”Mən də Azərbaycan qadınıyam və hər gün ”əxlaq polisi” ilə üz-üzəyəm”



Sitara İbrahimova: “Kişilər heyvanlarla cinsi əlaqəyə girir, qadınlar qeyri-ənənvi seksi seçir – təki bakirəlik qorunsun”

Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) “bakirəlik testi” layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qadın problemlərini işıqlandırmaqla gündəmə gələn fotoqraf Meydan TV-nin suallarını cavablandırıb


Niyə bu barədə film çəkmək istədiniz? Bu film patriarxal, ənənəyə söykənən cəmiyyət üçün bir güzgü, mesajdır, yoxsa sizin rəssam kimi bu testə reaksiyanız?

Bu problem barədə film çəkmək istəməyimin səbəbi sadədir: empati və həmrəylik hissi. Mən də Azərbaycan qadınıyam və az qala hər gün sosial stiqmatizasiya və “əxlaq polisi” ilə üz-üzəyəm… Özü də, hələ nəzərə alaq ki, ailə, sosial status sarıdan bəxtim gətirib, ünsiyyət çevrəm fərqlidir, xaricdə təhsil almaq imkanım olub. Bilirsiniz, refleksiya və yaradıcılıq qarşılıqlı şərtləndirilmiş proseslərdir. Yaradıcılıq refleksiyanı nəzərdə tutur, yüksək səviyyəli refleksiya isə həmişə yaradıclığa çevrilir. Mənim üçün daha əlçatan refleksiya vasitəsi Çexiya Bədii Sənətlər Akademiyasınını fotoqrafiya fakültəsinə daxil olduğum vaxtdan, yəni son on ildə məşğul olduğum sənədli fotoqrafiya oldu. Sosial mövzuları tədqiq etmək, dövrü, məkanı və bu məkanı dolduran insanları təkcə sənədli fotoqrafiyanın sosial-tənqidi deyil, həm də vizual antropoloji baxış bucağından fiksasiyasını gerşəkləşdirmək maraqlı olub. İstəyirəm illər keçəndən sonra biz bu zamanı bir növ bərpa edərək, bu vaxtlar kim olduğumuzu, nə ilə yaşadığımızı, nə istədiyimizi başa düşək. İşlərimin çoxunun ana xətti qadınların problemləridir: erkən nikahlar, qohum evlilikləri (bu evliliklər Azərbaycanda hemofiliya və talassemiya xəstəliklərinin yüksək göstəricisinin səbəbləridir), qadın hüquqlarının pozulması, ailədaxili münasibətlər və s.


Sitarə, bakirəlik testi barədə necə öyrəndiniz, bu məlumat sizdə hardandır?

Foto-layihələrim zamanı qəhrəmanlarım mənə dəhşətli hadisələr danışırlar. Məsələn, biri danışırdı ki, doğma əmisi onu zorlayıb, o da təbii ki, bunu heç kimə danışa bilməyib. Sonra onu ərə veriblər, evliliyə qədər bakirə qalmadığına görə əri onu alçaldır. Qadın dinə pənah aparıb və permanent günah, utanc hissi ilə yaşayır. Bir düşünün, bu situasiyada kim utanmalıdır – zorakılığa, təhqirə məruz qalan qadın, yoxsa onu zorlayan, təhqir edənlər? Başqa bir qəhrəmanımın hekayəsi: Rusiyada doğulub böyümüş bir qızı onuncu sinifdə oxuyanda atası əmisi oğluna ərə verir. Onun etiraz etmək, qərar vermək haqqı olmayıb. Qadın sığınacağından başqa bir hekayə: əri arvadını qız uşağı doğduğuna görə küçəyə atmışdı, eyni vaxtda kişinin məşuqəsi də ona oğlan uşağı doğubmuş. Minlərlər, on minlərlə belə hekayə var. Oturub-durmaqla bakirəliyin yoxlanması ənənəsini də mənə qəhrəmanlarımdan biri danışmışdı.


Filmi çəkəndə, insanların böyük əksəriyyətinin belə reaksiya verəcəyini, təhqirlərə məruz qalacağınızı bilirdinizmi?

Bu hadisəni eşidəndən sonra qərara gəldim ki, özüm “Reflektor” adlı video-installyasiya (canlandırılmış foto da deyə bilərik) silsiləsinin təkcə subyekti deyil, həm də obyekti rolunda çıxış edim. Layihə “YARAT!” Müasir İncəsənət Mərkəzində keçirilən və Suat Qarayeva-Maliki ilə Byorn Geldhof tərəfindən kurasiya olunan “RESİSTANCE” sərgisində gerçəkləşdirilirdi. Sərgidə dörd videoinstallyasiya nümayiş etdirilsə də, sosial şəbəkələrdə ancaq bir video diqqəti cəlb elədi. Halbuki, digər üç iş heç də daha az əhəmiyyəti olmayan sosial problemləri əhatə edir. Məhz bu videonun diqqət çəkməsi onu göstərir ki, mən düz etmişəm, yaralı yerə toxunmuşam. O ki qaldı elə sərt reaksiyaları proqnoz edib-etməməyimə, bu, bir rəssamın öz qarşısına qoyduğu ilkin məsələ ola bilməz axı. Mən oyuna, yarışa resurs yatırmıram axı, diskurs yaratmağa, məni narahat edən məsələlərə diqqət çəkməyə çalışıram. Bir halda ki, belə səs-küy yarandı, deməli, problemə diqqət çəkməyi bacardım .


Nədənsə ehtimal edirəm ki, xeyli mesaj, məktub almısınız. Məzmun adətən necə olurdu?

Facebookda şəxsi yazışmalar vasitəsilə xeyli təşəkkür aldım, çox sevinirəm ki, bu təşəkkürü edənlər arasında kişilər də az deyildi.


Təəccüblüdür, sizi qınayanlar arasında xeyli qadın da oldu. Belə təhqiramiz bir testə, ümumiyyətlə, bakirəlik sınağına məruz qalan bir cinsin nümayəndələrinin onların haqları istiqamətində iş görməyə cəhd edən insanlar haqda belə danışması sizi təəccübləndirdimi? Bu halı, bunun səbəblərini necə, nə ilə izah edə bilirsiniz?

Yenə də deyirəm, sosial stiqmatizasiya, qurban-aqressor kompleksi və cehizlə birlikdə nəsildən nəsilə ötürülən daha bir çamadan kompleks. Problem təkcə bu deyil, bir çox qadın üçün qaynananın şəxsi işlərə, onların ailə işlərinə qarışması da normal sayılır. Axı biz hamımız həyatı empirik qəbul edirik. Mən onları qınamıram, onları refleksiya və əmələ dəvət edirəm.


Yaxınlarınızın həm filmə, həm film ətrafında cərəyan edən söz-söhbətlərə münasibəti necə oldu?

Ailəmə pis təsir edən bu iş deyil, ünvanıma və valideynlərimin ünvanına səslənən iyrənc təhqirlər oldu. Əgər söyüşlər də Harri Potterin duaları kimi ölüləri diriltmək imkanında olsaydı, mənim yeddi nəslim indi məzardan qalxmışdı. Amma mən rəssamam və özümə hesabat verə bilirəm.

Bilirəm ki, ictimai reaksiya müxtəlif cür ola bilər. Mən bu söyüşlərə məruz qalan nə birinci, nə də sonuncu adamam. Bu filmlə də Amerika kəşf etməmişəm, cəmiyyətimizdə nəyin necə olduğunu hamı bilir, burada heç bir sirr yoxdur. Bu başqa məsələ ki, tənqid konstruktiv olmalıdır.


Ümumiyyətlə, Azərbaycanda qadın haqları, qadınların özünüifadəsi, təmsilçiliyi barədə nə düşünürsünüz? Müşahidə elədiyiniz vəziyyəti necə formalaşdırıb, ifadə edə bilərsiniz?

Mənim, məsələn, qadın azadlığı və haqlarının qorunması istiqamətində nə etmək lazım olduğu barədə konkret təkliflərim var. Məktəblərdə seksual maarifləndirmə olmalı, qadınlara kömək edən “qaynar xətt” yaradılmalıdır. Axı bunlar real addımlardır. Amma bunların heç biri yoxdur. Bu absurd vəziyyəti heç olmasa bir addım yerindən tərpətmək lazımdır axı. İyirmi birinci əsrdə yaşayırıq, amma hələ də kişilər heyvanlarla cinsi əlaqəyə girir, qadınlar qeyri-ənənəvi seksi seçir – təki bakirəlik qorunsun. Bütün bunlar ənənəvi azad seksdən daha az qınağa, sorğu-suala səbəb olur. Bu, işgəncədir, zorakılıqdır, sağlam təfəkkür və sağlam həyat deyil.


 Oxşar problemlərə bir daha müraciət etmək fikriniz varmı? Varsa, bunlar hansı sosial problemlərdir?

Sosial problem çoxdur, amma normal düşünən, refleksiya və hərəkət edən insanlar da çoxalır axı. Hazırda dostlarım və fikirdaşlarımla “Mədəni Niyyət” adlı bir layihənin üzərində işləyirik. Hələ ki, əsas istiqamətimiz Alzheymer və demensiyadan əziyyət çəkən tənha və yaşlı insanlara (Maştağadakı psixiatrik klinikadakı herontologiya şöbəsinin pasientlərinə) kömək etməkdir. Həmçinin, evsiz heyvanların problemləri ilə də məşğul oluruq. Bizə kömək və dəstək lazımdır. Odur ki, elə əlimə imkan düşmüşkən, insanlarımızdan xahiş edirəm, bizim təşəbbüsə qoşulsunlar.


Yaradıcılığım bütün sosial kəsimləri əhatə edir. Məsələn, Qarabağ əlillərinin də problemlərini qabartmağa çalışıram.  Onlardan biri Arif Əliyevdir. Onun fotolarını işləmişəm.

Qarabağ əlili
Qarabağ əlili



Əliyev həyat yoldaşı və qızları ilə birlikdə bir otaqda yaşayır. 1993-cü ildə Ağdam işğal olunanda Arif Əliyev minaya düşərək, 26 yaşında hər iki ayağını itirib. Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və İranın keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncani onu xəstəxanada ziyarət etdikdən sonra, protez düzəltdirmək üçün onu İrana göndəriblər. Vətənə göstərdiyi xidmətə görə ona “Vətənin müdafiəsinə görə” medalı təqdim olunub.  Gəzməyə çətinlik çəkdiyinə görə, Qarabağ veteranı vaxtının çoxunu yaxınlıqdakı kafedə keçirir. Əliyev Arif deyir ki, onun bütün ailəsi aldığı 370 AZN təqaüdlə dolanır.

Ana səhifəVideo”Mən də Azərbaycan qadınıyam və hər gün ”əxlaq polisi” ilə üz-üzəyəm”