Tikinti şirkətinin rəhbəri Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilmişdi
Xətai rayon Məhkəməsində Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov martın 28-də saxlanılmışdı.
Ondan bir gün əvvəl, martın 27-də sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər evlərində ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılmışdı. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılmışdı.
Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılmışdı.
Elə həmin gün faktla bağlı cinayət işi açıldı, şirkətin iş icraçısı və ekskavator sürücüsünün saxlanılması barədə məlumat yayıldı. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.