Araz Əlizadə İqbal Ağazadədən Xətai Rayon Prokurorluğuna şikayət edib
35 saylı Xətai 3-cü Seçki Dairəsindən mandat qazanan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə rəqibi, Ümid Partiyasının sədri İqbal Ağazadədən təbrik gözləmir.
O, İqbal Ağazadənin onun 5 səs alması barədə dedikəri Meydan tv-yə belə şərh verib: “Kişi kişi kimi udar, kişi kimi də uduzar”.
Araz Əlizadə “İqbal Ağazadə məhkəməyə müraciət edəcəyi təqdirdə münasibətiniz necə olacaq” sualına cavab verib ki, hara istəyir yazsın: “Amma mən onu təqib edəcəm. Artıq Xətai rayon Prokurorluğuna 2 şikayət göndərmişəm. Birinci şikayətim onun adamlarının mənim səlahiyyətli nümayəndəmin evinə gedib hədə-qorxu gəlmələri barədədir. İkinci şikayətim haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin adından 35 saylı DSK-ya saxta məktub yazması haqqındadır. Artıq məktubu da prokurorluğa göndərmişəm. Söhbət onun ərazidə asfalt çəkməsindən gedir. Bu barədə haqqın.az saytında məlumat getsə də, sonradan material çıxarıldı. İqbal Ağazadə 5 sentyabrda Fətullayevin adından məktub yazıb ki, saytda belə bir material getməyib, bu, saytımıza təxribatdır. Mən də Fətullayevin xəttini yaxşı tanıyıram, həm də məktub yazılanda o ölkədə yox idi. Mən Ağzadəni sona qədər təqib edəcəm”.
Araz Əlizadə parlamentdə daha çox uşaqların, qadınların, müəllimlərin və hərbçilərin sosial müdafiəsi yönündə məsələlər qaldıracağını dedi.