Natiq Cəfərli: ''Qiymətlər artmaqda davam edəcək''
“Son verilən qərarlar hələ tətbiq edilməyib. Camaat hələ artan maaşları, müavinətləri almayıb, amma qiymətlərin yüksəlməsi artıq başlayıb”.
Bunu iqtisadçı Natiq Cəfərli deyib. O, qiymət artımının bir çox səbəblərinin olduğunu söyləyib:
“Əvvəla maaş və müavinətlərin artması psixoloji təsirlər yaradıb, gözləntilər fonunda qiymətlərdə artım baş verir. Bundan əlavə, ənənəvi inhisarçılıq qiymətlərin artımına səbəb olub. Hökumət rəsmiləri həmişə bizə cavab verərkən deyirlər ki, ölkədə inhisarçılıq yoxdur, sanki inhisarçılar giriş qapılarına, “burada monopolistlər var” – deyə, yazı yazmalıdırlar. Deputatlar, məmurlar arqument kimi deyirlər ki, ölkədə onminlərlə ticarət nöqtəsi var, bu da inhisarçılığın olmadığını göstərir”.
İqtisadçı deyir ki, bu, içiboş və mənasız söhbətdir. Onun sözlərinə görə, həmin onminlərlə ticarət obyektlətinə mal paylayan, xaricdən mal gətirən, burda qablaşdıran cəmi bir neçə, çox zaman da müxtəlif adlarla, amma eyni dairəyə məxsus şirkətlər var:
“Söhbət pərakəndə satışdan getmir. Ölkəyə mal gətirən və xaricdən xammal alıb burda yerli istehsal adı ilə qablaşdıran inhisarçılardan gedir. Qiymət artımına daha bir səbəb də vergi və gömrük sahəsinin şəffaflaşmasıdır. Vergiyə, gömrüyə ödənilən pul sonda qiymətin üzərinə gəlir, rüsum və vergi artımının son ödəyici də həmişə alıcı-vətəndaşdır”.
Natiq Cəfərli qeyd edib ki, maaş və müavinətlərin artımı əslində yaxşı addımdır. O vurğulayıb ki, bu, hələ azdır, hökumət iki kəskin devalvasiyadan vətəndaşa dəyən ziyanı tam ödəməyib:
“Maaş və müavinətlərin artımı inflyasiyanı sürətləndirməlidirmi? Normal sistem olsa, yox, ciddi basqı yaratmamalıdır. Çünki cəmi 1 milyard manata yaxın əlavə pul kütləsi bazara girəcək, ticarət dövriyyəsi ildə 30 milyard manatdan çox olan məmləkətdə bu ciddi təsir yaratmamalıdır. Amma inhisarçılıq və rəqabətsizlik qiymətləri yuxarı çəkir”.
İqtisadçı deyib ki, hökumət daha ciddi islahatlara getməli, bazarı açmalı, Ümumdünya Ticarər Təşkilatına üzv olmalı, rəqabətli mühit yaratmalıdır ki, maaş və müavinət artımı inflyasiya basqısı yaratmasın:
“Bunu etmək üçun isə məmur biznesinin kökü kəsilməli, iri inhisarçıların arxasında duran məmurlar iqtisadiyyatdan qovulmalıdırlar. Hələ ki, bu addımı atmağa hökumətin siyasi iradəsi görünmür. Deməli qiymətlər artmaqda davam edəcək”.
Son günlərdə marketlərdə ərzaqların qiymətində artım müşahidə olunur ki, bu da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.