”Mən hələ bu zavodda həyat işığı görməmişəm”

“Bu zavodun əvvəldən başı bəlalıdır. Tikintisi də ləng getdi, açılışı da vaxtından gec edildi. Açılışdan sonra da işləmədi” – deyir, İsmayıllı sakini Abdulla Qubadov.

Source:


“Bu zavodun əvvəldən başı bəlalıdır. Tikintisi də ləng getdi, açılışı da vaxtından gec edildi. Açılışdan sonra da işləmədi” – deyir, İsmayıllı sakini Abdulla Qubadov.

Söhbət İsmayıllıda tikilmiş, təxminən bir ay öncə prezident İlham Əliyev tərəfindən açılışı edilən “İsma Bikes” velosiped zavodundan gedir.

Zavodun bağlanması xəbəri yayılıb. Meydan TV əməkdaşı İsmayıllıda olub, zavodun fəaliyyəti ilə maraqlanıb.

Zavodda işləmək göydəndüşmə olardı

Abdulal Qubadov velosiped zavodunun yerləşdiyi Diyallı kəndində yaşayır. O, zavodun tikildiyi yolun üstündə yerləşən bağından topladığı meyvə-tərəvəzi satır. Deyir, zavod söhbəti çıxanda kənd camaatı sevindi ki, bəlkə onlara da bir iş tapılar:

“Oğlum gedib maraqlandı. Dedilər, hələlik çox az işçi götürüblər. Gələcəkdə lazım olsa, əlaqə saxlayacaqlar”.

Velozavod
Velozavod

Abdulla Qubadov işlərinin mövsümlük olduğunu deyir. Yayda meyvə-tərəvəz satır, qışda isə işi olmur:

“Zavodda işləmək göydəndüşmə olardı. Ancaq açılışı olsa da, zavod işləmir. Səhərdən axşamadək yolun kənarındayam. Hələ bu zavoda nəsə material gələ, işçilər gedə və s. görməmişəm. Açılış ərəfəsində get-gəl var idi. O da kəsildi”.


Velosiped zavodu işləmir?

Avqustun 10-da İlham Əliyev “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışını edib. İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya Velosiped Zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.

Rəsmi məlumata görə, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq.

Velozavoda gedən yol
Velozavoda gedən yol

Arada gəlib bir-iki velosiped istehsal edirik

Velosiped zavodunda çalışan, özünü müdirin əvəzedicisi kimi təqdim edən şəxs bildirdi ki, hələlik zavodda tam istehsal yoxdur:

“Heç müdir də burada deyil. Açılışı etmişik, prezident də gəlmişdi, televiziyada da göstərdilər. Ancaq işə götürdüyümüz işçilərin yarıdan çoxunu göndərmişik Bolqarıstanda kurs keçməyə. Burada qalan işçilər də həftədə 1-2 dəfə işə gəlirlər. Gələndə də 1-2 velosiped istehsal edirlər”.

Zavodun işçisi onu da bildirdi ki, əsasən Bolqarıstandan gələcək nümayəndələri gözləyirlər. Ona görə də zavod tam gücü ilə işə başlamayıb:

“İstehsal başlayanda internetdə elan edəcəyik. 10-15 gündən sonra da başlaya bilər. Dəqiq nəsə deyə bilmirəm”.

Zavodun fəaliyyətini dayandırması barədə məlumatsızam

Zavoda dönən maşın yolu bağlı, mühafizəçi üçün nəzərdə tutulmuş kiçik köşk boş idi. İki nəfər zavod ərazisində əkilmiş otları sulayır, özünü müdiri əvəzləyən şəxs kimi təqdim edən isə onlara nəzarət edirdi. Zavodda bundan başqa hər hansı bir iş getmirdi.

“İsma Bikes” Zavodu Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən olan “Synergy Group”-a daxildir.

“Synergy Group” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin meneceri Ayxan Nəsibli Meydan TV-yə bildirmişdi ki, onda zavodun fəaliyyətini dayandırması ilə bağlı hər hansı məlumat yoxdur: “Bu barədə məlumatımız yoxdur”.

Fins.az-ın velosiped zavodundan aldığı məlumata görə, 8 hektarlıq ərazidə yerləşən zavodun tikintisi və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırılıb. İlkin mərhələdə uşaq velosipedindən tutmuş, ən yüksək səviyyəli idman velosipedlərinə qədər 5 çeşiddə istehsal olacaq.

Ana səhifəXəbərlər”Mən hələ bu zavodda həyat işığı görməmişəm”