Fazil Mustafa “Məmurların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunması təklif edir
Deputat Fazil Mustafa “Məmurların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.
Oktyabrın 1-də Milli Məclisin iclasında çıxış edən deputat deyib ki, Azərbaycanda yüksək vəzifəli məmur dəyişən kimi, strukturda olan işçiləri də vəzifədən azad edir:
“Azərbaycanda tez-tez kadr dəyişiklikləri olur. Son zamanlar ölkə prezidenti tərəfindən gənc kadrların vəzifəyə təyin olunması ənənəsi qoyulub. Tez-tez mətbuatda nazirliklərin mətbuat xidmətinin məlumatı ilə tanış olan zaman görülür ki, 5 nəfər işdən çıxarıldı, filankəs filan vəzifəyə təyin olundu və s. Biz bu kimi hallara görə, məmurların hüquqlarını müdafiə edən qanun hazırlamalıyıq. Məmurların əksəriyyəti qanunlarla işləmək istəyən dürüst insanlardır. Ancaq rəhbər vəzifəyə təyin olunan bir şəxs həmin yerdə dəyişiklik edir. Həmin məmurları işdən çıxarır. Bu isə yolverilməzdir axı. Çünki bir peşəkar məmurun hazırlanmasına 10-15 il vaxt sərf olunur. Bəlkə cənab prezident rəhbər təyin etdiyi şəxslər qarşısında belə bir tapşırıq qoysun ki, 6 ay ərzində heç kimə toxunmasınlar. Hesab edirəm ki, məmurun qorunması mexanizmi vacibdir” – deyə deputat bildirib.