Məleykə Abbaszadə: 48 nəfər qayda pozduğuna görə imtahandan xaric olunub

Amma həmin abituriyentlərin nəticələri ləğv olunmur, çünki onlar müsabiqə şərtlərini onsuz da ödəmirlər

Foto: report.az


''Abituriyentlər müxtəlif qayda pozuntularına yol verməyə sövq edilirlər''

Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif istiqamətlər üzrə keçirdiyi imtahanlarda il ərzində 600 mindən artıq şəxs iştirak edir.

Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.

O təəssüflənib ki, zaman-zaman bəzi abituriyentlər qaydaları pozmağa cəhd göstərirlər və onlara qarşı müvafiq tədbirlər həyata keçirmək məcburiyyətində qalırlar.

M.Abbaszadə bildirib ki, 100 bala qədər nəticə göstərən abituriyentlər arasında köçürmə halları daha çox müşahidə olunur.

“Amma həmin abituriyentlərin nəticələri ləğv olunmur, çünki onlar müsabiqə şərtlərini onsuz da ödəmirlər. Minlərlə abituriyentin nəticələri ləğv edilsə, bu da müəyyən dərəcədə araşdırmaların sayının çoxalmasına gətirib çıxaracaq. Bu il ərzində köçürməyə şərait yaradan 12 faiz nəzarətçi müəllim barədə Rayon Təhsil Şöbələrinə məktub göndərilib. Artıq onlar mərkəzin “qara siyahı”sına düşüb və heç vaxt nəzarətçi qismində imtahanlarda iştirak etməyəcəklər”, – M.Abbaszadə bildirib.

O, əlavə edib ki, 7, 14, 21 və 28 aprel imtahanlarında ümumilikdə 48 nəfər qayda pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. M.Abbaszadənin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində məlum oldub ki, kommersiya məqsədi ilə fəaliyyət göstərən kurslar və orada repetitorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlər müxtəlif qayda pozuntularına yol verməyə sövq edilirlər.

O bildirib ki, müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər.

“Hazırda nəticələri ləğv olunan abituriyentlər, onların valideynləri kömək göstərilməsi və abituriyentlərin səhvlərinin bağışlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət ediblər. Ancaq nəzərə almaq lazımdır ki, imtahan bir müsabiqədir və burada əsas məqsəd düzgün seçim etmək, daha bilikli şəxslərin müəyyən edilməsidir. Bir iştirakçıya güzəşt edilməsi, digər iştirakçıların hüquqlarının pozulması deməkdir. Ona görə də, müsabiqə iştirakçıları, valideynlər daha da diqqətli olmalı, məsələyə ciddi yanaşmalıdırlar. Qeyri-qanuni metodlara əl atmaq, onlardan istifadə etmək yolverilməzdir. Abituriyentlər və onların yaxınları yalnız biznes məqsədi ilə fəaliyyət göstərən kursların, müəyyən şəxslərin vədlərinə aldanmamalı, özlərinin sui-istifadə olunmasına şərait yaratmamalıdırlar”, – DİM Direktorlar Şurasının sədri bildirib.

M.Abbaszadə bildirib ki, 17 mart imtahanların nəticəsi sabah, 31 mart imtahanlarının cavabı mayın 6-da, 7,14,21 və 28 apreldə olan imtahanların cavabları isə yay qəbul imtahanlarına qədər elan olunması nəzərdə tutulur.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə: 48 nəfər qayda pozduğuna görə imtahandan xaric olunub