“Məmməd İsmayıl Arif Hacıyevin və Pənah Hüseynovun diktəsi ilə işləyirdi”


Xaliq Bahadır: “Elçibəy məndən dönə-dönə üzr istəyib dedi ki, onu çox pis aldadıblar”

Meydan TV-nin sonuncu buraxılışlarında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayından tənqiddi fikirləri ilə yadda qalan şair Məmməd İsmayılın müsahibəsi rezonans doğurmuşdu. Məmməd İsmayıl suallara cavab verərkən tənqid hədəfinə gətirdiyi şəxslərdən biri də vaxtilə AzTV-nin İnformasiya Studiyasının rəhbəri Xaliq Bahadır idi. Xaliq Bahadır redaksiyamıza müraciət edərək haqqında səslənən fikirlərə cavab vermək istədiyini bildirdi. Bu məqsədlə onunla söhbətimizdə təkcə Məmməd İsmayılın tənqidi fikirlərinə cavab yox, həmin illərdə AzTV-də baş verən olaylara da toxunmalı olduq.


Xaliq b


əy, şair, Az.TV-nin sabiq sədri Məmməd İsmayıl Meydan TV-yə müsahibəsində sizin müavinlik uğrunda mübarizə apardığınızı dedi. Siz isə təkzib edirsiniz. Nədən ibarətdir Məmməd İsmayılın fikrindəki qeyri-dəqiqlik?

–         Şair olasan, 75 yaşın ola və belə utanmazcasına yalan danışasan?! Mən Milli Azadlıq Hərəkatını yaradanlardan olmuşam, hərəkata qoşulanlardan yox. Teleradio Verilişləri Komitəsində də AXC-nin özəyini mən təsis etmişəm, çox çətinliklə, çünki komitə ideoloji mərkəz olub. 3 min 500 nəfərlik kollektivdə böyük avtoritetimin hesabına bu addımı ata bilmişəm. Beləliklə, AXC-nin hakimiyyətə gəlmək prinsiplərinə görə mən teleşirkətin sədri olmalıydım.



Niyə məhz siz?

–         Çünki AXC-nin özəyini mən yaratmışdım və dünyada hakimiyyətə gəlməyin prinsipləri var. Hansısa partiya, yaxud hərəkat hakimiyyətə gəlirsə, vəzifələrə öz üzvlərini yerləşdirir. Heydər Əliyev AXC-ni onunla “vururdu” ki, onlar hər bir vəzifəyə cəbhəçiləri təyin edirdilər. Halbuki, AXC-nin ən böyük səhvi bütün vəzifələrə öz adamlarını qoymaması idi.



Bəs kollektiv sizin sədr olmanızı istəyirdimi?

–         Elşad Quliyev 20 yanvar faciəsinə görə məni işdən azad etmişdi. Ona qədər də bizim Qarabağ münaqişəsinə yanaşmamızda konfliktimiz vardı, sadəcə, o, vəziyyətdən yararlandı. İşdən azad olunandan sonra “Azadlıq” qəzetinə getdim. AXC hakimiyyətə gələndə televiziya kollektivi dönə-dönə məni sədr olmağa çağırırdılar. Bu söhbətlər mayın 15-dən sonraya təsadüf edir, o zaman mən onlara yazıçı Əkrəm Əylislinin sədrliyə namizədliyini, özümün isə müavin olmağımı təklif etdim. Çünki Əkrəm müəllimi “Azərbaycan” jurnalından tanıyırdım, mənim yazılarımı da, o, çap etmişdi.



O, televiziya işini bilirdimi?

–         Əsas o idi ki mən bilirdim və bu, kollektivlə olan bir şey idi. Mən kollektivi yaradacaqdım, əsas o idi ki, şirkətdə çox yaxşı rejissor və jurnalist dostlarım vardı. Bütün bunlardan sonra Əbülfəz Elçibəylə görüşüb təklifimizi desəm də, o razılaşmadı. Cavab verdi ki, hələlik Məmməd İsmayıl işləyəcək.



Bəs Məmməd İsmayılın namizədliyini kim irəli sürmüşdü?

–         Sonradan bəlli oldu ki, Məmməd İsmayılı televiziyaya Ali Sovetin sədri Yaqub Məmmədov təyin edib. Dostlarım müavin olmağımı istəsələr də, qərar belə oldu ki, İnformasiya Studiyasının direktoru olum. Bundan sonra Məmməd İsmayıl məni kabinetinə çağırıb balalarının canına and içərək dedi ki, o, müavin olmağım üçün çox çalışıb. Amma Elçibəy məni yox, Səfər Alışarlını istəyib. Elçibəy ona deyib ki, Səfər Alışarlı onun kadrı olduğu üçün birinci müavin olacaq. Ona görə də Məmməd İsmayılın Meydan TV-yə Səfər Alışarlı barədə söylədikləri yalandır. Mən “avtoritet” sözünü elə-belə demədim, mənim televiziyada güclü komandam olduğundan Məmməd İsmayıl bunları düşünürdü. Bilirdi ki, mənsiz sədr işləməyi çətin olacaq. Mən İnformasiya Studiyasının direktoru kimi şirkətin tarixində olmayan şeyləri etdim. Birinci, rüşvətin qarşısını aldım, mənə qədər televiziyada ən çox rüşvət olan yer həmin studiyaydı. Ümumiyyətlə, bütün telekanallarda ən çox rüşvətə bulaşan yer informasiya studiyasıdır. İkinci, televiziyada birdən-birə kollektivi dəyişmək mümkünsüzdür, çünki işi öyrənmək gərəkdir. Tədricən neçə gənci jurnalistika fakültəsindən stidiyaya işə götürdüm, istəyirdim onları özüm yetişdirim. Üçüncü, bütün türk televiziyalarının tarixində ilkin olaraq türk informasiya dili yaratdım. Bu, çox çətin oldu, bir neçə il də AXC hakimiyyətdə qalsaydı, proses genişlənəcəkdi. Hazırda Türkiyə televizyalarına baxın, dilləri çox pis gündədir. Orta Asiya televiziyaları isə kommunist üsul-idarəsilə işlədiyindən onlar barədə danışmağa dəyməz. Dördüncü, ən əsası proqramlarda yaltaqlığı, düşük təbliğatı yığışdırdım, asan başa gəlmədi, hər tərəfdən hücuma məruz qalırdım.



Kimlər tərəfindən?

–         Bu gün də məni qınayırlar ki, təbliğat işini düzgün qurmadın, ona görə AXC hakimiyyəti 1 il çəkdi.



Doğrudan da, bu ittihamlar baxımından məsuliyyətiniz varmı?

–         Bəli, çünki bu işin başında mən dayanırdım. Mənim məsuliyyətim doğru yol tutmağımdaydı. Dünya informasiya prinsiplərinə uyğun olaraq iş qurmağa çalışmışam. İstəmişəm ki, televiziya xalqa yaltaqlıq, əksiklik yox, şəxsiyyət olmağı, yüksəklik aşılasın.



Məmməd İsmayıl da bu məsələyə toxunub. Bəlkə cəmiyyət həmin  prinsiplərə hazır deyildi?

–         Bu barədə çoxları danışıb. Azərbaycan cəmiyyəti heç vaxt ona hazır olmayacaq. Siyasətçilərlə birgə jurnalistlərin borcu cəmiyyəti həmin mərhələyə hazırlamaq və yetişdirməkdir. Çünki toplumla birbaşa onlar işləyirlər. Bu mənada mənim qoyduğum sistem düzgün idi.



Kollektivdə avtoritetinizin olduğunu deyirsiniz, bəs hansı vəziyyət televiziyadan uzaqlaşmanıza səbəb oldu?

–         Elçibəyin seçki platformasında yazılmışdı: Hakimiyyətə gələndən sonra DTK-nin arxivlərini açacam və Milli Məclisi buraxıb yeni seçkilər keçirəcəm. Çünki Milli Məclis 90-cı ildə formalaşdığından əksər üzvlər DTK agenti idi. Amma Elçibəy prezident seçiləndən sonra bunların heç birini etmədi. Mən sona qədər bu məsələləri gündəmdə saxladım, həm vətəndaş, həm də studiya rəhbəri kimi. 1992-ci ilin dekabrın 30-da güc strukturlarının başçıları televiziyada birbaşa efirə çıxdılar. Onlar mənimlə efirə çıxmaq istəyirdilər, Məmməd İsmayıl isə Səfər Alışarlının, yaxud başqasının aparıcı olmasında israrlıydı. Amma daxili işlər naziri İsgəndər Həmidovun mənim qolumdan yapışıb “biz onun efirə çıxmasını istəyirik, əks təqdirdə gedirik” – deməsi hər şeyi dəyişdi. Beləliklə, efirə çıxdıq və birbaşa dedim ki, nə qədər DTK-nin arxivləri açılmayıb, Milli Məclis buraxılmayıb, AXC hakimiyyətini yıxacaqlar. Ümumiyyətlə, Məmməd İsmayıl və Səfər Alışarlı ilə işləyə bilməyəcəyimi hiss edirdim, çünki fərqli prinsiplərin adamlarıydıq. Ona görə oktyabrda işdən getmək haqqında sədrə raport yazdım. Bəlkə AXC hakimiyyətində o zamana qədər öz istəyiylə vəzifədən gedən olmamışdı. Bax, Meydan TV-yə həmin sözləri deyən Məmməd İsmayıl onda yalvardı ki, getmə, sən burdan getsən “qurdlar” məni yeyəcəklər. Yalandırsa, gəlsin üzünə deyim.



Söhbət hansı “qurdlar”dan gedir?

–         AzTV “qurdlar”la doluydu.



Deməli, sizin də onları “təmizləmək” gücünüz çatmayıb?

–         Mən necə təmizləyə bilərdim ki, cəmi bir strukturun başında dayanırdım və rəhbərlik etdiyim studiyada bu işi tədricən həyata keçirirdim. Mən elə adamları işdən azad etmişdim ki, onlar Respublika Prokurorluğunu üstümə saldılar. Bəlkə də baş prokuror İxtiyar Şirinin bu məsələlərdən xəbəri yox idi. Məsələ xalq yazıçısı, millət vəkili İsmayıl Şıxlıya qədər gedib çıxmışdı və mənim də arxamda dayanan yox idi.



Bəs Azərbaycan radiosunun rəhbərliyinə gətirilmənizlə bağlı təklif necə ortaya çıxdı?

–         Yanılmıramsa, həmin hadisədən bir qədər əvvəl sədr Məmməd İsmayıl məni kabinetinə çağırıb radioya müavin vəzifəsini təklif etdi. Əslində, bu, mənim üçün normal təklif idi, çünki orda xeyli müstəqillik var. Sadəcə, İnformasiya Studiyasında başladığım işi başa çatdırmadığım üçün təklifi qəbul etmədim. Bir detalı deyim, o zaman İTV-nin sabiq sədri olan İsmayıl Ömərovun qeyri-rəsmi rəhbərlik etdiyi “rüşvət komandası” televiziyada güclü təsir imkanına malik idi. Onlar yanvarın 6-da Məmməd İsmayılın kabinetində iclas çağırdılar, əslində, onları sədr özü mənə qarşı qaldırmışdı. Kabinetə daxil olanda özümə qarşı məhkəmə qurulduğunu hiss etdim, başladılar əleyhimə çıxışlar etməyə, sonda sual verdim; suçum nədir, bəlkə sizdən rüşvət almışam? Cavab verdilər ki, yox, elə şey olmayıb. Bu, heç mümkün də deyildi, çünki onların rüşvətə bulaşan əl-qollarını bağlamışdım. Sonradan öyrəndim, iclası çağıranların Milli Məclisdə adamları var, bu, Mədəniyyət Komissiyasının sədri Rauf İsmayılov idi ki, o da DTK-ya bağlıydı. Həmin iclasın ardınca Milli Məclis haqqımda 3 qərar verdi, halbuki, mənim görəvim qanunverici orqanlıq deyildi. Əslində, həmin iclasla da mənə qarşı kampaniyaya start verilmişdi. Amma Məmməd İsmayıl birbaşa işdən azad edə bilmirdi. Ona görə əməliyyat quruldu, yanılmırsa, martın 6-da bu gün özünü demokrat elan edən Pənah Hüseynov Respublika Prokurorluğunda saat 16-da iclas keçirirdi. Təsəvvür edin ki, Pənah Hüseynov mənim kabinetimdən hökumət telefonunu da götürmüşdü, halbuki, mənə qədər telefon yerindəydi və mütləq hökumət telefonu olmalıdır ki, sənin İnformasiya Studiyasının direktoru kimi birbaşa prezident və baş nazirə çıxışın olsun. Telefonun götürülməsində məqsəd hökumətlə əlaqələrimi üzmək idi. Qayıdaq yanvarın 6-na, deməli, sırası ilə çəkiliş gedir, bir montaj stolumuz vardısa, texniki imkanlarımızın necə bərbad olduğunu təsəvvür edin də. “Xəbərlər” proqramının başlamasına 25 dəqiqə qalmış Məmməd İsmayıl mənə zəng edib dedi ki, Pənah Hüseynov onun çıxışının birinci getməsini tələb edib. Ümumiyyətlə, Məmməd İsmayıl Arif Hacıyevin və Pənah Hüseynovun diktəsi ilə işləyirdi. Ona bildirdim ki, bu, mümkün deyil.  Çünki çəkilişlər sıra ilə yığıldığından bu mümkünsüzdür, proqramın da efirə çıxmağına az qalıb. Mübahisəmiz yarananda dedi ki, sən qəsdən Pənah Hüseynovun çıxışının efirə birinci getməsini istəmirsən. Cavab verdim ki, mənim Pənah Hüseynovla düşmənçiliyim yoxdur, sadəcə, texniki baxımdan bu mümkünsüzdür. Beləliklə, sədr özü  studiyaya gəlib 20 dəqiqəlik “Xəbərlər” proqramını tərsinə fırlatdı, məqsəd də Pənah Hüseynovun çıxışının birinci efirə vermək idi. Bunun nəticəsində “Xəbərlər” 7 dəqiqə efirə gecikdi. Bu, Məmməd İsmayılın cinayəti idi. Sonra Türkiyədə türk xalqlarının qurultayı zamanı bir qrup adamın biabırçı hərəkətini efirdə işıqlandırmağım mənə qarşı kampaniyanı gücləndirdi. Həmin adamlar Elçibəyə yaxın olduğundan mənimlə konfliktləri vardı. Səbəb də o idi ki, onlar gəlib televiziyadan birbaşa efir istəyirdilər. Məmməd İsmayıl və Səfər Alışarlı da onları mənim üstümə göndərirdi, mən isə qapıdan qovurdum.



Kimlər idi onlar?

–         Ülvi Həkimov, Cahandar Bayoğlu, Tofiq Seyidov, Natiq bəy vardı, indi xaricdədir. Bu gün adlarını çəkdiklərimin hansı siyasi proseslərdədir?  Heç biri. Amma həmin vaxt hər gün efir vaxtı istəyirdilər, mən də onlara “televiziya atamın karvansarayı deyil”- deyib qovurdum. Bax, həmin adamlar Türkiyədə prezident Turqut Özalın, baş nazir Dəmirəlin, MHP lideri Türkeşin və yüksək səviyyəli qonaqların iştirakçı olduğu qurultay zamanı nümayişkarənə şəkildə silahlar paylamaqla biabırçı hərəkət etmişdilər. Axı siz kimsiniz ki, silah paylayırsınız? Qarabağı itirmişik, hələ bir silah da paylayırıq? Mən həmin kadrları efirə vermişdim və bu, böyük narazılıq doğurmuşdu. Bütün bunlardan sonra aprelin 14-də Məmməd İsmayıl məni müavinim Akif Cabbarlı ilə birgə çağırıb dedi ki, dövlətə xəyanat etdiyin üçün işdən azad olunursan. Sual etdim ki, hansı xəyanət, rüşvət almışam? Dedi ki, yox, Pənah Hüseynovun aprelin 3-də Soçidə Rusiya müdafiə naziri Qraçovla gizli görüşünü efirə vermisən, ona görə. Halbuki, “Vesti” proqramı görüşü bizdən əvvəl yaymışdı, o zaman necə gizli görüş ola bilər? Deməli, ruslar Azərbaycanın baş naziri Pənah Hüseynovu aldadıblar, Soçidə görüşünü təşkil edirlər, sonra da bütün dünyaya yayırlar. Nəhayət, şair Məmməd İsmayıl məni xəyanət ittihamı ilə işdən azad etdi.



Bütün bunlardan sonra prezident Elçibəylə görüşüb, baş verənləri ona danışmağa cəhd etdinizmi?

–         Bilirsiniz, əslində mən televiziyanın sədri olmaq istəyirdim, amma bu barədə qərarı prezident olan dostum Elçibəyin verməsini arzulayırdım. Axı o, məni hərəkatdan əvvəl tanıyırdı və biz yaxın dost olmuşduq. Əgər o, istəmədisə, mən də xüsusi cəhd göstərmədim. İşdən çıxarılanda kollektiv etiraz etdi, bunun birinci səbəbi rüşvətin qarşısını almağım idi, ikinci, kollektivə dövlət tərəfindən xüsusi yardımlar təşkil edirdim. Amma kollektivin də müdafiəsini görəndə, onlara qarşı hücumlar başlandı, gördüm vəziyyət pisdir, üz tutdum “Azadlıq” qəzetinə, Qənimət Zahidin otağındakı hökumət telefonundan prezidentə zəng etməyə. Qənimət Zahid prezidentin köməkçisi Oqtay Qasımova zəng etdi, bir ay o, müxtəlif bəhanələrlə prezidentlə görüşə imkan yaratmadı. O dövr çətin idi, Kəlbəcər işğal olunmuşdu, qarşıdan da may-iyun ayları gəlirdi. Aradan illər ötdü, 1998-ci ilin oktyabrın 25-də Elçibəylə davalı görüşümüz oldu. Həmin ikilikdə olan görüşdə çox məsələlərin üstü açıldı, bəzi qaranlıq məqamlara isə bu gün Məmməd İsmayılın Meydan TV-yə müsahibəsi işıq salır. Həmin görüşdə də Məmməd İsmayılla Səfər Alışarlının məni Elçibəyə satdıqları açıldı. Bəy dedi ki, sən mənə düşmənçilik etmişdin, çevriliş hazırlayırdın. Şoka düşdüm. Sual etdim ki, nə çevriliş? Cavab verdi ki, bilərsən. Uzun söhbət zamanı bir sıra faktları çatdıranda Elçibəy məndən dönə-dönə üzr istəyib dedi ki, onu çox pis aldadıblar. Aldadan da Məmməd İsmayılla Səfər Alışarlı imiş. İndi baxın, görün, onlar hardadır, mən hardayam?! Onu ikinci aldadan köçəkçisi Oqtay Qasımov olmuşdu. Amma Elçibəy onu da bildirdi ki, sənin də günahın var, biz axı hərəkatdan əvvəl dost olmuşuq, ən azı bu məsələləri mənə çatdırsaydın, heç 4 iyun dövlət çevrişi də olmazdı. Dedim ki, bəy, sizinlə görüşmək istədim, amma istəmədiniz. Ardınca Oqtay Qasımovun zəngimizə verdiyi cavabları ona danışdım. Bəy sarsıldı, dedi ki, inanmır. O zaman “Bəy, Oqtay Qasımov qapıdadır, çağırın soruşun” – deyib ayağa qalxıb çağırmaq istəyəndə, söylədi ki, xahiş edirəm, çağırma. Səbəbini soruşduqda, “utanıram, ayıbdır” deyə cavab verdi…

Ana səhifəVideo“Məmməd İsmayıl Arif Hacıyevin və Pənah Hüseynovun diktəsi ilə işləyirdi”