Elmira İsmayılova hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın anasıdır. İxtisasca mexanikdir. 71 yaşı var.
Aşağıdakı sətirlər Elmira İsmayılovanın Avropa Oyunları və beynəlxalq icitmaiyyətin bu oyunlara münasibəti barədə Meydan TV üçün yazdığı fikirləridir…
Qızım İsmayılova Xədicə, 05.12.2014-ci il tarixində, özünü öldürmə həddinə çatdırma maddəsi ilə həbs olunub. O, saxlanma şəraitindən mənə heç bir narazılıq etməyib. Bu ay Azərbaycanda Avropa Oyunları keçirilir. Siyasi məhbusların olduğu ölkədə oyunun keçirilməsi, məncə, düzgün deyil. Mən bir şeyi bilirəm, siyasi məhbuslar azad olunmalıdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanda baş verən hadisələrdən xəbərdardır. Hakimiyyət özünü daha gülünc vəziyyətə salmamalıdır.
Azərbaycanda baş verən hadisələri heç bir Avropa Oyunları ilə ört-basdır etmək mümkün deyil. Əgər cavan bir idmançı olsam, işimi yerinə yetirərəm, amma insan haqlarının pozulmasına da bir insan olaraq, etiraz edərəm. Söhbət əgər insandan, insan haqlarından və mənəvi dəyərlərdən gedirsə, dünya ictimaiyyəti hər yerdə baş verən haqsızlıqlara qarşı öz mövqeyini bildirməlidir. Bütün münasibətlər bu prinsiplər əsasında qurulmalıdır.
Bizim problem ölkənin daxilindədir. Kənardan bəlkə yaxşı görünə bilərik, amma problem bizim içimizdədir. Ölkə içindədir. Azərbaycanda keçiriləcək bu oyunlara gələn turistlər, xarici jurnalistlər, idmançılar burda demokratiyanın qurulmasını təmin edə bilməzlər. Hakimiyyət düşüncə tərzini dəyişməyincə, xalqa xidmət etməyincə Azərbaycanda heç bir demokratiyadan söz gedə bilməz.
Şəxsən mən bu oyunlara baxmayacağam. Mənim 70-dən yuxarı yaşım var. Mən Azarbaycanımın aydın fikirli, azad düşünən insanlarının azadlığa çıxmasına baxmaq istəyirəm.