Oktyabrın 8-də Bakı Apellyasıya Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin apellyasiya şikayətinə baxılıb və əvvəlki qərar qüvvədə saxlanılıb.
Oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Məmməd İbrahim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Məmməd İbrahimin vəkili Yalçın İmanov qərardan apellyasiya şikayəti vermişdi.
Yalçın İmanov məhkəmə qərarını qanunsuz və əsassız hesab edib.
“Mən ümid edirdim ki, açıq-aşkar qanunsuz qərar ləğv olunacaq. Məmməd İbrahim barəsində seçilmiş həbs qəti imkan tədbiri dəyişdiriləcək.Ancaq təəssüf ki elə olmadı. Deyiləcək söz yoxdur. Hər şey o qədər aydındır ki”.
Vəkil Yalçın İmanov bildirib ki, gələn həftə ev dustaqlığı ilə bağlı vəsatət verəcək.
“İşin hüquqi fabulası da ortada xuliqanlığın olmadığını deməyə mənə tam əsas verir. Məmməd İbrahim həbsinin səbəblərini də siyasi fəaliyyəti ilə əlaqələndirir”.
Sentyabrın 30-da haqqında Cinayət Məcəlləsinin 221.1. (xuliqanlıq) maddəsi ilə cinayət işi açılan AXCP sədrinin müşaviri Məmməd İbrahim partiyadan uzaqlaşdırılan Razi Nurullayevin qrupunda olan Mikayıl Quliyevin şikayəti əsasında saxlanılmışdı.