Bütün vəsatətlər təmin edilməyib və şikayətə mahiyyəti üzrə baxılması mayın 13-nə təyin edilib
Aprelin 20-da Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq ittihamı ilə üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin şikayətinə baxılmasına başlanılıb.
Vəkil Fariz Namazlı prosesdə üç vəsatət irəli sürüb: qətimkan tədbirinin seçilməsi, təkrar məhkəmə istintaqı həyata keçirilməsi ilə apellyasiya şikayətinə baxılması və İbrahimə prosesdə vəkillərinin yanında oturmağa icazə verilməsi.
Bütün vəsatətlər təmin edilməyib və şikayətə mahiyyəti üzrə baxılması mayın 13-nə təyin edilib.
Fariz Namazlının “Turan” İA-a verdiyi məlumata görə, o, öz həmkarı və müvəkkili ilə birlikdə apellyasiya məhkəməsinin hazırlıq iclasından kassasiya şikayəti verilib-verilməyəcəyini müzakirə edəcək.
M.İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq ittihamı (221.1-ci maddə) ilə həbs edilib (Şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib). Sonradan bu maddə 221.2.2-ci maddə üzrə daha ağır ittihama tövsif edilib, bu maddə üzrə İbrahimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Birinci instansiya məhkəməsində proses zamanı ittiham tərəfin bütün şahidləri İbrahimin təqsirsizliyini və onun istintaqın zərərçəkmiş kimi tanıdığı şəxslərə qarşı güc tətbiq etmədiyini təsdiq ediblər. İbrahim özü də ittihamları təkzib edib, müxalif siyasi fəaliyyətinə görə təqib edildiyini bildirib. Bununla belə, Nərimanov rayon məhkəməsi martın 15-də İbrahimi təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Hüquq müdafiə təşkilatları İbrahimi siyasi məhbus kimi tanıyıblar.