”Məmurların toyuq hini bizim evlərimizdən şəraitlidir”

Füzuli köçkünü: “Uşaqlığımız keçdi, indi də gəncliyimiz çürüyür”

Source: meydan tv


Füzuli köçkünü: ''Uşaqlığımız keçdi, indi də gəncliyimiz


çürüyür''

“Yaşayışımız, şəraitimiz yoxdur. Hansı məmur bu yerdə yaşayar? Hansı ailəsini belə zülmə rəva görər? Dinəndə deyirlər, müharibə şəraitində olan dövlətik, dözün, hamı köçürüləcək. 1993-cü ildən bu yana dözürük. Bütün uşaqlığımız keçdi, indi də gəncliyimiz burada çürüyür”.

Marusya Alıyeva belə deyir. O, Füzulidən olan məcburi köçkündür. Beyləqanın Şəfəq qəsəbəsi yaxınlığında 5-ci şöbə adlanan yerdə, yolun kənarında yaşayır. 1993-cü ildən burada məskunlaşıblar. Özlərinə palçıq və saman qarışımından kiçik daxmalar tikiblər. Burada azı 10-15 ailə məskunlaşıb.

1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün saldı.


BMT-nin Miqrasiya Agentliyi

nin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın düşüb.

Marusiya aliyeva.jpeg
Marusiya Alıyeva

Köçkün düşmüş əhali sığınacaq kimi istifadə edə biləcəkləri hər yerdə məskunlaşıb. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, yol kənarları, hətta ilk vaxtlarda çadırlarda qalanlar da var idi. Bu sığınacaqlar müvəqqəti sayılırdı, ancaq insanlar 25 ildən artıqdır ki, bu yerlərdə yaşayırlar. Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib.


“Televiziyalarda danışılan inkişaf bizə gəlib çıxmır”

“Düzdür, müharibə olub, ancaq bu, bizim günahımız deyildi. İndi ki sakitlikdir. Milləti yeni evlərlə təmin etdilər. Bəs bizə sıra nə zaman çatacaq? Füzulidəki ev-eşiyimiz, hər şeyimiz əlimizdən çıxdı. İllərdir bu şəraitsiz yerdə yaşamağa məhkum olmuşuq. Ancaq televiziyalarda hər gün çiçəklənən ölkəmizdən danışılır. Hanı o inkişaf ki, bizə gəlib çıxmır? Nolar, bizə də bir gün ağlasınlar. Daha nə qədər dözməliyik?” – Marusya Alıyeva əlavə edir.


“Yağış yağanda palçıq-palçığa qarışır”

Sakinlərdən Kifayət Əliyeva artıq palçığın içində yaşamaqdan bezib. Deyir, az qalır canını qurtarmaq üçün intihar etsin:

Kifayət Əliyeva.jpeg
Kifayət Əliyeva

“Evlərimiz də palçıqdan tikilib, döşəməsi də palçıqdır. Yağış yağanda düşünün də bizim vəziyyətimizi. Palçıq-palçığa qarışır. Pul da yox ki, daş tökək, nə bilim təmir edək. Dinəndə deyirlər, yardım veririk də. Aldığımız da ayda adambaşına verilən 22 manatdır. Elə adam var, onu da kəsiblər. Onunla özümüzə nə şərait quraq? Adı üstündə, çörəkpuludur. Başqa nəyəsə çatmır”.


“Nə qədər təmiz, səliqəli saxlasaq da, olmur, bərbad gündədir”

Yaşadığı evə gəlincə, Kifayət Əliyeva deyir ki, 1993-cü ildə adını bilmədiyi bir xarici təşkilat bu evləri onlara müvəqqəti sığınacaq kimi tikib. O müvəqqəti yaşamaqdır ki, 26 ildir buradadırlar:

image00021.jpeg
ev

“Müvəqqəti yaşayış 26 ilə keçib. Hələ də davam edir. Böyrəklərimiz xəstə düşüb, revmatizmamız var. Otaqlara baxın də, tavanı alçaq, yeri rütubət, divarlar üstümüzə tökülür. Hər şey var burada. Qurd, quş, böcək çıxır daimi. İç-içə 2 otaqdır, qızdırmaq mümkün deyil. Nə qədər təmiz, səliqəli saxlasaq da, olmur, bərbad gündədir. Uşaqlar gecə olanda çığırırlar ki, ayaqlarımızı isti suya qoyun, dözə bilmirik. Nə olar, o tikilən evlərdən bizə də versələr? Bizi düşünmürlər, barı körpə uşaqlarımıza yazıqları gəlsin”.


“Deyəsən ömrümüzü elə bu çöllükdə başa vuracağıq”

Şəhanə Mehdiyevanın uşaqları yel xəstəliyindən əziyyət çəkir. Deyir, hamısının səbəbi yaşadıqları evdir, bu ərazidir:

image00009.jpeg
Şəhanə Mehdiyeva

“Hər yer rütubətdir. Gecə olan kimi uşaqlar ayaqların tutub qalırlar. Ağrıdan, sızıltıdan yata bilmirlər. Hamısı revmatizmadan əziyyət çəkir. Torpağın üstündə yaşayanda necə olmalıdır ki? Əslində buralara ev demək olmaz. Məmurların toyuq hini bizim evlərimizdən şəraitlidir, genişdir, səliqəlidir. Dəfələrlə köçürüləcəksiniz, deyiblər, hələ bir səs-soraq yoxdur. Artıq ümid də qalmayıb, deyəsən ömrümüzü elə bu çöllükdə başa vuracağıq”.


“Gəncliyim çürüyür, övladımın uşaqlığı burada keçir”

Kamilə Ovçuyeva yaşadığı yeri evdən çox tövləyə bənzədir. Deyir, bəxti onda gətirməyib ki, uşaqlığı Qarabağ müharibəsi dövrünə düşüb. Nəticədə, uşaqlığını köçməklə, qaçmaqla, şəraitsiz yerlərdə məskunlaşmaqla, çox pis keçirib:

Kamilə Ovçuyeva.jpeg
Kamilə Ovçuyeva

“Əlavə nə deyə bilərəm ki? Baxın, sözün həqiqi mənasında pəyədə yaşayırıq. Uşaqlığım burada keçdi. İndi də gəncliyim çürüyür, övladımın uşaqlığı burada keçir. Üzünə baxmağa utanıram. İndi başa düşürəm ki, valideynlərimiz illərdir nə çəkirlər. Bizə ev versinlər, nə olar. Çıxaq gedək buradan. Baxın, basabas, soyuq, rütubət, tör-töküntü, palçığın içi, bir sözlə, vallah, bu yaşayış deyil. Biz yaşayırıq deyə, öyünməyək. Bu sürünməkdir”.


“Dünyaya bir dəfə gəldik, onu da sürünürük”

Vahid Quliyev də 1993-cü ildən burada məskunlaşıb. Deyir, indiyə qədər dövlətdən onlara bir kömək göstərən olmayıb:

Vahid Quliyev.jpeg
Vahid Quliyev

“Gəlib maraqlanan yoxdur. Elə ordan-burdan eşidirik ki, bizi köçürəcəklər. Hanı, köçürmürlər axı. Daha 26 ilimiz burada keçib. Bir tələssinlər də, anlasınlar ki, bizim ömrümüzdür gedən. Onu saxlaya bilmirik. Bir gün görmədik, dünyaya bir dəfə gəldik, onu da sürüngən kimi yaşadıq, bitdi. Nolar, prezidentimiz bizə ev versin. Bezmişik, inanın”.


“Ayaqqabılardan palçıq yumaqdan birtəhər olmuşuq”

Ülkər Əzimova bura gəlin köçüb. Deyir, körpə uşaqla burada yaşamaq zülmdür. Hər yer palçıq, hamam yox, ayaqyolu şəraitsiz. Ev isə palçıq, təmirsiz, uçub-tökülür:

Ülkər Əzimova.jpeg
Ülkər Əzimova

“Görən bizə niyə ev verilmir? Vallah, qalmışıq palçığın içində. Mən bir neçə ilə artıq dilə gəlmişəm. Buradakılar 26 ildir zülmdədirlər. Körpə uşaqla buz kimi evdə yaşayırıq. Palçıqda yeriyə də bilmirik. Ayaqqabılardan palçıq yumaqdan birtəhər olmuşuq. Yaxında heç məktəb də yoxdur. Bu gün-sabah uşaq məktəbə gedəndə gərək maşın tutaq. Onu da nə ilə edəcəyik, bilmirəm”.


“Nə olar, bu dəfə də bizə tərəf baxsınlar”

Flora Zeynalova Füzulinin Aşağı Seyidəhmədli kəndindən köçkün düşüb. Deyir, orada ev-eşiyini, gözəl şəraitini qoyub gəlib. 26 ildir burada yaşamağa məhkum olub:

ds.jpg
ev

“İlan, qurbağa, cücünün içində yaşayırıq. Biz belə şərait görməmişdik. İndi nə edək ki, imkansız olduq. Hər şeyimiz əlimizdən çıxdı. Dövlətin ayda verdiyi 22 manatlıq çörəkpulu ilə dolanan adamıq. Yayda alağa, pambığa da gedirik. Bu yaşadığımız ərazidə torpaq da yoxdur ki, əkək-becərək, mal-heyvan saxlayaq. Ona görə də bizim bu gün özümüzə ev tikəcək pulumuz yoxdur. Dövlər məcburi köçkünləri evlə təmin edir. Nə olar, bu dəfə də bizə tərəf baxsınlar”.


“Zamanla hamı evlə təmin ediləcək”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən köçkünlərə ev tikilməsi, onların siyahıya alınması, yerləşdirilməsi məsələlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin baxdığını bildiriblər.

image00022.jpeg
həyət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, evlə təmin edilməyən bütün məcburi köçkünlər siyahıya alınıb. Ev növbəsində olanlara uyğun yeni mənzillər tikilən kimi hamısı köçürüləcəklər:

“Bu proseslər mərhələli şəkildə həyata keçirilir. Bütün siyahıdakıları bir gündə köçürmək alınan iş deyil. Zamanla hamı evlə təmin ediləcək”.

ssss.jpg
həyət
Ana səhifəBölgə”Məmurların toyuq hini bizim evlərimizdən şəraitlidir”