb və həmin şiş S.Səfərəliyevanın yerimək qabiliyyətini itirməsi ilə sonuclanıb.
Sevdagilə – hündürlükdə yerləşən qəsəbəyə iki marşrut dəyişməklə getdik. Marşrutlar da ağzına qədər dolu. Məskunlaşma sıxlaşdıqca avtobuslarda sərnişinlərin sayı da artır. Amma əvəzində nəqliyyat vasitələrinin sayı azdır.
Sulutəpənin qəsəbədaxili yolları enişli-yoxuşludur. Əsasən torpaq yoldur. Yolun ortasında sal daşlar, daş torbaları var. Belə təsəvvür yaranır ki, bu daşlar hava yağmurlu olanda küçədə yaranış gölməçələrdən adlamaq üçün düzülüb. Düşünsək ki, həmin yolda əlilliyi olan vətəndaşlarımızdan biri getməlidir o zaman niyə o vətəndaşlarımızın evlərinə qapandığı da bəlli olur.
“Mən niyə portret xalça toxumalıyam?”
Ailəsi ilə birgə yaşayan S.Səfərəliyevanın kiçik, işıqlı, divarının bir tərəfindən dartınma və çiyin, bel, əl-qol əzələlərini işlətmək üçün avadanlıq bərkidilmiş otağındayıq.
Söhbətimizə istər-istəməz əlilliyi olan şəxsləri öz ətrafında birləşdirməli olan təşkilatların işindən başladıq: “Yeni təşkilat yaradılıb. Mən fikirləşdim ki, onlar bizi başa düşərlər. Ancaq onlar da köhnə-klişe layihələri gerçəkləşdirməyə başladılar. Nə qədər fikirləşmək olar ki, əlildirsə, adam ancaq şəkil çəkməli, xalça toxumalıdır. Xalça da toxusam elə xalça toxuyaram ki, bununla fəxr edərəm. Ancaq mən niyə portret xalça toxumalıyam? Mən bayraq şəklini niyə toxumalıyam? İnsanın başını qatmaq üçün, əl-motorika hərəkətləri etmək üçün olar, ancaq biz hər şeyə qadirikmi? Mən qadir deyiləm. Mən nə etmişəmsə, ailəmin hesabına etmişəm. Ailəm oxumağıma şərait yaradıb, məni dəstəkləyib. Bizi məhz şəkilçəkən və xalça toxuyan kimi təqdim edirlər. Ya kompüterdə işləməyi, ya rəsm çəkməyi, ya da xalça toxumağı öyrənməlisən. Başqa seçim yoxdur? Sən əgər cəmiyyətsənsə, bir əlilinə araba ver. Bir internet səhifəsi aç, mağaza təşkil elə. Mənə portret lazım deyil. Mənə ancaq ondan istifadə etmək lazımdır. Elə bir iş olsun ki, əlilliyi olan insan yararlana bilsin. Əvvəllər açıqçalar satırdılar. Xeyriyyə məqsədilə olurdu və bunu uşaqlar çəkirdi. Həmin açıqçaların pulu ilə nə isə etmək olurdu. Hökmən bizə xaricilər başa salmalıdı ki, özümüz çox istəsək, çox şey edə bilərik”.
Sevda deyir ki, əlilliyi olan şəxslərin çoxu təhsil almaq istəyir: “Təhsil əlilliyi olan şəxsin gələcəyini müəyyənləşdirir. Təhsil isə ala bilmirlər. Nə evdə, nə də məktəbdə. Mən bir qadın tanıyıram, indi İstedadlı Əlillər Birliyində işləyir. Adı Kübra xanımdı. Deyir ki, o, məktəbə getməyib. Ancaq çox savadlıldır. Soruşdum ki, necə belə savadlı danışa bilirsiniz? Dedi ki, bacım məktəbdə oxuyurdu, mən də onun kitablarını oxumaqla təhsil alırdım. Üçüncü sinifə kimi müəllimləri gəlib-gedib. Üçüncü sinifdən sonra isə valideynlərinin imkanı olmayıb və təhsili yarımçıq qalıb. Bu, bir problem. Digər problem nəqliyyatdır. Nazirliyə təklifimizi də göndərdik. Orda nəqliyyat əsas şərt idi. Nəqliyyatda şərait olsa, biz təhsil ala bilərik. Hər şey də təhsildən başlayır”.
– Əlilliyi olan uşaqların vəziyyəti daha çətindi…
– Onlara “sağlamlıq imkanları məhdud olan uşaqlar” deyirlər. Onlar əlliliyi olan uşaqlardır. Həmin uşaqlara qrup verilməyib və sadəcə 67 manat müavinət verirlər. Müavinət minimum yaşayış məbləğinə çatdırılmalıdır. 67 manat nəyə verilir? İqtisadi əsaslandırması varmı? Bu vəsait də ən ağır qrupu olan insanlara – 1-ci qrup əlilliyi olan vətəndaşlara verilir. Xaricdə isə belə deyil. Əllilk aşkarlanan kimi mütəxəssislər gəlir. Həmin şəxsin maksimum başqasından asılılığını ləğv etməyə çalışırlar. Evdə rahat irəliləyə bilməsi üçün divarlara tutacaqlar qoyulur, darvaza qapılarını avtomatikləşdirirlər. İngiltərədə yaşayan br xanım var? onun qulaqları eşitmir. Əlaqədar orqanlar yanğın zənginə qədər hər şeyi işləyib hazırlayıblar. Gördükdə ki, evin şəraiti əlliliyi olan şəxsin rahat hərəkətinə, təhlüksəziliyinə uyğun gəlmir, xüsusi “bunqola” deyilən birmərtəbəli evlərə yerləşdirilirlər. Çünki evi quraşdırmaq daha çətindi, nəinki nəzərdə tutulmuş xüsusi evlərə yerləşdirmək. İngiltərədə bir sayt var “transport for all” – “hamı üçün nəqliyyat” adlanır. Əlliliyi olan şəxsi görüb saxlamayan avtobus, avtobusda yer olmadıqda bu belə, həmin səhifədə tənqid olunur. Mən orda olmuşam, hansısa neqativ hərəkətlə qarşılanmamışam. Baxmayaraq ki, metroların elə yerinə gedirdik ki, orda pandüs belə quraşdırmayıblar. Məni fizioterapevt özü aparmışdı. İngiltərədə elə öyrəşdiriblər ki, arabanı səliqə ilə düşürür. Qatara keçmək istəyəndə isə işçilər özləri yaxınlaşır pandüsü açır, keçirsən. Hamı buna normal yanaşır.
“Nazirliyə motorlu arabalara qədər yazmışıq”
Sevda Səfərliyeva Avropa Oyunları ilə əlaqədar aparılan dəyişiklikləri müsbət qarşılayır: “Stadionda necə qəşəng tualet kabinələri quraşdırıblar. Mən də sual verirəm ki, həmin tualetlər oyunlar bitəndən sonra qalacaq? Mənə deyirlər ki, niyə elə deyirsən, aparmayacaqlar ki. Halbuki Avroviziya yarışı vaxtı elə oldu. Əlilliyi olan şəxslərin də istifadə elə biləcəyi avtobus gətirmişdilər. Biz də yığışıb hara isə getmək istəyirdik. Əmək və Əhalinini Sosial Müdafisəi Nazirliyinə müraciət etdim ki, həmin avtobusu bizim üçün ayrısınlar. Nazirlikdən isə mənə dedilər ki, avtobusun harda olmasından xəbərsizdirlər. Sonra isə bir az araşdırıb Nəqliyyat Nazirliyində olduğunu öyrəndilər. Nəqliyyat Nazirliyi isə həmin avtobusun xarici turistlər üçün işlədildiyini dedi. Yəni biz insan deyilik…”
Bir müddət öncə sosial şəbəkələrdə məhz əlilliyi olan şəxslərin səhifələri paylaşıldı, onların illərlə apardığı mübarizənin virtual aləmdə məlumatlandırma və dəstək arama hərəkatı başladı. Bu hadisələrin önündə birinci qrup əlilliyi olan vətəndaşlar gəlir. Haqlarını tələb edən şəxslər dövlət qurumlarına problemlərinin həlli yollarını göstərən müraciət ünvanladılar. S.Səfərəliyeva həmin müraciətdəki təkliflərindən də danışdı: “Biz nazirliyə müraciət edəndə motorlu arabalara qədər yazmışdıq. Çünki elə insan var o əlini tərpədə bilmir. İndi neynəməlidir? Bütün günü onu kimsə əl ilə ordan-ora sürsün? Sayları da azdır, ancaq alınmır. Cəmi 5000-7000 arası əlil arabası istifadəçisi var. Qarabağ əlilləri də daxildi bu sıraya. Onların şəraitini təmin etmək nə qədər çətindir ki? Bu, bir yana qalsın, nazirliyə yataq yaraları yarandıqda lazım olan tibbi vasitələrə kimi yazmışıq. Mənim özümdə yataq yaraları olub. Azı 100 manata yaxın xərcim çıxdı. Axı bizdə elə insanlar var ki, yataq yarasına xərclənəcək vəsait onun üçün çox puldu”.
Problemləri qabartmasının təşkilatının qeydiyyata alınmasına əngəl olduğunu deyən S.Səfərəliyevanın sözlərinə görə, Ədliyyə Nazirliyi onun sənədlərini iki dəfə geri qaytarıb: “Birində dedilər ki, şəxsiyyət vəsiqəsinin surətini düz verməmisən. İkincisində də dedilər ki, nizamnamədə hansısa maddələr düz deyil. Mən də onlardan soruşuram ki, hansı maddələr düz deyil? Bir dəfəyə bütün çatışmazlıqları demək olardı. Bir ildir təşkilatın qeydiyyatı havadadı. Bizdə işləmək istəyən, sosial problemlərin qabardacaq təşkilatın olmasını istəmirlər. Danışdığıma görə təşkilatımı qeydiyyata almırlar”.
“İcra başçısı dedi ki…”
Sevdanın otağında müxtəlif idman qurğuları var. Deyir ki, onardan reabilitasiya məqsədilə istifadə edir: “Onlar onurğa sütunu üçündü. Reabilitasiya məqsədilə qurdurmuşuq. Ancaq reabilitasiya da birillik məsələ deyil. Onurğa ilə bağlı reabilitasiya uzun illər çəkir. Əməliyyat olunsam belə, bu, gəzmək üçün deyil, gələcəkdə vəziyyətimin daha da pisləşməməsi üçündü. Məndə skalyoz və kifoz var. Skalyoz zamanı da həyati orqanlar hər an təhlükədə olur. Həkim də deyir ki, indi eləməsək, sənin üçün çətin olacaq. İndi artıq ayağımda ağrılar, digər orqanlarımda problemlər yaranıb. Gecələr yata bilmirəm. Demirəm ki, bütün dünya Sevdaya görə səfərbər olmalıdı. Sadəcə həkimimin xəbərdarlığı darıxdırır. Burda məndən 30 min manat istəyirlər. Əməliyyat xərci də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətinə daxil deyil. Xərclərdə də bu barədə məbləğə rast gəlməmişəm. Mən indiyə qədər bilmirəm ki, fərdi reabilitasiya proqramı üçün mənə nə qədər vəsait ayrılıb. Onun içinə nə daxildi? Fərdlər üçün də inanmıram olsun. Ancaq prezident uşaqların xaricdə müalicəsi (UAFA) üçün 2 milyon manat ayırmışdı. Bu xaricdə müalicə problemi də qapanmadı. Elə xarici ölkədə müalicə üçün ayrılan vəsaitə burda yaxşı Reabilitasiya Mərkəzi qurmaq olardı. Qoy hamı bura gəlsin də. Gürcüstan, İran, Dağıstan camaatı bura gələrdi. Camaat üçün də iş yeri olardı. Adamlar orda illərlə qalmır ki. Bizdə ancaq onu bilirlər ki, reablitasiya mərkəzini çöldən bəzəsinlər. Elə təmir edirlər elə bil Qız Qalası tikirlər. Reablitasiya Mərkəzi sadə olmalıdı. Xaricdə elədi. Funksionallığı, otaqları geniş və işıqlı olsun, üstünü bəzəməyə ehtiyac yoxdu”.
Sevda Səfərəliyevaya avtomobil hədiyyə olunub. Hədiyyə verən isə millət vəkilidi. Özünün dediyinə görə, məhz avtomobildən sonra cəmiyyət arasına çıxa bilir. O, həmçinin yolların bərbad olması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edib: “Mənimlə icra başçısı elə danışdı ki, danışmasaydı ondan yaxşı idi. Mənə deyir ki, Sevda xanımın maşını var ona görə yol istəyir. Maşınım varsa, mən onu sürməyi həmən öyrənməmişəm ki, bunun üçün vaxt keçib. Xaləddin İsgəndərov deyib bu sözləri mənə. Biz evə taksi çağırırdıq, gəlmirdi. Taksi sürücüsünü də qınamaq olmur, yollarımız bərbad vəziyyətdədi. Bunu icra nümayəndəsinə də demişəm, icra başçısına da. Sulutəpədə bir “milyonerlər küçəsi” var. Həmin kücə, bir də bələdiyyə ilə polis idarəsinin yerləşdiyi küçələr təmirlidir. İki il bundan öncə də teleqram vurdum hər yerə. Axırda qonşular 40-50 manatdan yığdı, yollara çınqıl tökdürdü. Həmin teleqramala əlaqədar İcra Hakimiyyətinə sorğu gedib. Bizim bələdiyyə də teleqrama cavab yazıb ki, yollara çınqıl tökdürmüşük. Halbuki, çınqılı biz öz pulumuzla tökdürdük. Burda da elədi ki, yağış kollektoru yoxdur deyə su çınqılı yuyub aparır. Yenə də yolsuz qalırıq”.