Məleykə Abbaszadə: İmtahanlar ödənişli olsun

DİM sədri bununla bağlı Tarif Şurasına müraciət etdi

Source:
Məleykə Abbaszadə foto APA
Məleykə Abbaszadə foto APA


DİM sədri bununla bağlı Tarif Şurasına müraciət etdi

“Azərbaycanda buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir”, – Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözləridir.

Trend yazır ki, Məleykə Abbaszadə bunları “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.

M.Abbaszadə əlavə edib ki, bu barədə qərar verildikdən sonra imtahanların maliyyələşdirilməsinin hansı formada olacağı ilə bağlı müzakirələr aparılacaq.

M.Abbaszadənin sözlərinə görə, imtahanların hansı formada keçirilməsi isə bağlı işçi qrupu səviyyəsində müzakirələr daim aparılır:

“DİM-in, Tarif Şurasının mütəxəssisləri, iqtisadçılarla birgə müzakirələr aparılır. Amma bunu hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabineti qərar verilməlidir. Prezident İlham Əliyevin apreldə verdiyi fərmanla Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmanda nəzərdə tutulan məsələlərə uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Uyğunlaşdırma aparıldıqda artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Bununla əlaqədar hələ qərarı gözləyirik. Sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik”.

Azərbaycanda cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin (DİM) Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və gələn ildən DİM-ə müvafiq fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

M.Abbaszadə bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında bildirmişdi ki, bununla əlaqədar yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. DİM publik hüquqi şəxs olduğundan dövlət digər növ imtahanları maliyyələşdirməyəcək.

Bir necə gün əvvəl təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na əsasən, buraxılış imtahanları dövlət büdcəsi hesabına keçiriləcək.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə: İmtahanlar ödənişli olsun